Məhsulunu "ölümə tərk edənlər": Onları kim inandıracaq?

22-12-2023, 15:54           
Məhsulunu "ölümə tərk edənlər":
“Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsullarının cəmi 10 faizi sığorta olunur. Bu da o deməkdir, ki, 90 faizlik istehsal həcmi sığortalanmır. Bununla belə, Azərbaycanda aqrar sığorta sistemi yeni olmasına baxmayaraq nəticələr hər il müsbətə doğru irəliləyir. Ötən il sığorta yığımlarımız 15 milyon manat olub, bu il bu rəqəmin 20 faiz artması gözlənilir. Artımı hər il müşahidə edəcəyik”.

Bunu Aqrar Sığorta Fondunun (ASF) İdarə Heyətinin sədri Fuad Sadıqov bildirib. Bundan başqa, o bildirib ki, Fondun zərər ödənişi 2021-ci ildə 2 milyon manat, 2022-ci ildə 3 milyon manat təşkil edib, 2023-cü ildə isə 5 milyon manat olacaq.

Bildirilib ki, Azərbaycanın aqrar sektorunda sığorta hadisələrinin 47 %-i güclü külək, fırtına, qasırğa, 21 %-i güclü yağış, sel, daşqın, 11 %-i isə dolu ilə müşahidə edilən təbiət hadisələri nəticəsində baş verir.

F.Sadıqovun sözlərinə görə, bu il sığorta hadisəsi olan 100 istehsalçıdan 75-nə ödəniş edilib:

“Yerdə qalan 15 % istehlakçı özü tələbdən imtina edib. 10 % halda isə Fond sığorta ödənişindən imtina edib. Bunun başlıca səbəbi sığorta təminatı elmində olmayan risklər hesabına zərərlərin yaranmasıdır”.

Ölkədə qeyri-neft sektorunun inkişafı prioritet olsa da, hələ kənd təsərrüfatında ciddi irəliləyiş müşahidə edilmir. Bir sıra sahələrdə istehsal artımı var, ancaq fermerlərin heç də hamısı sığorta sistemindən yararlanmır.

Bu sahədə problem mövcud sığorta sistemi, yoxsa fermerlərin məsələyə müsbət yanaşmamasından irəli gəlir?

İqtisadçı-ekspert Akif Nəsirli “Cebhe.info”-ya bildirib ki, ümumilikdə Aqrar Sığorta Fondu bunda maraqlıdır:

“Kənd təsərrüfatı sahəsində daha çox sənədləşmə problemi var. Vəsaitlərin böyük əksəriyyətinin sənədləri qaydasında deyil. Digər tərəfdən, fermerlərin çoxu bu sığorta anlayışından xəbərsizdirlər. Onların çoxu sığortanı çölə atılmış vəsait hesab edirlər. Ölkədə o sığorta hadisələrini gördükdən sonra fermerlər yavaş-yavaş sığorta prosesinə uyğunlaşacaqlar.

Birincisi, bu sahə ölkəmizdə yenidir, kənd təsərrüfatı sığortalanmırdı və bir neçə ildir ki, sığortalanmağa başlanıb. İkincisi, bu prosesi izah etməli, fermerlər maarifləndirilməlidir. Bu istiqamətdə iş getməlidir. Sığorta şirkəti özü təşəbbüs göstərməli, reklam aparmalı, izah etməlidir ki, vəsaitlərini sığortalayan daha çox fermer olsun”.

O xatırladıb ki, həmin sahədəki ciddi işlərdən sonra kənd təsərrüfatına yararlı olan torpaqların yalnız 25 faizi sığortalanıb:

“Bunun zamana ehtiyacı var. Eyni zamanda, bu istiqamətdə reklam çarxları çəkilməli, fermerlərlə bu istiqamətdə maarifləndirmə işi aparılmalıdır. Elə adamlar var ki, 1-2 hektar torpağı olduğundan sığortanı əhəmiyyətli hesab etmir.

Burada sənədləşmə də xeyli vaxt tələb edir və ona görə də maraqlı olmurlar. Burada əsas məsələ maarifləndirmədir. Aparılmalı olan işlər aparılmır”.

Nigar Abdullayeva
“Cebhe.info”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.