Mənzil bazarında SİLKƏLƏNMƏ... - bahalaşma buraları da "VURDU"...

5-07-2024, 10:28           
Mənzil bazarında SİLKƏLƏNMƏ... - bahalaşma buraları da "VURDU"...
“Mənzil bazarında qiymətlərdə kəskin artım müşahidə olunur”.

Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, ötən il 100 000 manata köhnə tikilidən satılan mənzil indi 109 000 manata, yeni tikilidən 100 000 manatlıq mənzil isə indi 112 000 manata təklif edilir.

Qiymət artımı yeni tikililərdə bir otaqlı, köhnə tikililərdə isə iki-üçotaqlı mənzillərində daha çoxdur. Vüqar Oruc qeyd edib ki, mənzil bazarında qiymətlər artan tendensiya ilə formalaşıb və bu ənənə illərdir davam edir. Qiymətlərin artma səbəbi isə hər dövr üçün müxtəlifdir. Buraya tikinti materiallarının qiyməti, bazara marağın artması və digər amillər təsir edir. V.Orucun sözlərinə görə, ilkin və təkrar satışa çıxarılmış mənzil bazarında müşahidə olunan artım hələ davam edəcək. Buna səbəb isə daşınmaz əmlakın investisiya cazibədarlığının yüksəlməsi faktorudur.

Qeyd edək ki, mənzil bazarında qiymət artımına müxtəlif amillər səbəb olur.

Xatırladaq ki, hazırda yay mövsümü olduğundan vətəndaşlar tətil bölgələrinə, tələbələr öz doğma evlərinə qayıtmağa daha çox üstünlük verirlər ki, bu da hər zaman mənzil bazarına öz təsirini göstərib.

Hazırda mənzil bazarında baş verən bahalaşmaya səbəb nədir?

Daşınmaz əmlak üzrə ekspert Elnur Azadov “Cebhe.info”-ya bildirib ki, əslində artım 2020-ci ilin sonundan tikinti şirkətləri tərəfindən başlanıb:

“Ona görə ki, işğaldan azad olunmuş ərazilərdə kütləvi inşaat işi başlandı və həmin ərəfədə ən çox bahalaşan armatur materialı oldu. Məsələn, 2017-2019-ci ildə bir ton armaturun qiyməti 780 manat idisə, həmin ərəfədə 2200-2300 manata kimi qalxdı. Armaturun qiymətinin kəskin artması inşaat sektoruna təsir etdi və mərhələ-mərhələ tikinti şirkətləri də qiymətləri artırmağa başladılar. Daha sonra da Rusiya ilə Ukrayna arasında müharibə zamanı ölkəyə bəzi vətəndaşların axını oldu. Düşünürdük ki, onlar da vəsaitlə gələcəklər və əmlak alacaqlar. Tikinti şirkətləri ondan da sui-istifadə etdi və ikinci mərhələdə qiymətləri qaldırdılar. Daha bir əsas təsir tikinti şirkətlərinə verilən icazələrdə sərtləşmə oldu. Yəni həmin 3 faktor nəticəsində bu ərəfədə tikinti həcmi də azaldı. Hazırda tikinti şirkətləri arasında rəqabətin az olması ona gətirib çıxarır ki, tikinti şirkətləri tədricən qiymətləri qaldırırlar. Təbii ki, evləri alıb-satan işbazlar var ki, təmirsiz mənzilləri alıb, təmir edib satırlar və öz mənfəətlərini də üstünə qoyurlar. Təkliflər olduqca, az olduğuna görə xüsusilə də ipotekaya yarayan əmlakların, buna görə də qiymətlər tədricən artmaqda davam edir. Lakin qiymət artımı dekabr ayında dayandı. Yəni 2023-cü ilin dekabrdında ipotekalar dayandı. Fevral-mart ayında təkrar ipotekalar açıldı və həmin ərəfədə kiçik bir artım baş verdi. İndiki kütləvi artım deyil. Əgər 2022-2023-cü illərdə dayanmadan artırdısa, indi bu vaxtaşırı olur və müəyyən coğrafi yerləşmələrdən də asılıdır. Elə əmlaklar var ki, onlar olduqca az təklif olunur. Yəni müəyyən qəsəbələrdə, tələbat çox olan yerlərdədir. Qiymət artımı ilə bağlı səslənən fikirlər də məhz daha çox onlara aiddir, bütün bazara aid deyil”.

Ekspertin sözlərinə görə yay mövsümündə, adətən iyul ayının əvvəlinə kimi tələbə kontingenti bazardan çıxır və rayonlara qayıdırdılar:

“Onlar sentyabrda yenidən Bakıya dönürdülər. Bu il bir qədər qeyri-adi hadisə baş verdi. Bazarda təkliflər çoxalmadı. Adətən tələbə gedir, təkliflər bazarda çoxalır və qiymətlər düşür. Tələbələr artıq bu problemi hər il yaşamaq istəmədikləri üçün ötən illərdən fərqli olaraq bu il tələbələrin yarısından çoxu evlərdən çıxmadı. Baxmayaraq ki, hansısa kəndə, qəsəbələrə, öz evlərinə gedirlər, kirayə qaldıqları evi də saxlayırlar. Bilirlər ki, sentyabr ayında qayıdanda ev tapa bilməyəcəklər. Bu baxımdan da kirayə qiymətləri yüksəkdir.

Çox az sayda tələb evindən çıxır və yəqin ki, onlar universitetləri bitirən şəxslərdir. Çox güman ki, icarə qiymətləri sentyabr ayında fantastik səviyyəyə gəlib çıxacaq və bu qaçılmazdır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.