“Bozqurd”, “Səssiz tülkü”, “Karana-mudra” - FOTOFAKT
6-07-2024, 00:08
Futbolçunun jesti niyə avropalıları və erməniləri bu qədər qıcıqlandırır?
Avro-2024-ün 1/8 final mərhələsində Avstriya yığmasını məğlub edərək 1/4 finala yüksələn Türkiyə yığması möhtəşəm oyun nümayiş etdirdi. Bu qarşılaşma təkcə oyuna görə deyil, həm də Türkiyə millisinin əsas oyunçularından biri, Avstriya üzərində qələbədən sonra türk jesti nümayiş etdirən Merih Dəmiralın hərəkətinə görə yaddaqalan qarşılaşmalardan biri oldu. Və bu jest qalmaqal ilə nəticələndi.
Tənqidçilərin fikrincə, futbolçunun göstərdiyi jest millətçilik simvolu daşıyan “Bozqurdlar” hərəkatı əlaqəlidir, ona görə də bu hərəkəti siyasi və hətta irqçilik kimi qiymətləndirmək olar. Daxili işlər naziri Nensi Feser dərhal bildirib ki, “Türkiyənin ifrat sağçı ekstremistlərinin” jestlərinə stadionda yer yoxdur və Avro-2024 zamanı ondan istifadə yolverilməzdir. Türkiyənin Almaniyadakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb və UEFA-nın araşdırmasının nəticələrinə görə Merih Dəmiral oyunlarda iştirakdan kənarlaşdırıla bilər.
Eyni zamanda Türkiyə Xarici İşlər Nazirliyi (XİN) futbolçunu müdafiə edərək, UEFA-nın araşdırmaya başlamasını və hansısa qərar verməsinin qəbuledilməz olduğunu vurğulayıb. XİN bəyan edib ki, Almaniya Federal Konstitusiyanın Müdafiəsi Bürosu 2023-cü il hesabatında qeyd edib ki, bu jest ölkədə qadağan deyil və özlüyündə türk millətçiliyi ilə bağlılığı ifadə etmir.
Tarixi araşdırmalar göstərir ki, bu jest müxtəlif türk xalqları tərəfindən öz mənşəyini ifadə etmək üçün istifadə edilib. Mifologiyaya görə, türk soyunun yaradıcısı canavardır. Qurd obrazı türk hökmdarlarının bayraqlarını bəzəyirdi. Yəni, bu jesti nümayiş etdirən türk xalqlarının nümayəndələri bununla da öz tarixi köklərinə sevgi və məhəbbət ifadə edirlər. Müasir Türkiyədə bu jestdən siyasətçilər, ictimai xadimlər və məşhur şəxsiyyətlər tez-tez istifadə edirlər.
Türkiyə daxilində bu jestdən istifadə müsbət qarşılanırsa, ölkədən kənarda mübahisələrə səbəb olur. Məsələn, Türkiyənin keçmiş xarici işlər naziri Mövlud Çavuşoğlu ölkəsinin Hamburqdakı konsulluğuna səfəri zamanı, eləcə də Uruqvayda Türkiyə səfirliyinin açılışı zamanı bundan istifadə edib.
Yeri gəlmişkən, bu işarə Almaniyada da istifadə olunur. O, “Səssiz tülkü” (Leisefuks) adlanır və müəllimlər tərəfindən dərslər zamanı şagirdlərin sükutu pozmasının qarşısını almaq üçün istifadə olunur. “Səssiz tülkü” işarəsindən istifadə 2011-ci ildən sonra türk jesti ilə əlaqələndirildiyi üçün azalıb, amma istifadəsi qadağan edilməyib.
Bu jest buddistlər arasında da məşhurdur və “Karana-mudra” adlanır. Buddizmdə “Karana-mudra”nın maneələri aradan qaldırdığına, daxili dincliyi inkişaf etdirdiyinə və cəmiyyəti maariflənməyə apardığına inanılır.
Xristian mədəniyyətində, xüsusən ikonoqrafiyada bu jest xoş xəbəri daşıyan birbaşa nitqi çatdırmaq üçün istifadə olunur. Xristianlıqdakı bu ənənə Yunan və Roma natiqlərinin nitqlərini müşayiət etmək üçün istifadə edildiyi Ellinizm qədim mədəniyyətindən qaynaqlanır.
Amerika İşarə Dilində işarə latın "Y" hərfini əvəz edir və “I love you” ifadəsində istifadə olunur. İdmanda jest bəzən beysbol və voleybolçular tərəfindən siqnal vermək üçün istifadə olunur. 1990-cı illərin əvvəllərində bu jest “D-Generation X”, “The Club” və “Bullet Club” güləş qrupları tərəfindən geniş istifadə olunmağa başladı.
Təəssüf ki, Dəmiralın istifadə etdiyi jest ifrat sağçı təşkilatın jesti kimi qarşılanıb. Erməni mediasının hər bir türk məsələsində olduğu kimi bu işə də öz xüsusi reaksiyası oldu. Baxmayaraq ki, onlar hələ də xatırlamalıdırlar ki, bu jesti Ermənistan parlamentinin deputatı Vilen Qabrielyan da nümayiş etdirib.
UEFA Dəmiralın əməlini araşdırarkən və ona qarşı hansı tədbirin görüləcəyi bilinməsə də, yuxarıda qeyd olunan faktları nəzərə alaraq deyə bilərik ki, bu “qalmaqal”ın idman qaydalarına riayət etmək istəyindən daha çox Türkiyə əleyhinə motivləri var. Axı, bir çox Qərb siyasətçilərinin ictimai fotolarına diqqətlə baxsanız, əmin olarsınız ki, bu jestdən Con Kennedi, Barak Obama, Corc H.V., Buş, Hillari Klinton, Nikola Sarkozi, Papa Fransisk və hətta Aleksey Navalnı və Aleksandr Lukaşenko da istifadə edib...
Müəllif: Asif Aydınlı - AYNA.az