Notariat qaydalar dəyişdirildi
26-07-2015, 00:31
Azərbaycan Ədliyyə Nazirliyinin Kollegiyası “Notariat fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə şəhadətnamə almaq üçün imtahanın və müsahibələrin keçirilməsi Qaydası”na dəyişikliklər edilməsi barədə qərar verib.
Report xəbər verir ki, dəyişikliyə əsasən, şəhadətnamənin alınması üçün şəxs Ədliyyə Nazirliyinə bu Qayda ilə müəyyən edilmiş formaya uyğun (2 nömrəli əlavə) ərizə təqdim etməlidir. Ərizədə müsahibə və ya peşə hazırlığına dair müsahibə nəticəsində işləmək istədiyi notarius vakansiyası üzrə başqa namizədlərlə müqayisədə daha az keçid balı topladığına görə ona təklif edilən digər vakant notarius vəzifəsi üzrə fəaliyyət göstərə biləcəyinə dair münasibəti qeyd olunur.
Dəyişikliyə əsasən, imtahan namizədin seçdiyi notarius vakansiyası üzrə əsasən kompüterdən istifadə edilməklə test üsulu ilə keçirilir.
Bundan başqa, müsahibədən 15 və daha çox bal toplamış namizədlərin sayı elan edilmiş notarius vakansiyalarının sayından çox olduqda, ərizəsində göstərilən notarius vakansiyası üzrə ən yüksək bal toplamış namizəd icbari təlimə buraxılır. Digər namizədlər sırasından isə ardıcıllıqla daha çox keçid balı toplayanlara ərizələrində qeyd etdikləri təqdirdə boş qalan başqa notarius vakansiyası üzrə icbari təlimə göndərilməsi təklif olunur.
Təklifi qəbul etməyənlər, habelə qalan digər namizədlər müsahibədən keçməmiş sayılırlar.
Müsahibədən 15 və daha çox bal toplamış namizədlərin sayı elan edilmiş notarius vakansiyalarının sayından çox olduqda, ərizəsində göstərilən notarius vakansiyası üzrə ən yüksək bal toplamış namizəd müsahibədən keçmiş hesab olunur. Digər namizədlər sırasından isə ardıcıllıqla daha çox keçid balı toplayanlara ərizələrində qeyd etdikləri təqdirdə boş qalan başqa notarius vəzifəsi təklif olunur.
Təklifi qəbul etməyənlər, habelə qalan digər namizədlər müsahibədən keçməmiş sayılırlar.