Hansı dərman neçəyə oldu - QİYMƏTLƏR-SİYAHI

31-07-2015, 16:21           

Xəbər verdiyimiz kimi dünən Azərbaycan Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib və dərman vasitələrinin qiymətlərinin tənzimlənməsinə başlanılıb.

Şuranın Katibliyindən FaktXəbər-ə verilən məlumata görə, iclasda ilk mərhələdə həyati vacib və daha çox tələbat olan 25 təsiredici maddə üzrə 250-dən çox dərman vasitəsinin qiyməti təsdiq edilib. Qərara əsasən, həmin dərman vasitələrinin qiymətləri, eləcə də rəqabət mühitinin pozulmaması üçün bu dərmanlarla eyni təsiredici maddəyə malik digər dərman vasitələrinin qiymətləri 2015-ci il 15 sentyabr tarixindən qüvvəyə minəcək. Həmin tarixdən etibarən Şuranın qərarında göstərilən 25 təsiredici maddə üzrə qiymətləri təsdiq edilməyən dərman vasitələrinin satışı həyata keçirilə bilməz. Bu təsiredici maddələr üzrə qiymətləri təsdiq edilməyən digər dərman vasitələrinin qiymətlərinin təsdiqlənməsi üçün sənədlərin (bəyannamələrin) qəbulunun son müddəti 2015-ci il avqust ayının 10-dək müəyyən edilib.

Oxucular üçün maraqlı olacağını nəzərə alaraq, Şuranın qiymətlərini aşağı saldığı dərmanların siyahısını və qiymətlərini təqdim edirik.

Qiymətləri tənzimlənmiş dərman vasitələrinin 20 faizinin qiyməti 3 dəfədən, 40 faizdən artıq dərman vasitəsinin qiyməti isə 2 dəfədən çox, ümumilikdə isə qiymətləri tənzimlənmiş dərman vasitələrinin 90 faizinin qiymətləri enib. TŞ həmin dərmanların mövcud və şura tərəfindən təsdiq edilmiş pərakəndə satış qiymətlərinin müqayisəli cədvəlini yayıb.

Cədvələ əsasən mövcud qiymətlərlə tənzimlənən qiymətlər arasında fərq bəzən 8-9 dəfədir. Məsələn, Ukrayna istehsalı olan 45 ml-lik Proneyro flakonunun mövcud satış qiyməti minimum 50.50 manat, maksimum 60.60 manat göstərilir, tənzimlənən qiymətlə 7.28 manat olacaq. Deməli, bu ampulaları əhaliyə 8.32 dəfə baha satırlar. TŞ qiymətləri tənzimləyəndə təbii ki, rəqəmləri havadan götürmür, onun həmin ölkədən ixrac qiymətini, gömrük və digər xərclərini nəzərə alaraq hesab edib ki, bu ampula indiki satış qiymətindən 8 dəfə ucuz olmalıdır və bununla sahibkara maddi ziyan vurmur. Yenə Ukrayna istehsalı inyeksiya üçün 4 ml-lik Proneyro ampulalarının mövcud satış qiyməti minimum 50.50 manat, maksimum 60.60 manatdır, tənzimlənən qiymətlə 16.04 manat olacaq. Aralarında 3.78 dəfə fərq var.Göründüyü kimi, dərman preparatlarının mövcud və gözlənilən qiymətləri arasındakı fərq faizlə deyil, dəfə ilə ölçülür.

Türkiyə mənşəli Karvent tabletlərinin (28 ədəd) hazırda 22.65 manatdan 30.10 manata qədər qiymətlə satıldığı qeyd olunur. TŞ bu tabletlər üçün yeni qiyməti 6.10 manat müəyyənləşdirib - 5 dəfə ucuz. Kipr istehsalı 2 ml-lik inyeksiya məhlulu Amikacin 86 manatdır, tənzimlənən qiymətlə 41.86 manat olacaq, hazırda apteklərdə 44.14 manat bahadır. Apteklərdə qiyməti 13.80 manat olan Rusiya mənşəli Amlotop tabletlərinin (30 ədəd) qiymətini TŞ 12.90 dəfə aşağı salıb - sentyabrdan 1.07 manata satılacaq. İspaniya istehsalı Norvakor tabletləri (30 ədəd) 11.10 manatdan 2.82 manata endirilir - 3.94 dəfə ucuzlaşacaq. Türkiyə mənşəli Vaskorel tabletləri (30 ədəd) də 2.82 manat olacaq, hazırda apteklərdə maksimum qiymət 12.50 manatdır. Bunların da aralarında 4.43 dəfə fərq var. ABŞ istehsalı Liprimar tabletləri 31.05 manatdan 3.11 manata enəcək, yəni indikindən 10 dəfə ucuz satılacaq. İstehsalçı ölkələrə və qablaşdırma miqdarına görə də qiymət fərqi var. Məsələn, Liprimarın ən ucuzu 20 mq-lıq tabletlər ABŞ-dan gətirilir, ən bahalısı isə Almaniyadan ixrac olunur - 40 mq-lıq 39.80 manat. O da tənzimlənən qiymətlə 19.51 manat olacaq. 80 mq-lıqlar 43.20 manatdır, yeni qiymətlə 34.21 manat nəzərdə tutulub. Türkiyə mənşəli Amvastan tabletləri (30 ədəd) 21.10 manatdan 5.86 dəfə ucuzlaşıb, 3.60 manata satılması qərarlaşdırılıb. Yenə bu ölkənin istehsalı olan Eskolan-Sanovel TŞ-nin qərarına görə 6.46 manata satılmalıdır, yeni qiymətlər tətbiq olunana qədər 40.20 manat olmaqda davam edəcək. Başqa sözlə, əhali onu daha 45 gün 6.22 dəfə baha alacaq. Macarıstan tabletləri Torvazinin də 43.30 manatdan 6.48 manata endirilməsi qərara alınıb. İordaniya istehsalı Zomaks flakonları hazırda 12.40 manatdır, TŞ onu 1.90 manat olaraq təsdiqləyib.

Qiymətləri tənzimlənəcək 250 dərman vasitəsinin hazırkı ən ucuz qiyməti 10 qəpik (Belarus mənşəli İbuprofen tabletləri), ən baha qiyməti 86 manat (Selekasin), tənzimlənən qiymətlərlə isə ən ucuzu 10 qəpik, ən bahası 41.86 manat (Selekasin) olacaq. Yeni qaydalarla qiymətlər əsasən 3-10 manat arasında dəyişir. Dərman vasitələri arasında Azərbaycan istehsalı da var - inyeksiya məhlulunun hazırlanması üçün toz olan Ampisul 6.10 manata satılır. Halbuki TŞ hesab edib ki, yerli istehsal üçün 1.30 manat daha optimal qiymətdir. Heç bir gömrük, nəqliyyat xərci olmayan bu tozların 4.69 dəfə baha satılmasının əsaslandırılması maraqlı olardı. Ya da qiyməti 68 qəpik müəyyənləşdirilən Azikasin indi 3.45 manatdır. Azərbaycanda istehsal olunan digər dərmanlar - Sefadim, Klafsim, Revmotak, Triaksın da qiymətlərini formalaşdıran amilləri maraq etməmək olmur.

Göründüyü kimi, dərman preparatları və məhlullarının idxal olunduğu ölkələr əsasən İran, Rusiya, Türkiyə, Yunanıstan, Ukrayna, Moldova, Serbiya, Sloveniya, Rumıniya, Bolqarıstan, Macarıstan, Portuqaliya, Puerto-Riko, İtaliya, Fransa, Almaniya, İspaniya, Finlandiya, Argentina, ABŞ, Koreya, Misir və s.-dir.

Bir xeyli dərmanın qiyməti yenə də yüksək qalır, tariflərində prinsipial dəyişiklik edilməyib. Məsələn, Koreya istehsalı olan inyeksiya məhlulu Amibaktil hazırda 31.20 manatdır, yeni qərara görə 20.39 manat olacaq İtaliya istehsalı olan Amifar 21.30 manatdan 27.10 manata qədərdir, yeni qiymətdə 21.28 manat olacaq, minimum qiymətdən cəmi 2 qəpik endirilib. Bolqarıstan mənşəli Pimokasin 25.35-dən 31.65 manata qədərdir, o da 21.28 manat olacaq. Almaniya istehsalı olan Liprimar 34.21 manat olacaq, indiki 43.20 manat qiymətindən çox da fərqlənmir.

Bu dərman vasitələrinin çoxu oxşar təyinatlıdır, lakin bəzən aralarındakı qiymət fərqi böyükdür. Bunu da faizə işləyən bəzi həkimlərin olmayan vicdanına buraxmaq düzgün deyil. Onun üçün də bir tənzimlənmə mexanizminin vaxtı çatıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.