Eldar Mahmudov fırıldaqda ittiham olunur... - açıqlama

15-04-2016, 13:14           
Eldar Mahmudov fırıldaqda ittiham olunur... - açıqlama
Aprelin 14-də Ali Məhkəmədə uzun müddətə mühakimə edilmiş beş nəfərin kassasiya şikayətinə baxılması baş tutmayıb və mayın 5-nə keçirilib.

Söhbət 2012-ci ilin mayında Bakıda “Eurovision” müsabiqəsi ərəfəsində həbs olunan şəxslərdən gedir. O zaman Azərbaycan MTN onları prezident İlham
Əliyevin həyatına sui-qəsd hazırlamaqda və müsabiqə zamanı terror aktlarının təşkilində ittiham etmişdi. İş üzrə 29 nəfər həbs olunub.

Siyasi Məhbusların Monitorinqi Mərkəzinin rəhbəri Elşən Həsənov Turan-a bildirib ki, məhkum olunanların doğmalarının məlumatına görə, onlar uydurma ittihamlarla həbs olunub və bu iş MTN-nin keçmiş rəhbəri Eldar Mahmudovun göstərişi ilə saxtalaşdırılıb.

“Müstəntiqlər valideynlərin şikayət etməməsi üçün onları aldaraq vəd veriblər ki, tezliklə övladları azad ediləcək. Şikayət edənlərə hədə-qorxu gəlinib”, - o bildirib.

E.Həsənovun sözlərinə görə, beş məhkum apellyasiya, sonra isə kassasiya şikayəti verib. Onlar Samir Saniyev (ömürlük həbs olunub), Emir Muradov (ömürlük), Həsən Səlimxanov (14 il), Ağasadıq Əliyev (15 il) və Nəriman Abbasoğludur (10 il) .

İş üzrə üç nəfər ömürlük həbs olunub. “Törədilməyən cinayətə görə cəza vermək qanunun görünməmiş halda pozulmasıdır”, - E.Həsənov vurğulayıb.

Onun sözlərinə görə, məhkumların valideynləri işgəncələrin olduğunu bildirir.

E.Həsənov bu barədə yerli və beynəlxalq demokratik ictimaiyyəti məlumatlandırmaq niyyətindədir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.