Bu gün Azərbaycanda erməni kəşfiyyatçının məhkəməsidir - Arsen Baqdasaryan tərcüməçi və vəkillə təmin edilib

13-04-2015, 10:52           
Bu gün Azərbaycanda erməni kəşfiyyatçının məhkəməsidir - Arsen Baqdasaryan tərcüməçi və vəkillə təmin edilib
Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində erməni kəşfiyyatçısı Baqdasaryan Arsen Eduardoviçin cinayət işi üzrə növbəti məhkəmə prosesi olacaq. Gəncə Ağır Cinayətlər Məhkəməsindən ANS PRESS-ə verilən məlumata görə, məhkəmə prosesi saat 10:00-a təyin olunub. Məhkəməyə kütləvi informasiya vasitələrinin nümayəndələri buraxılacaq.
Məhkəməyə hazırlıq iclası hakimlər Elbəy Allahverdiyevin sədrliyi, Zabil Qasımov və Elmin Rüstəmovun iştirakı ilə təşkil olunub.

Erməni kəşfiyyatçı Arsen Baqdasaryan iclasda iştirak edəcək. O, tərcüməçi və vəkillə təmin edilib.

Qeyd edək ki, istintaq zamanı müəyyən olunub ki, Arsen Baqdasaryan Ermənistanda xüsusi təlim keçib. Hərbi hissədə müqavilə əsasında baş çavuş hərbi rütbəsində kəşfiyyat bölüyünün tağım komandiri vəzifəsində fəaliyyət göstərdiyi zaman hərbi hissə komandirindən (adı və soyadı bəllidir) Azərbaycan vətəndaşlarını milli ədavət və düşmənçilik niyyəti ilə qəsdən öldürmək, ölkənin müdafiə qabiliyyətini zəiflətmək məqsədilə Silahlı Qüvvələrimizin müdafiə mövqelərinə tərəf keçib səngərlərdə partlayışlar törətmək üçün mina basdırılması barədə göstərişlər alıb.

A. Baqdasaryan bu məqsədlə cinayətkar birliyin digər üzvləri ilə birlikdə (onların adları və soyadları istintaqa bəllidir) 2014-cü il dekabrın 26-da saat 15 radələrində qoşunların təmas xəttini gizli olaraq keçib. Azərbaycan Silahlı Qüvvələrinin müdafiə mövqelərində özləri ilə götürdükləri 7 ədəd “fuqas” tipli piyada əleyhinə minalardan 3 ədədini Azərbaycan hərbi qulluqçularının daha çox gedib-gəldiyi səngər yollarında yerləşdirdikdən sonra geri qayıtmaq istəyərkən tutulub. Cinayət törətməkdə əsaslı şübhələr olduğundan Arsen Baqdasaryan barəsində Bakı Hərbi Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.

Arsen Baqdasaryan ilkin istintaq zamanı və istintaqın sonrakı gedişində təkzibolunmaz sübutların təsiri altında törətdiyi cinayətləri könüllü etiraf edib və işin halları ilə bağlı istintaqa ətraflı məlumat verib.

Törətdiyi əməllərə görə Arsen Baqdasaryanın Azərbaycan Cinayət Məcəlləsinin 218.2-ci (Cinayətkar birlik-təşkilatda iştirak etmə), 29,120.2.1-ci (Cinayətkar birlik - təşkilat tərəfindən qəsdən adam öldürməyə cəhd etmə), 29,120.2.7-ci (İki və daha çox şəxsi qəsdən öldürməyə cəhd etmə), 29,120.2.12 (Milli, irqi, dini, ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd etmə), 29,282.2-ci (Təxribat, yəni mütəşəkkil dəstə tərəfindən Azərbaycan Respublikasının müdafiə qabiliyyətini və iqtisadi təhlükəsizliyini zəiflətmək məqsədilə müəssisələrin, qurğuların, yolların, əlaqə və rabitə vasitələrinin, əhalinin həyat təminatı obyektlərinin dağıdılmasına, yaxud zədələnməsinə yönəldilən partlayışlar, yanğınlar və sair hərəkətlər törətməyə cəhd) və digər maddələri ilə ittiham olunmasına dair cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün məhkəməyə göndərilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.