İngilislərin qara paltarlı əfsanəsi - Tofiq Bəhramov
26-03-2021, 19:55
Tofiq Bəhramov - bu ad təkcə futbol azarkeşlərinə deyil, demək olar ki, çoxlarına tanışdır.
O, SSRİ-də 10 ən yaxşı hakimdən biri sayılıb. Dünya futbol tarixində isə adına heykəl və stadion olan ilk hakimdir.
Futbolçu olmaq istəyən hakim...
26 mart azərbaycanlı futbol hakimi Tofiq Bəhramovun anım günüdür. O, 1925-ci il yanvarın 29-da Ağdamda doğulub.
1943-cü ildə futbolçu kariyerasına başlasa da, məşqlərin birində zədələnir və oyunu həmişəlik buraxmalı olur, amma futboldan ayrılmır. Elə hakimlik kariyerası da bundan sonra başlayır.
10 ən yaxşı hakimdən biri...
İlk dəfə 1951-ci ildə "Dinamo" - "İnşaatçı" matçında hakimlik edir. Onun ilk qarşılaşması qalmaqalla yekunlaşsa da, 6 aydan sonra Respublika birinciliyində baş hakim kimi debüt qazanır. 1952-ci ildə Respublika dərəcəli hakim adını alır.
Bəhramov həmin dövrdə Avropanın ən güclülərindən hesab olunan SSRİ çempionatında 146 matçda meydana baş hakim kimi çıxır və 1963-cü ildə SSRİ-nin 10 ən yaxşı hakimi sırasına düşür.
1964-cü ildən beynəlxalq oyunları idarə etmək hüququ qazanan Bəhramov bununla SSRİ-də ilkə imza atır. İki oyunda baş hakim, 6 oyunda isə yan xətt hakimi kimi çıxış edir.
Dünya çempionatının final matçının hakimləri azı bir neçə beynəlxalq oyunu idarə etməlidir. Bəhramova isə dünya çempionatına düşmək üçün cəmi iki beynəlxalq oyunu idarə etmək kifayət edir. O həm də Avropa kubokunun final oyununu idarə edən birinci sovet hakimi kimi tarixə düşüb.
"Peşəkarlıq, yoxsa müharibədənqalma düşmənçilik?"
Bəhramov 1966-cı ildə dünya çempionatında İngiltərə və Almaniya komandaları arasında keçirilən final oyunu yan xərt hakimi olub. Matçın əsas vaxtı heç-heçə (2:2) başa çatsa da, qalibi müəyyənləşdirmək üçün 30 dəqiqə vaxt əlavə olunur. 110-cu dəqiqədə ingilislərin hücumçusu topu almanların qapısına göndərir. Top dirəyə dəyib yerə düşür.
Oyunun baş hakimi, isveçrəli Qottfrid Dinst topun uçuş trayektoriyasını görmədiyindən özünü itirir. O, son sözü köməkçisi - sovet hakimi Bəhramovun deyəcəyini bildirir. Bəhramov isə qolu təsdiqləyir, beləliklə, ingilislər hesabı açır...
Bu qərar ingilislərdə sevinc, almanlarda qəzəb doğurur.
Oyundan sonra Tofiq Bəhramov kraliça II Elizabetin şəxsən təqdim etdiyi "Qızıl ilahə" və "Qızıl fit" mükafatlarına layiq görülür, almanlar isə onu İkinci dünya müharibəsindənqalma düşmənçilikdə də ittiham edirlər...
İngilislərin qara paltarlı əfsanəsi...
Foto açıq mənbələrdən götürülüb
İngilislər sonralar da onu xatırlayırlar. Məsələn, ingilis futbol azarkeşləri Bəhramova həsr olunmuş köynəklər hazırlamışdılar. Köynəklərdə “Qara paltarlı əfsanəni heç vaxt unutmayacağıq” yazısı var idi.
İngilis yazar Artur Hopkraft azərbaycanlı hakimə özünün ən məşhur "Futbol adamı" kitabını həsr edib. Həmin kitabda yazır: "Bəhramov bayrağını qaldıranda təkcə "Uembli" deyil, bütün İngiltərə onun ayaqları altında idi. Hamı fikirləşirdi: bu rus nə istəyir? Ancaq üstündən 10 illər keçəndən sonra hamı başa düşdü ki, o, rus deyil, möcüzəli bir ölkənin - Azərbaycanın oğludur. Sonradan futbolçular mənə etiraf edirdilər ki, onlar özlərini yan xətt hakimini qaçıb qucaqlamaqdan zorla saxlamışdılar. Onlara verilən bu hədiyyəyə görə yox, öz işini peşəkarcasına yerinə yetirdiyinə görə".
Amerikanın Oreqano ştatında çıxan "Daily Astorian" qəzetinin redaktoru və futbol hakimi Patrik Ueb Tofiq Bəhramovun ölümünü həmyaşıdı olan hər bir ingilis üçün kədərli hadisə kimi xarakterizə edir: "1993-cü ildə London qəzetləri Tofiq Bəhramovun vəfatı ilə bağlı kədərli nekroloqlar dərc etdilər. Dünyanın başqa yerlərində bu, elə də böyük bir xəbər deyildi. Amma Bəhramov admiral Nelson, Velinqton Hersoqu və ya Çörçildən sonra İngiltərənin Milli qəhrəmanı sayıla bilər".
P. Ueb məqaləsini belə bitirir: "Göz yaşlarımı silə-silə Tofiq Bəhramovu xatırlayıram. Deyirlər ki, guya ölüm yatağında ondan soruşublar: 1966-cı ildəki oyunda vurulan top doğrudandamı qol idi? İkinci dünya müharibəsində almanların törətdiklərini unutmayan nəslin Sovet hakimi, sadəcə, bircə kəlmə deyib: Stalinqrad".
2019-cu ildə Bakıda keçirilən Avropa Liqasının finalı ərəfəsində Böyük Britaniyanın “The Sun” nəşrində də onun barəsində geniş məqalə dərc olunub.
Məqalənin müəllifi İngiltərənin finalda qarşılaşacaq “Arsenal” və “Çelsi” komandalarının azarkeşlərini Bakıda şəhər turuna çıxmağa çağırıb: “Əgər onlar bunu etsələr, İngiltərə futbol tarixinə ən çox təsir edən adama vəfa borclarını yerinə yetirə bilərlər”.
Tofiq Bəhramov 1974-cü ildən ömrünün sonuna kimi Mirzə Fətəli Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunun (indiki Bakı Slavyan Universiteti) bədən tərbiyəsi və idman kafedrasının müdiri işləyib.
O, 1993-cü il martın 26-da Bakıda vəfat edib. Bakıda yerləşən stadion onun adını daşıyır. London şəhərindəki futbol muzeyində Tofiq Bəhramovun bürünc heykəlciyi var.
1966-cı ildə "Hakim", 2009-cu ildə "Hakim mərkəzi göstərir" filmləri də ona həsr olunub.