Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq - DETALLAR
19-04-2024, 15:50
Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.
Yeniavaz.com xəbər verir ki, “TAİS-İKF” MMC DİM-in sifarişi ilə bu quruma yeməklərin hazırlanması xidməti göstərəcək və qarşılığnda 201 min 662 manat alacaq.
Məlumat üçün bildirək ki, “TAİS-İKF” MMC 30 iyun 1994-cü il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qaibov, ev 5-də yerləşir. MMC-nin qanuni təmsilçisi Şirinov Rafail Məmməd oğludur.
Onu da bildirək ki, hazırda “TAİS-İKF” MMC-nin dövlət büdcəsinə vaxtında ödənilməyən 19 min 976 manat 70 qəpik vergi borcu var. “Dövlət satınalmaları haqqında” Qanunun 23-cü maddəsində göstərilir ki, vergilər və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəlikləri olan şirkətlərin tender müsabiqəsində iştirakına yol verilmir.
DİM-in tender müsabiqəsiylə bağlı sənəd qəbulu bu ilin fevral ayında keçirib. “TAİS-İKF” MMC-nin fevral ayında vergi borcu olmayıbsa, o zaman 20 min manatlıq borc son bir ay ərzində yaranıb.
Qeyd edək ki, tenderin qalibi olan “TAİS-İKF” MMC-nin adı mətbuatda bir sıra qalmaqallarda hallanıb.
Ötən ilin aprel ayında Bakıda A.Hüseynzadə adına 20 nömrəli məktəb-liseydə kütləvi zəhərlənmə barədə məlumat yayılıb. Açıqlanan rəsmi məlumatlarda bildirilib ki, 20 nömrəli məktəb-liseyin bufetindən toyuq əti alan uşaqlarda qarın ağrısı əlamətləri müşahidə olunub. Hadisə ilə bağlı 12 aprel tarixində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən açıqlama verilib. Açıqlamada qeyd olunub ki, aprelin 6-da sözügedən məktəbin müxtəlif siniflərində təhsil alan 7 şagird məktəbin yeməkxanasında xidmət göstərən “TAİS İKF” MMC tərəfindən satışı həyata keçirilən toyuğun qızardılmış döş əti (nagets), 1 şagird isə dönər (şaurma) qəbul edib. Qeyd olunan hadisə ilə bağlı 20 nömrəli tam orta məktəbdə keçirilən yoxlama zamanı “TAİS İKF” MMC-nin yeməkxanada icarə müqaviləsi əsasında fəaliyyət göstərdiyi, adıçəkilən qidaların məktəbə həmin şirkət tərəfindən hazır şəkildə termobokslara yığılaraq gətirildiyi məlum olub.
“TAİS İKF” MMC ilə bağlı daha bir qalmaqallı hadisə 2022-ci ildə baş verib. Sevil Xanbabayeva adlı şəxs sosial şəbəkələrdə videomüraciət yayaraq bildirib ki, o “Bakı Metropoliteni” QSC-nin “Ulduz” stansiyasında xadimə kimi çalışır. Sevil Xanbabayeva iddia edib ki, metropolitenin işçiləri Rafail adlı şəxsin bağında qanunsuz işlədilir. Daha sonra məlum olub ki, “Bakı Metropoliten” QSC-nin təmizlik işləri ilə bağlı keçirdiyi tender müsabiqəsinin də qalibi “TAİS İKF” MMC olub.