«Qədir Xum» restoranının rəhbərliyi ətraf əraziləri zəbt edib
3-10-2016, 01:09
Hacıqabuldakı obyektin sahibi İltifat Çeçenistanda nüfuzlu adamlarının olduğunu bildirməklə, kimlərə və nə üçün hədə-qorxu gəlir? Hacıqabul rayonunda, Bakı-Şirvan yolunda yerləşən “Qədir Xum” restoranının rəhbərliyi ətrafdakı əraziləri qeyri-qanuni yollarla zəbt edib. Bu və digər bir sıra önəmli məqamlarla bağlı əldə etdiyi bilgiləri Gundelik-Baku.com-la bölüşən məlumatlı şəxsin sözlərinə görə, bir müddət əvvəl İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən aparılan monitorinq zamanı “Qədir Xum” restoranında saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb. Beləliklə, adıçəkilən restoranın rəhbərliyinin bir sıra yollara baş vuraraq ətrafdakı əraziləri zəbt etdiyini iddia edən mənbə bildirir ki, bu, öz növbəsində Hacıqabul və ətraf rayonların sakinlərinin, o cümlədən Bakı-Şirvan yolundan istifadə edən vətəndaşların haqlı etirazına səbəb olub: «Deyilənlərə görə, Hacıqabul rayonunda yerləşən “Qədir Xum” restoranı böyük əraziləri, torpaq sahələrini qanunsuz olaraq zəbt edib. Qeyd olunur ki, restoran rəhbərliyi hətta Bakı-Şirvan yolunun bir hissəsini də öz ərazisinə qatıb. Bunun həmin yoldan istifadə edən vətəndaşların diqqətini restorana cəlb etmək məqsədilə edildiyi bildirilir. Nəzərinizə çatdırım ki, adıçəkilən restoranın sahibi İltifat adlı iş adamına «dur» deyən olmadığından o, balıq zavodunun 800 hektarlıq ərazisini də bir sıra yollara baş vurmaqla qəpik-quruşa özününküləşdirib. 2100 hektarlıq bir ərazidən 800 hektarı İltifat adlı iş adamı adıbsa, o zaman yerdə nə qaldı ki?.. Deyilənlərə görə, bununla bağlı iş məhkəmədə olsa da, o, Çeçenistanda nüfuzlu adamlarının olduğunu bildirməklə, yəni onların adı ilə hədə-qorxu gəlməklə bu yolla həm məhkəməyə, həm də digər müvafiq qurumlara təsir göstərməyə, özünü sıtortalamağa çalışır. O da bildirilir ki, İltifat həmin ərazini köhnə tarixlə Nadirin vasitəsilə özününküləşdirib. Bundan başqa o, Bakı-Ələt yolunu elə bölüb ki, həmin ərazidən “Qədir Xum” restoranına giriş olsun». Bir sözlə, adıçəkilən restoranının rəhbərliyinin bir sıra şəxslərin yardımları ilə onlara aid olmayan torpaq sahələrini mənimsəyərək həmin əraziləri restoranının həyətinə daxil etdiyini deyən məlumatlı şəxsin sözlərinə görə, bundan sonra rayonun sayılıb-seçilən sakinləri yaranmış problemlə bağlı aidiyyəti qurumlara müraciət etsələr də, hələ ki, heç kim “Qədir Xum”un sahiblərinə yetərli təpki göstərməyib: «Yəni hacıqabulluların müraciətləri, şikayətləri hələ də heç bir nəticə verməyib. Hətta rayon rəhbərliyi və digər müvafiq qurumlar da baş verən olaydan xəbərdar olsalar da, “Qədir Xum” restoranının sahiblərinə irad tutan, qeyri-qanuni yolla zəbt olunmuş ərazilərin geri qaytarılması istiqamətində müvafiq tədbirlər görən yoxdur».
Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
teref.az