“Fikirlərim düzgün anlaşılmayıb” - vəkil Adəm Məmmədov

30-08-2015, 21:40           

“Qəbələ”nin keçmiş kapitanı, hazırda jurnalist Rasim Əliyevin qətlə yetirilməsi olayı ilə bağlı həbsdə olan Cavid Hüseynovun vəkili Adəm Məmmədovun ötən gün verdiyi açıqlama sosial şəbəkələrdə ciddi müzakirəyə səbəb olub.

Vəkilin Rasim Əliyev haqqında “adi məişət zəminində baş verən hadisəni elə yayıblar ki, sanki Azərbaycanda tanınmış qələm sahibi qətlə yetirilib” fikri birmənalı qarşılanmayıb. Buna görə Adəm Məmmədovu kəskin tənqid edənlər var.

Məsələ ilə bağlı Qaynar.info-ya danışan Adəm Məmmədov fikirlərinin düzgün anlaşılmadığını deyib.

“Allah Rasim Əliyevi rəhmət etsin. Rasim fotoreportyor idi. O, məqalə yazmasa da, fəaliyyəti daha səmərəli və məsuliyyətli iş idi. O ki, qaldı mənim fikirlərimə, bu düzgün anlaşılmayıb. Bu olayda ancaq hüquqlarını müdafiə etdiyim Cavid Hüseynovun adı hallanır. Halbuki onun bu işdən xəbəri olmayıb. Olayı törədən Elşən İsmayılov və başqa şəxslərdi. İstənilən ölümü, faciəni pisləyirəm. Sadəcə bu məsələdə yaranan ajiotaj düzgün deyil. Bir nazirin öldürülməsiylə, hər hansı bir nazirliyin əməkdaşının ölümü arasında ajiotaj eyni olur? Yaxud da Qənimət Zahid, Rauf Arifoğlu kimi baş redaktorların həyatına sui-qəsdlə, onların əməkdaşına olan qəsd eyni ajiotaj yaradar? Təbii ki, yox. Hər bir halda insan ölümünü pisləyirəm, sadəcə məsələnin siyasiləşdirilməsini, yəni Rasim Əliyevin sırf jurnalist fəaliyyətinə görə öldürülməsini doğru hesab etmirəm. Sadəcə mən də demişəm ki, Rasim Əliyevin ölümü onun jurnalist fəaliyyəti ilə əlaqələndirilməməlidir”.

Adəm Məmmədov deyir ki, məsələ siyasiləşib: “Burada bir insan - Cavid Hüseynovun həyatından gedir. Onun bu işdə heç bir günahı yoxdur. Məsələni siyasiləşdirməklə proses daha da ağırlaşır. Mən Rasimin ailəsinin durumunu anlayıram. Ancaq Cavid Hüseynovun bu işdə əli olsaydı, bu cürə arxayınlıqla açıqlamalar verməzdim. Düzgünlük, haqq-ədalət bizim tərəfimizdədi”.

Vəkil deyir ki, müdafiə etdiyi şəxsin hətta hadisədən xəbəri olsaydı belə barəsində həbs qətimkan tədbiri seçilməzdi: “Cavid ziyalı ailədə böyüyüb. Jurnalistlər onun haqda nəsə yazmazdan öncə araşdırılsa yaxşı olar”.

“Siyasi baxışım yoxdur. Prinsipim insanların hüququnu qorumaqdı. Hər hansı bir məsələ qeyri-müəyyən olanda, nəsə qaranlıq qalanda jurnalistlər zəng edib soruşa bilərlər. Uzağa gedən nəticələr çıxarıb sosial şəbəkələrdə təhqir etməməlidirlər. Əgər mən cavab verməsəydim, onda hansısa mülahizələr yürütmək olardı. Mən belə bir ənəninin Azərbaycanda formalaşmasını istəyirəm”, - deyə Adəm Məmmədov bildirdi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.