Dünyanın gözündə erməni qiyamı: Kim necə reaksiya verdi? - TƏQDİMAT
26-02-2021, 15:00

Ermənistanda Müdafiə Nazirliyinin Baş Qərargahının Baş nazir Nikol Paşinyanı istefaya çağırmasında sonra ölkədə gərginlik pik həddə çatdı.
Nikol Paşinyan Baş Qərargah rəisi Onik Qasparyanın bu bəyanatını hərbi çevrilişə cəhd adlandırdı və tərəfdarlarını Respublika meydanına çıxmağa çağırdı.
Bəs dünya Ermənistanda baş verənlərə necə münasibət göstərdi?
Cebhe.info dünya ölkələrinin Ermənistanda baş verən hadisələrə münasibətini təqdim edir.
*Türkiyə birbaşa olaraq hərbi çevriliş cəhdini qınadığını bəyan etdi.
“Biz dünyanın harasında olsursa olsun, çevrilişlərə qarşıyıq. Dolayısı ilə Ermənistandakı bu hərbi çevriliş cəhdini də şiddətlə qınayırıq”,-deyə Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu Ermənistandakı hadisələrə Türkiyənin münasibətini açıqladı.
*Rusiya isə Ermənistandakı proseslərə qarışmadıqlarını deməklə kifayətləndi. “Baş verənlər Ermənistanın daxili işidir”,-deyə Rusiya XİN bəyanat verdi.
*Avropa Birliyi də Ermənistanda tərəflərə gərginliyi artırmamaq üçün çağırış etdi. “Ermənistandakı bütün tərəflərə gərginliyi artıracaq hərəkətlərdən qaçmağa və təmkinli olmağa çağırırıq”,-deyə Avropa Birliyinin Xarici Münasibətlər və Təhlükəsizlik Siyasəti təmsilçisi Josep Borrellin ofisinin bəyanatında bildirildi.
*NATO-nun mövqeyi demokratiyaya çağırışdan ibarət oldu.
“Ermənistandakı hadisələri yaxından izləyirik. Siyasi fərqliliklər barış yolu ilə Ermənistan Konstitutsiyasına uyğun olaraq demokratik şəkildə həll olunmalıdır”,-deyə NATO Sözcüsü Oana Lungescu vurğuladı.
*ABŞ isə ordunu siyasətə qarışmamağa çağırdı.
“Bütün tərəflərə demokratiyanın, orduların demokratik siyasətə qarışmaması kimi təməl prinsiplərini xatırladırıq. ABŞ Ermənistanda demokratiyanın inkişafına dəstək olub”,-deyə ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Ned Price dedi.
*44 günlük Vətən müharibəsi dönəmində daim təcavüzkar Ermənistanın mövqeyindən çıxəş edən Fransa baş verən hadisələrə hələlik münasibət bildirməyib.