Qarabağda atəşkəs niyə tez-tez pozulmağa başlayıb? - “Rusiyanın marağı var”

11-03-2022, 00:08           
Qarabağda atəşkəs niyə tez-tez pozulmağa başlayıb? -
Martın ilk həftəsində atəşkəs 30 dəfə pozulub. Qarabağda atəşkəsin intensiv şəkildə pozulması nə ilə əlaqədardır?

Martın 10-u gecədən səhər saatlarınadək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri Ağdam rayonunun Çuxurməhlə, Qurdlar, Xıdırlı, Qaradağlı və Qasımlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqeləri müxtəlif çaplı silahlardan fasilələrlə atəşə tutub.

Bundan əvvəlsə Xocalı və Goranboy rayonlarında yerləşən mövqelərin müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutulması ilə bağlı xəbər verilmişdi.

Müdafiə Nazirliyindən (MN) “Toplum TV”yə verilən məlumata görə, martın 9-na kimi atəşkəs 30 dəfə pozulub.

MN Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirlərinin görüldüyünü bildirib:

"Bildiririk ki, Azərbaycan Ordusu heç bir halda mülki infrastrukturu hədəfə almır, yalnız qanunsuz erməni silahlı dəstələrinin mövqelərinə dəqiq zərbələr endirir".

Sülh istəyən tərəf bunu edərmi?

Milli Məclisin deputatı, YAP-ın Beynəlxalq əlaqələr komissiyasının katibi Elman Nəsirov deyir ki, Azərbaycan üçün narahatlıq doğuran məqam atəşkəsin rus sülhməramlılarının olduğu zonalarda da baş verməsidir.

Deputatın fikrincə, cəbhədə gərginliyin baş verməsi rus sülhməramlılarının fəaliyyətlərini düzgün icra edə bilməməsi ilə bağlıdır.

“Ermənistanda bir-birini təkzib edən, zidd mövqelərin olduğunu görürük. Bir yandan erməni rəhbərliyi ölkəsinin sülh müqaviləsini imzalamağa hazır olduğunu bildirir, digər tərəfdən də atəşkəs intensiv şəkildə pozulur. Sülh istəyən tərəf bunu edərmi?

Görünür, Paşinyan sülhlə bağlı ona edilən təzyiqləri neytrallaşdırmaq üçün atəşkəsi pozur. Digər bir ehtimal da orduda revanşistlərin olması ilə bağlıdır, hər halda Paşinyan onları ordudan “təmizləyə” bilməyib”- deyə deputat mümkün ehtimalları sadalayır.

Sosial mediada Qarabağda gərginliyin artmasının Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar olduğunu yazanlar da var. İddialara görə, Qarabağda vəziyyətin dəyişməsində Rusiya da maraqlıdır.

Digər tərfdən Rusiyanın Milli Müdafiəyə Nəzarət Mərkəzinin rəhbəri Mixail Mizintsev bir neçə gün əvvəl verdiyi açıqlamasında Qarabağı “Dağlıq Qarabağ” kimi qeyd etmişdi:

“Suriyadan 50 ton ərzaq, Kiyev və Zaporojye vilayətlərinin sakinləri üçün isə Dağlıq Qarabağdan 14 ton zəruri mallar gətirilib”.

Bundan dərhal sonra Azərbaycan Müdafiə Nazirliyi M.Mizintsevin Qarabağı bu şəkildə adlandırmasının “qəbuledilməz” olduğunu bəyan etmişdi.

“Atəşkəsin pozulmasında Rusiyanın da marağı var”

Hərbi ekspert Telman Əbilov deyir ki, Rusiya-Ukrayna müharibəsinin başlandığı birinci gündən Qarabağda da vəziyyətin dəyişəcəyi gözlənilirdi.

“Rusiya hələ ki, Ukraynada məqsədinə nail ola bilməyib. Qarabağda baş verən hadisələrin ara-sıra səngiməsi həm də bununla bağlıdır. Amma inanmıram ki, bu vəziyyət uzun müddət davam etsin. Bəlkə də Rusiya Ukraynada uğurlu hərbi əməliyyat aparsaydı...

Geniş mənada atəşkəsin pozulmasında Rusiyanın da marağı var. Çünki o ərazidə ermənilər olduğu üçün sülhməramlılar yerləşdirilib. Ruslar 5 illik gəlsələr də, hamı bilir ki, onlar daha çox qalmaq niyyətindədirlər. Bunu həyata keçirmək üçün Moskvadan mərkəzləşdirilmiş təzyiqlərin olması gözlənilir. Bu qəsdən Azərbaycanın gözünü qorxutmaq məqsədilə də edə bilər”.

Hərbi ekspertin sözlərinə görə, Rusiya sülhməramlılarına yeni təyin edilən komandanı – Andrey Volkov şovinist siyasəti ilə seçilməsi cəbhədə gərginliyi artırır:

“Burada atəşkəsin pozulmasında Andrey Volkovun da rolu var. O, sanki rus silahlı qüvvəlləri ilə yanaşı, qanunsuz erməni silahlı birləşmələrinin də komandanıdır. Son bir iki ayda Kəlbəcər-Ağdarə istiqamətində tikinti materialları daşıyan karvan heç zaman geri qayıtmamışdı. Amma bunun vaxtında hətta belə şeylər də baş verdi”.

Deputat Elman Nəsirov isə hesab edir ki, Qondarma “Donetsk və Luqansk Respublikaları”nın müstəqilliyinin tanınması Ermənistandakı revanşistlərdə ümid yaradıb.

“İndiyə qədər hesab edirdilər ki, Ermənistan bölgədə Rusiyanın yeganə müttəfiqidir. Çünki Rusiya Azərbaycan münasibətləri əvvəl yalnız strateji tərəfdalıq idisə, artıq fevralın 22-də imzalanan sənəd bu əlaqələri ali, mütəffiqlik səviyyəsinə daşıdı. Atəşkəsin pozulması birmənalı olaraq hərbi əməliyyatların bərpasına gətirib çıxara bilməz. Hansı ordu ilə Ermənistan müharibəyə davam edə bilər?” - deyə Elman Nəsirov ritorik sual verib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.