Admiral: “Putinin Ukraynanı zəbt etmək planı alt-üst olub”

2-04-2022, 00:19           
Admiral: “Putinin Ukraynanı zəbt etmək planı alt-üst olub”
Böyük Britaniya Silahlı Qüvvələri Baş Qərargahının rəisi admiral Entoni Radakin bəyan edib ki, Rusiya prezidenti Vladimir Putinin bütün Ukraynanı zəbt etmək planı alt-üst olub.

Britaniyalı admiral bunu Putinin ciddi səhvlərə yol verməsi ilə əlaqələndirib.

Entoni Radakin bildirib ki, Vladimir Putin rus ordusunun gücü haqda yanlış təsəvvürlərə qapılıb və qoşunlarının onun iddialı planlarını həyata keçirməyə qabil olduğunu xəyal edib.

Fevralın 24-dən Ukraynaya soxulmuş rus qoşunlarının bir hissəsinin son günlər bəzi məntəqələrdən, o cümlədən paytaxt Kiyev ətrafından geri çəkilib Rusiyaya və Belarusa yönəlməkdə olduğunu deyən Entoni Radakin əlavə edib ki, Putinin eyni zamanda Ukraynanın şərqində və cənubunda qüvvələri möhkəmləndirməyə çalışdığı da müşahidə edilir.

Bütün bunları Rusiya üçün mürəkkəb manevr kimi qiymətləndirən Britaniya Silahlı Qüvvələri Baş Qərargahının rəisi bildirib ki, rus qüvvələrinin geri çəkildiyini görən Ukrayna ordusu əks-hücumlara keçəcək. Ona görə Entoni Radakin yaxın həftələrin Ukrayna ordusu üçün də asan olmayacağını vurğulayıb: “Ancaq Putin artıq çox şeydə uduzub. Putin heç də bizi inandırmağa çalışdığı kimi uzaqgörən oyunçu deyil. O, ard-arda yol verdiyi kobud səhvlər ucbatından özünə böyük ziyan vurub”. (Novator)












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.