Bakıda saxlanılan britaniyalı jurnalist danışdı

10-06-2015, 12:43           
Bakıda saxlanılan britaniyalı jurnalist danışdı
Xəbər verdiyimiz kimi, “Platform London” təşkilatının fəalı Emma Hyuz Bakı dünən beynəlxalq aeroportunda saxlanılıb.

Emma Hyuzun özünün verdiyi məlumata görə, o, Bakıya I Avropa Oyunlarını işıqlandırmaq üçün gəlibmiş. Deyib ki, Bakıya Romadan gəlirmiş, amma Azərbaycan sərhədçiləri onu saxlayıb və rəsmi şəkildə bildiriblər ki, 24 saat ərzində Londona göndəriləcək.

Virtualaz.org saytı E.Hyuza yaranmış vəziyyətlə bağlı bir neçə sual ünvanlayıb. Britaniyalı fəal Bakı aeroportunda onunla normal davranıldığını və Dövlət Sərhəd Xidməti əməkdaşlarının onun mobil telefonunu da əlindən almadıqlarını bildirdi.

E.Hyuzun sözlərinə görə, ona qarşı heç bir qanunazidd hərəkətə yol verilməyib. Yeməklə təmin olunub, aeroportun ərazisindəki hərəkət azadlığı məhdudlaşdırılmayıb. Ona hətta Londona pulsuz bilet də verilib.

E.Hyuzun sözlərindən belə anlaşıldı ki, o, Bakıya “Red Repper” jurnalının əməkdaşı kimi gəlib və hansısa tədbirdə iştirak etməli imiş. Amma o, təfərrüatlar barədə şərh verməkdən imtina edib.

Virtualaz.org saytının fotomüxbiri saxlanılan jurnalistin bir neçə fotosunu çəkib. Bu fotolar da göstərir ki, E.Hyuz özünü rahat hiss edir, mətbuat nümayəndələri ilə rahat ünsiyyətə girir, internetdən rahat istifadə edir.

Amma E.Hyuzun Bakıda saxlanılması xəbəri yayılandan bir neçə dəqiqə sonra “Guardian” qəzeti bu insident barədə tələsik böyük məqalə yaydı. Həmin məqalədə bu hadisə ənənəvi anti-Azərbaycan ritorika ilə “bəzədilib”.

Buradan çıxan ilk nəticə budur ki, böyük ehtimalla Hyuzun Bakı səfəri xüsusi missiya olub və Britaniyada kimsə əvvəlcədən belə hesab edib ki, Azərbaycan hakimiyyəti xüsusi tapşırıqla gələn britaniyalı emissarı ölkəyə buraxmayacaq. Ona görə də Hyuzun Bakı aeroportundakı hər addımı britaniyalılar tərəfindən diqqətlə izlənilib. Çünki Britaniya nəşrləri bu haqda onun saxlanılmasından dərhal sonra yazdı.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.