Məhkumluq haqqında arayışın "mygov" üzərindən verilməsinə başlanılıb
Dünən, 16:24
Yaxın günlərdə "mygov"un yenilənmiş versiyasında vətəndaş, müraciət təsdiqləndikdən sonra arayışın hazır olduğu barədə bildiriş ala biləcək.
Artıq məhkumluq haqqında arayışın alınması prosesi tam rəqəmsal formada "mygov" platforması üzərindən həyata keçirilir.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən (İRİA) bildirilib.
Məlumata görə, məhkumluq haqqında arayışı əldə etmək üçün vətəndaş "mygov"a giriş edərək "Xidmətlər" bölməsindən "Məhkumluq haqqında arayış" xidmətinə daxil olur. Arayışın hansı məqsədlə tələb olunduğunu bildirmək üçün "İş yeri" və ya "digər" variantlarından birini seçir.
İş yeri seçildiyi halda vətəndaş əldə etdiyi arayışı fiziki formada quruma təqdim etmək məcburiyyətində qalmır, arayış hazır olan zaman onun nüsxəsi ƏMAS sisteminə rəqəmsal qaydada ötürülür. Arayışın göndəriləcəyi qurumu iki üsulla axtarmaq mümkündür:
Qurumun adını qeyd edərək
Qurumun VÖEN-ni daxil edərək
Digər şəxsi məqsədlər üçün arayış tələb edildikdə isə, sistem vətəndaşı birbaşa müraciət ekranına yönləndirir. Daha sonra vətəndaş arayış üçün göndəriləcək müraciət ərizəsində tələb olunan şəxsi məlumatları yoxlayır. Məlumatlar tam və düzgün olduqda, "Ərizəni oxudum" bölməsini təsdiq edir və "Göndər" düyməsinə klikləyərək müraciətini quruma göndərir.
Yaxın günlərdə "mygov"un yenilənmiş versiyasında vətəndaş, müraciət təsdiqləndikdən sonra arayışın hazır olduğu barədə bildiriş ala biləcək. Qeyd edək ki, müraciət 1 iş günü ərzində təsdiq olunur. Arayışı həmçinin, PDF formatında "Şəxsi məlumatlarım" bölməsindən yükləmək mümkündür.
Vətəndaşlar, "Xidmətin tarixçəsi" bölməsindən bütün müraciətlərinin siyahısını izləyə bilər. Müraciət cavablandırılana qədər vətəndaş tərəfindən yeni müraciət göndərilə bilməz, müraciət tamamlandıqdan sonra yenidən müraciət etmək mümkündür.
Xatırladaq ki, sentyabr ayında Bakıda yenilənmiş "mygov" rəqəmsal hökumət platformasının rəsmi təqdimatı keçirilib. Tədbirdə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov yenilənmiş "mygov" hökumət platformasını Azərbaycanın rəqəmsal inkişafında mühüm mərhələ kimi qeyd edib.
"Rəqəmsal inkişafımızı istiqamətləndirən strategiyamız 3 əsas vektor üzərində qurulub: rəqəmsal hökumət, rəqəmsal cəmiyyət və rəqəmsal biznes. Məqsədimiz bu strategiyadan yola çıxaraq rəqəmsallaşmanın miqyasını genişləndirməkdir", - S.Məmmədov bildirib.