7 faizlik elitanın işığında...

3-06-2025, 16:24           
7 faizlik elitanın işığında...
Ali təhsillilərin sayı çox olan cəmiyyətlərdə cinayətlər daha az baş verir, kriminal durum stabil, həyat səviyyəsi yüksək olur

Təhsil artıq şagirdlərə tək yazı-pozunu öyrətməklə yekunlaşmır, çünki hazırkı dövrdə təhsil prosesi olduqca mürəkkəbdir. Bunu elm və təhsil naziri Emin Əmrullayev “Gələcəyin Qarabağı üçün birgə addımlar” konsept mesajı ilə keçirilən Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu çərçivəsində "Böyük Qayıdış: Çağırışlar və imkanlar" adlı I panel sessiyasında deyib. Onun sözlərinə görə, universitetə qəbul planının sayı artanda vətəndaşlar dərhal iş tapıb-tapmayacağı ilə maraqlanır: "Amma əsas məqsədin təhsil olduğuna fokuslanmaq lazımdır.

Hazırda Azərbaycanda 60 min nəfərin ali təhsil ala bilmək imkanı var. Bu göstərici ötən illərlə müqayisədə 3 dəfəyədək artıb. Ən çox verilən suallardan biri odur ki, bakalavr səviyyəsi üzrə təhsil almaq istəyənlər üçün plan yerlərinin sayını artırmaqla onların hamısı iş tapa biləcəkmi?! Biz də cavabında deyirik ki, bəs təhsil almayanlar iş tapa biləcəkmi? Odur ki, ilkin məqsəd təhsil almaqdır". Emin Əmrullayev həmçinin əlavə edib: "Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq. Həyat çox sürətlə dəyişir və bu dəyişikliklərə uyğun ali təhsilin də hər kəs üçün əlçatan olması vacibdir. Bu, elitar bir anlayış deyil. Təbii ki, xüsusi bacarıqlar tələb edən ixtisaslar istisnadır. Amma kim ali təhsil almaq istəyirsə və ödənişini edə bilirsə, bu hüquqdan istifadə etməlidir". Nazir xatırladıb ki, Azərbaycanda bir həkimin hazırlanmasına dövlət tərəfindən hər il təxminən 40-50 min ABŞ dolları ayrılır: "Avropa ölkələrində isə bu rəqəm 120 min dollara qədər yüksəlir. Əsas məsələ təhsilin məzmununun keyfiyyəti və əmək bazarına lazım olan bacarıqlara malik kadrların hazırlanmasıdır".
E.Əmrullayev nəylə öyünür? Ali təhsil almaq imkanı olanların sayının artması ilə. Deyir ki, hazırda ölkədə 60 min nəfərin ali təhsil ala bilmək imkanı var. Bu göstərici ötən illərlə müqayisədə 3 dəfə çoxdur. Nəyin hesabına ali təhsil almaq imkanı artıb, baxaq. Bəli, dövlət büdcəsindən təhsil sektoruna hər il daha çox maliyyə ayrılır. Bu maliyyə necə, hara xərclənir, bilmirik. Gördüyümüz budur ki, orta məktəbin zəif şagirdləri IX sinifdən çıxır, kolleclərə üz tutur. Niyə, çünki bəzi valideynlər anlayır ki, zəif oxuyan şagirdə əlavə olaraq 2 il də pul xərcləmək əhəmiyyətsizdir, onlardan qəbul imtahanlarında yüksək nəticə gözləməyinə dəyməz. Uzaqbaşı, ödənişli ixtisaslara düşəcəklər. Məsələ, ödənişdirsə, niyə əlavə olaraq 2 il də repititorlara pul xərcləsin?! Övladı kollecə daxil olar, sonra da Allah kərimdi, bəlkə, ali məktəbə də qəbul olundu, o zaman ali məktəb diplomu uğrunda ödəniş edər. Bu, daha sərfəlidir. Zəif şagirdlərə orta ixtisas təhsili almaq imkanı yaradılıb, bu, çox əladı. Amma məsələ, həm də orta məktəbin IX sinfini zar-zor bitirənlərin kollecdən birbaşa ali məktəbə daxil olmalarındadır. Təbii ki, daha çox ödənişli ixtisaslara daxil olacaqlar. Deməli, ali məktəblərə maliyyə mənbəyi lazımdır. Bunu da zəif göstəricili şagirdlər hesabına təmin edirlər. Bəs sonra? Zəif biliklilər də ali təhsil diplomu alır, beləliklə, ali təhsil alanların ümumi sayı yüksəlir. Necə deyərlər, bir daşla bir neçə quş “vurulur”. Əlbəttə, biz yeniyetmələrin, gənclərin təhsillərinə davam etməsinin qətiyyən əleyhinə deyilik. Fəqət, bir sual təbii şəkildə yaranır: ölkəyə keyfiyyətli, savadlı, ixtisasına yüksək səviyyədə yiyələnmiş kadrlar lazımdır, yoxsa kəmiyyət etibarilə yüksək göstəricilər?

Təhsil eksperti Elçin Süleymanov “Sherg.az“a açıqlamasında qeyd etdi ki, təhsil kifayət qədər çətin, uzun müddət və hərtərəfli müşahidə edilməli bir prosesdir və onun nəticələri bir neçə ildən sonra özünü göstərir:

- Emin Əmrullayevin fikirlərini mən də dəstəkləyirəm. Cəmiyyətdə ali təhsillilərin sayı nə qədər çox olarsa, onların iş tapma imkanları da bir o qədər geniş olur. Düzdür, ixtisası üzrə işləməyənlər, vaxt itkisinə məruz qalanlar olur. Bu başqa mövzudur. Amma bu bir həqiqətdir ki, ali təhsillilərin sayı çox olan cəmiyyətlərdə cinayətlər daha az baş verir, kriminal durum stabil, həyat səviyyəsi, həyat keyfiyyəti daha yüksək olur. Ümumiyyətlə isə ali təhsillilər dünya əhalisinin cəmi 7 faizini təşkil edir. Yəni bir şəxsin ali təhsili varsa, deməli o, dünya əhalisinin elitar təhsil almış həmin bu 7 faizinin içindədir. Sırf diplom xətrinə ali təhsil almaq, əlbəttə düzgün deyil. Ali təhsildə müəyyən bacarıqlar əldə edilməlidir. Xüsusilə günümüzdə İT texnologiyaları, süni intellekt, kommunikasiya, ünsiyyət, idarəetmə bacarıqları olarsa, istər dövlət, istərsə də özəl sektorda öz işini quraraq fəaliyyət göstərmək mümkündür. Dövlət Əmək Müfəttişliyi məzunların məşğulluq reytinqini hər il yeniləyir. Universitetlər arasında yüksək, zəif göstəriciləri olanlar var, amma ümumiləşdirsək, bakalavr səviyyəsini bitirmiş məzunların yarısı əmək bazarında təmsil olunur. Yəni hər 2 nəfərdən biri iş tapır. İxtisası üzrə olmasa da. Dövlət sifarişli plan yerlərinin artırılması ilə bağlı cənab nazirin qeyd etdiyi fikir doğrudur. Bu, ölkənin inkişafına təkan verən amildir. Məzunlardan analitik düşüncə, təhlil qabiliyyəti, müasir bacarıqlar tələb olunur. Universitetlərin maddi-texniki bazası kifayət qədər inkişaf edib, xaricdə təhsil proqramları var. Bunlar proqressiv inkişafa müsbət təsir edən amillərdir və bu məqsədlə investisiya qoyuluşunda çəkinmək lazım deyil.

Ekspert qeyd etdi ki, hər nə qədər orta təhsil bazasından gileylər olsa da, son illərdə orta təhsildə göstəricilər daha da yaxşılaşır:

- Dediyim kimi, təhsilin səviyyəsi ilə bağlı xüsusi araşdırmaya, uzun müddətli müşahidələrə ehtiyac var. Amma istər tədris ili ərzindəki imtahanlar, istər buraxılış imtahanlarında əldə edilən ümumi nəticələr, məktəblərin maddi-texniki bazasının gücləndirilməsi, müəllimlərin sertifikasiyası, məktəb direktorlarının imtahanla seçilməsi müsbət addımlardır. Pessimizmə, ümumən yer yoxdur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.