“Azərcell”in növbəti paxırı açıldı – ŞİKAYƏT/ÖZƏL
31-07-2015, 16:09
“Azərcell” mobil operatoru haqda növbəti şikayət daxil olub.
TİA.AZ-a verilən məlumata görə, şirkət xeyli sayda abunəçisini itirdiyi üçün rəsmi saytında internet paketlərini ucuzlaşdırdığını açıqlayıb.
Lakin şirkətin 2002 saylı telefon mərkəzinə operatora bağlanmadan internet paketləri haqda məlumat əldə etmək istədikdə köhnə informasiya meydana çıxır. Şikayətçilərin dediyinə görə, bu da abunəçilərdə çaşqınlıq yaradır.
Yeni internet paketlərindən xəbərsiz olan abunəçi 2002-yə zəng edib, köhnə qayda ilə istədiyi paketin açar sözünü 2525-ə 1 qəpik ödəməklə göndərir. Bu zaman cavab sms-ində sorğunun yanlış olduğu bildirilir. Hər abunəçidən 1 qəpik gəlir götürən “Azərcell” saxtakarlıqla külli-miqdarda gəlir əldə edir.
Abunəçilər TİA.AZ-a müraciət edərək yazırlar ki, ölkə başçısına bu şirkətin dələduz əməlləri barəsində dosye göndərilib. Artıq ölkənin əsas mobil operatoru olan “Azərcell” haqda araşdırmalar rəvac var.
Abunəçilər qeyd edirlər ki, “Simurq” adlı xidmət istifadəçiləri soymaqla narazılıq miqyasını böyüdür: “Xidmət bütün nömrələrdə avtomatik aktivləşir. Xidmət vasitəsilə abunəçinin birbaşa telefonun ekranında müxtəlif məzmunlar yazılır.
Təsadüfən adamın əli telefonun təsdiq düyməsinə dəydikdə hesabdan azı 1 manat, 20 qəpik pul çıxılır. Reklam haqda qanun sərtləşdirilibsə, niyə abunəçiyə bu cür mesajlar gəlir?”
Mobil operatorlarda problem bitmədikcə, mətbuat da öz tənqidi yazılarını davam etdirəcək. Məlumdur ki, mobil operatorların vətəndaşlara yaratdığı problem, “pul yemək” üçün balansdan silinən pullar, danışıq tarifinin yüksək olması və s. kimi problemlər artıq normaya çevrilib. Bununla bağlı dəfələrlə mətbuatda yazılar dərc olunsa da müsbətə doğru heç bir dəyişiklik hiss olunmur.