“Fransa Şimali Afrikada destruktiv siyasət yeridir” - Ankara Parisi ittiham edir
20-06-2020, 00:28
Əgər Xəlifə Həftarın «ordusu» Tripoliyə girmiş olsaydı, Liviyada müharibə və qan tökülməsi ən azı daha 10 il davam edəcəkdi. Bu halda ölkəni xaos gözləyirdi. Bu sözləri «CNN Türk» telekanalına müsahibəsində iyunun 18-də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu səsləndirib.
Onun sözlərinə görə, Ankara Liviyada BMTçətiri altında uzunmüddətli atəşkəs rejiminin əldə olunmasının, bu ölkənin suverenliyinin müdafiəsi və ərazi bütövlüyünün qorunmasının tərəfdarıdır.
Yüksək məqamlı Türkiyə nümayəndə heyətinin Tripoliyə bu yaxınlardakı səfərini şərh edən nazir bildirib ki, Ankara Livyanın BMT tərəfindən tanınmış Milli Razılıq Hökumətini (MRH) qətiyyətlə dəstəkləməkdə davam edəcək.
Səfər barədə əvvəlcədən Vaşinqton və Moskvanı məlumatlandırmaq barədə sualı cavablandıran XİN başçısı deyib: «Biz, öz planlarımız barədə heç kimə məlumat veməmişik».
Çavuşoğlu Liviyaya silah göndərilməsi üzərinə beynəlxalq embarqonun təmin edilməsi istiqamətində Avropa İttifaqının əməliyyatlarını «mənasız təşəbbüs» adlandırıb: “Bu, boş təşəbbüsdür, görüntü yaratmaq məqsədinə xidmət edir, «kosmetik addım» xarakteri daşıyır - göstərmək istəyirlər ki, Avropa da yaxasını kənara çəkməyib”.
Türkiyə XİN başçısı ardınca qeyd edib ki, Ankara Liviyada güc balansını dəyişib və bütün dünya bu faktı tanıyıb. Nazir qeyd edib ki, Həftar Liviya danışıqlarında iştirakçı qismində qəbul edilə bilməz.
Çavuşoğlu Liviya məsələsində Rusiya ilə qarşılıqlı fəaliyyəti yüksək qiymətləndirib, amma Frasanı sərt tənqidə məruz qoyub: “Fransa NATO maraqlarının əleyhinə çıxış edir və Afrikanın şimalında destruktiv addımlar atır”.
AzPolitika.info