“Türkiyəni dünyanın ən böyük iqtisadiyyatına malik 10 ölkədən birinə çevirənə qədər çalışacağıq” - Ərdoğan

7-05-2023, 09:58           
“Türkiyəni dünyanın ən böyük iqtisadiyyatına malik 10 ölkədən birinə çevirənə qədər çalışacağıq” - Ərdoğan
“Uğurlarımızda siyasi baxışından, məzhəbindən, milliyətindən asılı olmayaraq, ölkəsini hər şeydən üstün tutan bütün vətəndaşlarımızın əməyi var”.

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kayseri Cümhuriyyət meydanında keçirilən mitinqdə xalqa müraciəti zamanı deyib.

Ərdoğan son 20 ildə əldə edilən nailiyyətlər barədə danışıb.

“Son 20 ildə Türkiyəyə birlikdə xidmət etdik. Əvvəllər ağlagəlməyən çoxlu layihələri reallaşdırdıq, gözəl işlər ərsəyə gətirdik.

Hətta zəlzələyə baxmayaraq, təqaüdçülərini, işçilərini, məmurlarını inflyasiyaya əzdirməyən Türkiyə varsa, buna sizlərlə birlikdə, çiyin-çiyinə dayanaraq nail olduq.

Bu uğurda siyasi baxışından, məzhəbindən, milliyətindən asılı olmayaraq, ölkəsini hər şeydən üstün tutan bütün vətəndaşlarımızın əməyi var. Bu uğurda son 21 ildə dualarını, dəstəyini əsirgəməyən bütün bacı-qardaşlarımızın payı var. Bu uğur təkcə bizim deyil, bütün 85 milyon insanın uğurudur. İnşallah, mayın 14-dən etibarən bunlara yenilərini əlavə edəcəyik. Türkiyəni dünyanın ən böyük iqtisadiyyatına malik 10 ölkədən biri edənə qədər dayanmadan çalışacağıq. Biz bunu son 21 ildə etdiyimiz kimi birlikdə edəcəyik”, - deyə Rəcəb Tayyib Ərdoğan qeyd edib.

Türkiyə prezidenti gənclərin rifahı ilə bağlı atılan addımlardan da bəhs edib.

“Biz gənclərimizi həqiqətən sevməyin necə ola biləcəyini göstərdik. Gənclərimizin təhsilindən işlə təmin olunmalarına, öz işlərini qurmalarından evliliklərinə qədər qrant və kreditlərlə hər addımlarında yanlarında olacağıq”, - deyə Ərdoğan bildirib.

“Artıq Avropadan da yaxşı səhiyyə sisteminə, sosial təminat sisteminə, rəqəmsal infrastruktura, elektron hökumətə malikik. Artıq öz sahəsində dünyanın ən qabaqcıl texnologiyaları ilə təchiz edilmiş İHA, SİHA, “Akıncı”lara, “Kızılelma”lara və ANKA-lara sahibik.

Donanmamızın flaqmanı olan “TCG Anadolu” gəmisini ordumuza təslim etdik.

Artıq rəsmi olaraq nüvə enerjisinə sahib olan ölkələr liqasına yüksəlmişik.

Biz ölkəmizin bütün bu imkanlarını günü-gündən təkmilləşdiririk”, - deyə Ərdoğan vurğulayıb. (Mənbə: TRTHaber)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.