TRAMPIN KEÇMİŞ MÜŞAVİRİ QALMAQALLI PLANINI İŞƏ SALIR- "Avropa siyasətində "tektonik tərpənişlər" olacaq"
24-10-2018, 07:50
Ağ Evdən uzaqlaşdırılan keçmiş baş strateq Stiven Bennonun qalmaqallı “The Movement” layihəsi reallaşmağa başlayır. Avropadakı sağçıları bir araya gətirməyi hədəfləyən layihənin iştirakçıları nəhayət ki, bir araya gəlir. “EUobserver”ə müsahibəsində Belçika Xalq Partiyasının rəhbəri Mikael Modrikamen qurumun təsis yığıncağının yanvarın ortalarında Brüsseldə keçiriləcəyini açıqlayıb.
Görüşə Avropanın sağyönümlü 30-a yaxın hərəkat və partiyası, həmçinin ABŞ administrasiyasının nümayəndələri və mühafizəkar “Çayiçmə” hərəkatı qatılacaq.
Modrikamenin sözlərinə görə, gələcəkdə onlara Avropa və ABŞ hüdudlarından kənarda olan siyasi qüvvələr də qoşula bilər. Modrikamen “The Movement”in şəxsi ianələr hesabına mövcud olacağını bildirib.
“The Movement”in yaradılması haqda ilk dəfə bu ilin iyulunda məhz Bennon məlumat vermişdi. Bennon ABŞ prezidenti Donald Trampın müşaviri olub. Tramp 2018-ci ilin yanvarında Bennondan imtina edərək onu “şüursuz” adlandırmışdı.
Tramp və Bennon
Bennon yeni layihəsindən danışarkən etiraf etmişdi ki, Brüsseldə Avropa Birliyini laxlatmağı və iflic etməyi hədəfləyən “The Movement” adlı siyasi təşkilat yaradıblar. Köməkçisi Rahim Kassam isə əlavə etmişdi ki, təşkilatın illik büdcəsi və dəqiq strukturu var və işbirliyi üçün əməkdaşlar toplayırlar.
“The Movement”in tanınmış milyarder Corc Sorosun yaratdığı “Açıq Cəmiyyət” (“Soros”) fondunun ideya alternativi olması planlaşdırılır. «Soros möhtəşəmdir”, – deyə Bennon “Daily Beast”ə açıqlamasında bildirib.
Yeri gəlmişkən, “Soros” fondu yarandığı gündən – 1984-cü ildən bu yana liberal layihələrin maliyyələşdirilməsinə 30 milyard dollardan çox pul xərcləyib.
Bennon təşkilatda sosioloji sorğular üzrə ekspert və kommunikasiya üzrə mütəxəssis də daxil olmaqla ən azı 10 daimi işçinin olacağını deyib. Getdikcə ştat genişlənəcək və işçilərin sayı bir neçə dəfə artacaq.
“Reuters”ə açıqlamasında Bennon bildirib ki, onun populistik layihəsi Avropa siyasətində “tektonik tərpənişlərə” səbəb olmalıdır.
Rahim Kassam isə qeyd edib ki, sözügedən hərəkat populist və milliyyətçi hərəkatlar üçün koordinasiya mərkəzi olacaq: “Diqqətimizi suverenlik, sərhəd nəzarəti, əmək bazarı kimi məsələlərdən narahat olan şəxs və təşkilatlara dəstək verməyə yönəldəcəyik”.
“The Movement”ə münasibətdə ultrasağçı partiyalar arasında konsensus yoxdur. İtaliyadan olan sağçılar layihəyə dəstək verirlər. Sentyabrın 7-də Bennon və Modrikamenlə görüşən İtaliya baş nazirinin müavini və “Liqa” partiyasının sədri Matteo Salvini yeni yaranmış təşkilatı dəstəklədiyini bəyan edib.
Mikael Modrikamen
Lakin Fransa və Almaniyadakı ultrasağçılar “The Movement”in planlarına şübhə ilə yanaşırlar. Fransalı ultramillətçi Marin Le Penin sözlərinə görə, Bennonun layihəsi yalnız təhlil və sosioloji araşdırmalarla məşğul olacaq. Avropalılar da öz siyasətlərini müstəqil şəkildə həyata keçirməyə davam edəcəklər.
Marin Le Penin bu fikirlərini şərh edən Modrikamen bildirib ki, “The Movement”in məqsədi mühafizəkarlara dialoq üçün forum təşkil etməkdir.
“Almaniya üçün alternativ” partiyasının sədri Yorq Moyten yeni hərəkatın iş prinsipləri ilə bağlı detallı məlumata sahib olmadıqlarını deyir: “Hələlik bizdə səhih məlumat yoxdur. İstənilən halda iki məqamdan danışmaq olar. Birincisi, cənab Bennon Avropa Parlamentinə keçiriləcək qarşıdakı seçkilərdə vacib rol oynamayacaq. İkincisi də, partiyada Avropa İttifaqına skeptik yanaşırlar və xarici dəstəyə ehtiyac görmürlər”.
Moyten beynəlxalq analitik mərkəzin yaradılmasına dəstək verməyə hazır olduğunu da qeyd edib.
Bu arada, Avropadakı əsas sağçı partiyalar bunlardır:
Fransa – Marin Le Penin rəhbərlik etdiyi Milli Birlik Partiyası. Partiya yerli parlamentdə 577 yerdən 8-ni, Avropa Parlamentində 751 yerdən 16-nı tutur;
İtaliya – Matteo Salvininin rəhbərlik etdiyi Liqa Partyası. Partiya yerli parlamentdə 620 yerdən 122-nə, Avropa Parlamentində 5 yerə sahibdir;
Böyük Britaniya – Naycel Fərəcin rəhbəri olduğu Birləşmiş Krallığın Müstəqilliyi Partiyası. Lordlar palatasında 3 yerə, Avropa Parlamenində 24 yerə sahibdir;
Almaniya – Almaniya Üçün Alternativ Partiyası. Bundestaqda 709 yerdən 94 yerə, Avropa Parlamentində 2 yerə sahibdir;
Avstriya – Vitse-kansler Xayns-Kristiano Ştraxın rəhbərlik etdiyi Avstriya Azadlıq Partiyası. Yerli parlamentdə 183 yerdən 51 yerə, Avropa Parlamentində 4 yerə sahibdir;
Macarıstan – Baş nazir Viktor Orbanın rəhbərlik etdiyi Fides Partiyası. Yerli parlamentdə 199 yerdən 133-nə, Avropa Parlamentində 12 yerə sahibdir;
İsveç – İsveç Demokratları Partiyası. Yerli parlamentdə 349 yerdən 62 yerə, Avropa Parlamentində 2 yerə sahibdir.
Yeri gəlmişkən, Bennon Britaniyanın bu ilin əvvəlində istefa verən xarici işlər naziri Boris Consonla da sıx təmasdadır. Mətbuatın yazdığına görə, onlar Avropa siyasətinə ciddi təsir edə biləcək addımları birlikdə planlışdırırlar.
Bennon bu ilin yayında Londona səfəri zamanı Boris Consonu “Çörçilin şagirdi” adlandıraraq onu baş nazir Tereza Meyə meydan oxumağa çağırmışdı.
İddialara görə, “Brexit”in qatı tərəfdarı və Britaniya baş naziri postuna real namizəd olan Boris Consonla ittifaq Bennona Avropadakı siyasi dramların əsas iştirakçısı olmağa kömək edəcək. Lakin mətbuatın fikrincə, adının Bennonla qoşa çəkilməsi Consonun nufuzuna zərbə vura bilər. Belə ki, britaniyalı seçicilər Bennonun populistik ritorikasını ifrat hesab edirlər.
Strateq.az