NKVD və MKİ-ni barmağına dolayan kəşfiyyatçı: “Niyə gecikdiz?..” – Dosye

25-10-2018, 10:03           
NKVD və MKİ-ni barmağına dolayan kəşfiyyatçı: “Niyə gecikdiz?..” – Dosye
1938-ci ildə SSRİ-də “Böyük təmizlik” adı altında həyata keçirilən repressiyaları Aleksandr Orlov İspaniyadan izləyirdi. Moskvadan gələn məxfi əmrlə gəmiyə minib ölkəyə qayıtmasının tövsiyə ediləcəyini ehtimal edən Orlov dərhal hərəkətə keçir. NKVD-nin kassasından 60 min dolları çıxardıqdan sonra xanımı və qızını götürərək Kanadaya qaçır.

Teleqraf.com məşhur sovet kəşfiyyatçısı, mayor, NKVD-nin Fransa, Avstriya və İspaniyada rezident əlaqələndiricisi Aleksandr Orlovun dosyesini təqdim edir.

Orlov Belarusun Bobruysk kəndində yəhudi ailəsində doğulub. Əsl adı Leiba Lazereviç Feldindir. Sonralar Moskvada Lazerevski İnstitutunda təhsil alsa da, oranı yarımçıq qoyaraq Moskva Dövlət Universitetinin hüquq fakültəsinə daxil olur.

Amma I Dünya müharibəsinin başlaması Orlovun fakültəni bitirməsinə imkan vermir. Onu Çar ordusuna çağırırlar.

1917-ci ildə bolşevik inqilabı uğurlu alınır və Orlov inqilabçılarla bir mövqedə dayanır. Bir müddət qızıl ordunun zabiti kimi xidmət keçir. Xüsusilə, Polşa sərhədində düşmən cəbhəsində sabotaj xarakterli əməliyyatların iştirakçısı və idarəçisi olur.

1921-ci ildə ordudan çıxaraq hüquq təhsilini davam etdirir. Eyni zamanda məhkəmələrdə işləyir. 1924-cü ilin mayında kəşfiyyat xidmətinə qəbul olunur, ilk dövrlər iqtisadi sahələr üzrə çalışır. Sonralar yaxın qohumunun Qafqaz bölgəsinə böyük vəzifəyə təyin edilməsinin ardınca Orlov ailəsi ilə birlikdə Tiflisə köçür, burada işləyir. Lakin qızı xəstələnir.

Qızının müalicəsini Avropada davam etdirmək niyyətində olan Orlov NKVD-nin xarici ölkələrdə fəaliyyət göstərən strukturuna keçirilir və Sovet Ticarət Attaşeliyinin nümayəndəsi kimi Parisə göndərilir.

Fransada bir illik xidmətdən sonra Berlinə göndərilir. 1930-cu ildə yenidən Moskvaya qayıdır. İki il sonra ABŞ-dakı qohumlarının vasitəsilə Amerika pasportu almaq və Avropada rahat səyahət etmək imkanı əldə etmək üçün yola çıxır. Leon L.Nikolayev adı ilə 1932-ci ilin 22 sentyabrında Bremendən ABŞ-a hərəkət edir.



Viliam Goldin adına pasport aldıqdan sonra elə həmin il gəmi ilə Almaniyaya qayıdır. Moskvaya gələrək yenidən xaricdə fəaliyyət göstərmək istəyini ifadə edir. Əsas məqsədi xəstə qızını Vyanada Karl Noorden adlı həkim tərəfindən müalicə edilməsinə nail olmaq idi.

Orlovun bu istəyi baş tutur və 1933-cü ilin may ayında ailəsi ilə birlikdə Vyanaya gedir. Əsasən Cenevrə və Fransada kəşfiyyat fəaliyyəti göstərir. Orlov 1935-ci ildə xidmətini başa vuraraq yenidən Moskvaya qayıdır. Bir müddət NKVD-nin aşağı səviyyəli strukturunda işləyir.

1936-cı ildə Orlov İspaniya Daxili İşlər Nazirliyinin ilə əlaqə zabiti kimi İspaniyaya göndərilir. 1936-cı ilin oktyabrında Madridə çatır. İspaniyada vətəndaş müharibəsi zamanı ölkənin qızıl ehtiyatlarının Moskvaya daşınması əməliyyatına rəhbərlik edir. Bu, faktiki olaraq İspaniyada respublikaçı hökumətin SSRİ-dən alacağı hərbi yardım üçün təminat və ya ödəniş demək idi. Bu çətin vəzifəni Orlov yüksək səviyyədə həyata keçirə bilir. 510 ton qızılı dağlardakı sığınacaqlardan Cartagena limanına gətirib çıxarır və Almaniya qırçılarının hava hücumu təhdidi altında 4 rus gəmisinə yükləyərək Odessaya çatdırır.

Sonradan bu qızıllar Moskvaya zirehli qatarla gətirilir. Bu xidmətinə görə Orlov “Lenin” medalına layiq görülür.

Ancaq Orlovun vəzifəsi bununla məhdudlaşmırdı. Onun əsas vəzifəsi İspaniyada vətəndaş müharibəsi zamanı bu ölkədə güclü olan Trotskiçilərlə savaş idi. Bu illərdə Trotski Stalin hakimiyyəti və SSRİ-yə qarşı sərt çıxışları ilə diqqət mərkəzində idi. Qızıl ordunun sabiq zabiti və inqilabın memarlarından olan Trotski artıq sovet hakimiyyətinin yox edilməsinin vacibliyi haqqında danışacaq qədər irəli getmişdi.

Belə bir mürəkkəb dövrdə xidmət keçən Orlov İspaniyada Trotskiçilərə qarşı müxtəlif əməliyyatlar həyata keçirir. Məsələn, İspaniyada Trotskçi Markisist Birlik İşçi Partiyasının lideri Andrey Ninin öldürüldüyü iddia olunurdu. Onun NKVD tərəfindən həyata keçirildiyi haqda məlumatlar da var.

Onun İspaniyada belə çətin, bir qədər də cinayətə bulaşaraq SSRİ üçün göstərdiyi xidmətlərə paralel olaraq 1938-ci ildə SSRİ-də “Böyük təmizlik” adı altında güllələnmələr, ölüm və həbslər həyata keçirilirdi. Bu prosesi Aleksandr Orlov İspaniyadan izləyirdi. Onun tanıdığı yaxın şəxslər də “Böyük təmizlik” siyasətinin qurbanına çevrilmişdi. Moskvadan gələn məxfi əmrlə gəmiyə minərək ölkəyə qayıtmasının tövsiyə ediləcəyini ehtimal edən Orlov dərhal hərəkətə keçir.

NKVD-nin kassasından 60 min dollar pulu çıxardıqdan sonra xanımı və qızını götürərək Kanadaya qaçır.

Kanadaya çatar-çatmaz Orlov NKVD-nin bu ölkədəki rezident əlaqələndiricisi Nikolay Yezova məktub yazaraq onu təhdid edir, bildirir ki, əgər özü və ailə üzvlərindən birini öldürmək məqsədilə göstəriş verilsə, bildikləri sirlərin üstünü açacaq.

Məktubun içinə isə Avropada məxfi xidmət göstərən SSRİ agentlərinin kod adlarını və şəxsi informasiyalarını qoyur.

Orlov Trotskiyə ayrıca məktub yazaraq oğlu Lev Sedovun dostları arasında olan NKVD agentinin onu öldürməyə cəhd edəcəyini xəbər verir. Bundan sonra Orlov ABŞ-a keçəcək və 1969-cu ilə qədər ondan səs-soraq çıxmayacaqdı.

Ancaq Stalinin 1953-cü ildə ölümündən sonra və özünün miqrasiya etməsindən 15 il sonra Orlov yenidən ortaya çıxaraq “Stalinin cinayətlərinin gizli tarixi” adlı kitab yazır.

Kitabda əvvəllər açıqlanmayan bir çox cinayətlərin NKVD tərəfindən icra olunduğu iddia edir. Kitab hər hansı mənbə və rəsmi sənədlərə istinad etmədiyi üçün yazılanlar baş verənlərə tarixi yanaşma kimi qəbul olunur və ciddi səs-küy yarada bilmir.

Üstəlik, kitabda adı çəkilən şəxslərin çoxu həyatda olmadığı üçün tutarlı qəbul edilmir və biznes məqsədilə yazıldığı düşünülür.

Amma kitabda yazılanlar ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi və Federal Təhqiqatlar Bürosunu pis vəziyyətə salır. NKVD-nin ən təhlükəli əməliyyatlarında iştirak edən, bəzən bu əməliyyatların rəhbər olmuş sovet kəşfiyyatçısı 15 il müddətinə ABŞ-da yaşayıb və bundan kəşfiyyat məlumatsız olub.

Bundan sonra Orlov Federal Təhqiqatlar Bürosunda və Senatın komissiyalarında sorğu-suala çəkilir. Buna rəğmən Avropa və qərbdəki sovet kəşfiyyatının casuslarının aid hər hansı bir ad vermir.

Orlov və xanımı ABŞ-da gizli və rahat həyatlarını davam etdirir. 1963-cü ildə Mərkəzi Kəşfiyyat İdarəsi Orlovun başqa bir kitabının nəşr olunmasına dəstək verir. Ayrıca Miçiqan Universitetinin hüquq fakültəsində işə düzəlməsinə köməklik göstərir.

Orlov 1973-cü ildə vəfat edir. Onun son kitabını 2004-cü ildə FTB agenti Ed Gazur nəşr etdirir.

Bəzi iddialara görə, hətta FTB agentləri Orlov haqqında informasiya toplayıb onu sorğu-suala aparmaq üçün mənzilinə gələndə məşhur kəşfiyyatçı “niyə gecikmisiniz” ifadəsini işlədib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.