“Süd bəhanədir, eşşək ətinin satışına hazırlıq gedir”- Eyyub Hüseynov

27-10-2018, 09:09           
“Süd bəhanədir, eşşək ətinin satışına hazırlıq gedir”- Eyyub Hüseynov
Bu günlərdə Azərbaycanda ilk eşşək fermasının yaranması xəbəri xeyli səs-küyə səbəb oldu. Media və mətbuat nümayəndələri həmin fermadan reportaj hazırlayaraq, ictimaiyyətə təqdim etdilər. Ardınca Qida Təhlükəsizliyi Agentliyinin (QTA) nümayəndələri açıqlama yayaraq, həmin fermanın qanunsuz fəaliyyət göstərdiyini bildirdi.

QTA-nın məlumatlnda deyilirdi ki, heç bir elmi əsasa, tədqiqat işinə, laborator müayinələrinin nəticələrinə istinad etmədən eşşək südünün yüksək keyfiyyətə malik, müalicəvi məhsul kimi təqdim olunması yolverilməzdir və bu, insanlar arasında çaşqınlığa gətirib çıxarır: “Ümumiyyətlə, beynəlxalq təcrübədə bu tip yeni təsərrüfat sahələri fəaliyyətə başlamazdan, məhsullar istehlakçılara təqdim olunmazdan əvvəl bu sahədə elmi-təcrübi işlər həyata keçirilir, məhsulun normativ-texniki sənədləri hazırlanıb təsdiq olunur, istehsalın standartları müəyyənləşdirilir və yalnız bundan sonra məhsulların istifadəsi haqqında müvafiq qərar qəbul olunur. Hazırda da ölkəmizdə ulaq südünün istifadəsi, müalicəvi əhəmiyyəti barədə heç bir normativ sənəd mövcud deyil”.

Adı çəkilən fermanın nümayəndəsi Ülvi Hidayətzadə isə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, fermanın süd satışına başlaması məlumatı doğru deyil: “Biz bu işlərə başlamazdan öncə Qida Təhlükəsizliyi Agentliyinə müraciət etmişdik. Qurumun da nümayəndələri fermaya gələrək heyvanların saxlanılma şəraiti ilə maraqlanıb, analizlər götürüblər. Qeyd edim ki, fermadakı hər bir heyvan baytar nəzarətindən keçib, qulaqları nömrələnib. Qurumdan müsbət cavab aldıqdan sonra istehsal edəcəyimiz südün satışa başlamasını düşünürük”.

Ü.Hidayətzadə fermanın tam bağlanması xəbərini də təkzib etdi: “Hələ ki danışıqlar gedir. Agentlik son sözünü deməyib. Yəni fermamızın bağlanması məlumatı doğru deyil. Bir qədər keçsin, məsələ aydınlaşsın, mətbuat konfransı keçirib məsələyə aydınlıq gətirəcəyik. Həmçinin gələcəkdə xarici ölkələrin, o cümlədən İtaliyanın, Almaniyanın texnologiya təcrübəsini həyata keçirməyi düşünürük. Biz süd satırıq, pis iş görmürük. İnanmıram ki, kimlərsə bizə mane olmaq istəsin”.

Qeyd edək ki, ölkəmizdə bu cür fermanın yaranmasına münasibət birmənalı deyil. Bəzi ekspertlər müsəlman ölkəsində eşşək südünün satılmasının doğru olmadığını, bu üsulla ancaq istehlakçıların aldadıldığılnı qeyd edir, digər ekspertlər isə israrla eşşək südünün əhəmiyyətinin misilsiz olduğunu vurğulayır, fermanın yaranmasını təqdir edir, onun bağlanması xəbərini narazılıqla qarşılayır, ortada rüşvət amilinin olmasını ehtimal edirlər.


Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov mövzu ilə bağlı “Yeni Müsavat”a danışdı: “Qida Təhlükəsizliyi Agentliyinin əsasnaməsində qeyd olunub ki, istehsal olunacaq südün təhlükəsizliyi ilə bağlı sənəd verəcəklər. Həmin sənədin verilməsi üçün əsasnamədə qeyd olunan tələblər yerinə yetirilməlidir. Əgər qurum qidanın istehlakçının masasına qədər gedib çatmasını izləmə sistemini təşkil edərsə, onda icazə verəcək və yalnız o zaman süd bazara çıxarılacaq. İnanmıram ki, bu məsələdə hansısa rüşvət amili olsun”.

Qurum sədri ölkəmizdə bu cür fermanın yaranmasını birmənalı olaraq narazılıqla qarşıladığını dedi: “Eşşək südünün insan xeyri barədə heç bir elmi-məqalələr, araşdırmalar yoxdur. Bu, qədimdən bu günə gəlib çatan xalq təbabətinin iddialarıdır. Bu baxımdan dəfələrlə demişəm ki, hansısa alimin gözəl üzlüklü jurnallarda açıqlaması elmi araşdırma deyil. Buyursunlar, hansısa elmi institutun elmi araşdrımasını ortaya qoyduqdan sonra biz onlara inana bilərik. Düşünürəm ki, bu istehlakçıların aldadılmasıdır. Kimsə kimdənsə pul qopartmağa çalışır. Ağıllı adam aldadılmaz və yaxud aldadıldığı üçün məhkəməyə müraciət edər”.

E.Hüseynov adı çəkilən fermada monitorinq keçirməyi düşünmədiyini də söylədi: “Birmənalı şəkildə həmin fermada monitorinq keçirməyi düşünmürük. Çünki islam ölkəsi olan Azərbaycanda yaşayırıq və islamın haram hesab etdiyi eşşək südü məsələsi var. Bəlkə dəvət etsələr gedərik, amma bu haqda birmənalı şəkildə düşünmürük. Ümumiyyətlə süd bəhanədir, eşşək ətinin satışına hazırlaşırlar”.

Bəs iqtisadçı ekspertlər bu cür özəl biznes qurumunun yaranmasını necə qəbul edirlər? İqtisadçı Natiq Cəfərli məsələyə bu cür mövqe bildirdi: “Ümumiyyətlə, bu cür fermanın yaranması özəl təşəbbüsdür, yəni özəl sektorda çalışan insanların özlərinin ideyası əsasında yaranmış biznes növüdür. Burada istehlakçı kimi hamımızı maraqlandıran əsas suallar bundan ibarətdir ki, həmin südün insan sağlamlığı üçün bir ziyanı varmı, səhhətə mənfi təsir göstərə bilərmi və sairə. Dövlət də nəzarət funksiyalarını ancaq bunun üzərində qurmalıdır. Əslində həmin fermanın dövlətdən icazə alıb-almaması ikinci dərəcəli məsələdir. Dövlətin marağında olmalıdır ki, yeni özəl qurumlar, iş yerləri yaransın, ideyalar formalaşsın. Əgər həmin ferma rəhbərləri istehsal edəcəkləri südü başqa adla satışa çıxarsaydılar, bu artıq ciddi qanun pozuntusu olardı. Lakin məlum olduğu kimi ferma adı, brendi ilə məhsul istehsal etmək istəyir. Dövlət əslində bu baxımdan onlara dəstək olmalı idi. Hansısa özəl təşəbbüsü anındaca boğmağa çalışmaqdansa, onu düzgün istiqamətə yönləndirmək dövlətin əsas vəzifələrindən biridir”.

“Hələ qədimdən eşşək südündən misilsiz dərman kimi istifadə olunur. Hazırda dünyanın bir çox ölkəsində, o cümlədən Türkiyədə eşşək fermaları var və orada eşşək südü istehsal edir, yüz minlərlə insan ondan alıb istifadə edir. Dünyanın heç bir yerində heç bir iynə-dərmanla göy öskürəyi 2-3 gündə kəsmək mümkün deyil. Eşşək südü isə ilk gündə göy öskürəyi aradan qaldıra bilir”. Bunu isə qəzetimizə təbii üsullarla müalicəyə üstünlük verən həkim Seyfəddin Əsəd dedi.

Onun sözlərinə görə, eşşək südünün üstünlüyü ondan ibarətdir ki, tərkibinə görə ana südünə olduqca yaxındır. “Əvvəllər deyirdilər ki, keçi südü ana südünə yaxındır, lakin eşşək südü ondan əvvəl gəlir. Bu süddə xəstəliklər olmur. Eşşək südündən təkcə göy öskürəyin müalicəsi üçün deyil, həmçinin bir çox başqa xəstəliklərin müalicəsində istifadə olunur. O, həmçinin xərçəng riskinin azalması və mədə-bağırsaq pozuntularında misilsiz əhəmiyyətə malikdir”, - deyə həkim qeyd elədi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.