Keçmiş polis rəisi yenidən hakim qarşısında - Səbəb

18-02-2019, 12:16           
Keçmiş polis rəisi yenidən hakim qarşısında - Səbəb
Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinin keçmiş rəis müavini yenidən hakim qarşısında.

AzNews.az-ın məlumatına görə, Kənan Tofiq oğlu Babayevin məhkəmə prosesi fevral ayının 19-da Ali Məhkəmənin hakimi Fərhad Kərimovun sədrliyi ilə keçiriləcək. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti, təqsirləndirilən şəxslər isə apellyasiya şikayətləri veriblər.

Xatırladaq ki, İlham Məmmədov, Qurban Novruzov, Yaşar Sümer və Kənan Babayev CM-nin 186.2.2 (əmlakı qəsdən məhv etmə yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) və 309.2-ci (vəzifə səlahiyyətlərini aşma, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə) maddələri ilə təqsirləndiriliblər.

Belə ki, 2013-cü il mayın 2-də Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, ev 3 B №-li yaşayış binasının qarşısında Almaniya vətəndaşı Şilder Vüsal Adolfun (1992-cı il təv.) qəsdən öldürülməsi ilə bağlı istintaqı aparılan cinayət işindən, həmin il aprelin 11-də həmin şəxs tərəfindən idarə olunan “Mercedes” markalı avtomaşının qəsdən zədələnməklə xeyli miqdarda ziyan vurulması, vəzifə səlahiyyətlərini aşma və vəzifə səlahiyyətlərindən sui-istifadə etmə faktları üzrə İlham Məmmədov, Qurban Novruzov, Yaşar Sümer və Kənan Babayev barələrində cinayət işi ayrıca icraata ayrılmaqla ibtidai istintaqı davam etdirilib.

Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində aparılmış istintaqla müəyyən edilib ki, polis mayoru İlham Məmmədov DİN Baş Mühafizə İdarəsi Binəqədi rayon mühafizə idarəsinin baş mühafizə inspektoru vəzifəsində işləyərkən 2013-cü ilin aprel ayında tanışı, Türkiyə vətəndaşı Yaşar Sümer vasitəsi ilə sonuncuya sürücü kimi xidmət edən Qurban Novruzov külli miqdarda pul vəd edərək Qərb Universitetinin 2-ci kursunda oxuyan Vüsal Şilderi ifşa etməyi tapşırıb. Sonuncu idarə etdiyi “Volkswagen” markalı avtomaşında Yaşar Sümerlə birlikdə “Mercedes SLK” markalı avtomaşını idarə edən Vüsal Şilderi mütəmadi olaraq izləyib.

Aprelin 11-də Qurban Novruzova idarə etmək üçün “Mercedes” markalı avtomaşını və bir bükümdə 0,12 qram marixuananı verərək həmin avtomaşınla Şilderin idarə etdiyi avtomobili vurmağı, yol-nəqliyyat hadisəsindən istifadə edib sonuncunun polis bölməsinə aparılması üçün narkotik vasitəni avtomaşınına yerləşdirməyi tapşırıb.

Qurban bundan imtina etdikdə İlham Məmmədov ona 3000 manat pul və məsuliyyətə cəlb olunmayacağına təminat vəd edib. Həmin gün Novruzov Nərimanov rayonu, Təbriz küçəsində yerləşən “McDonalds” restoranının yaxınlığında Şilderin idarə etdiyi avtomobili qəsdən vurub, sonra isə xeyli miqdarda ziyanın ödənilməsi adı ilə Vüsalı tanışı Kənan Babayevin rəis müavini olduğu Binəqədi RPİ 7-ci polis bölməsinə gətiriblər.

Kənan Babayev İlham Məmmədov ilə əvvəlcədən əldə olunmuş razılığa əsasən öz qulluq səlahiyyətlərindən istifadə etməklə bölmə əməkdaşlarına qanunsuz göstəriş verib. Axtarış zamanı Qurban Novruzovun üzərindən güya narkotik vasitə aşkar olunub, eləcə də əsassız olaraq polis bölməsinə gətirilmiş Vüsal Şilderdən hər hansı bir qanun pozuntusuna yol verməməsinə baxmayaraq izahat alınıb. Sonra özəl telekanallardan birindən çəkiliş qrupu dəvət etməklə xidməti otağında Vüsal Şilderi Qurban Novruzovla birlikdə çəkiliş qrupuna təqdim edib, onların barələrində narkotik vasitənin istifadəçisi kimi reportaj hazırlatdırıb. Bununla da, Vüsal Şilderin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurulub.

Xatırladaq ki, mayın 2-də Ə.Rəcəbli küçəsində Vüsal Şilder aldığı iki bıçaq xəsarəti ilə əlaqədar xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. DİN Baş Cinayət Axtarış İdarəsi, Bakı ş. Baş Polis İdarəsi, Nərimanov RPİ, 18-ci polis bölməsi və Şabran RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində qətldə şübhəli bilinən Şabran rayon sakini, əvvəllər məhkum olunmuş Elman İsgəndərov və Abşeron rayon sakini Seymur Talıbov saxlanılıblar. 2014-cü il dekabrın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İsgəndərov 15, Talıbov isə 2 il müddətinə azadlıqdan məhrum olunublar.

Həmin il avqustun 26-da Binəqədi rayon məhkəməsinin hökmü ilə İlham Məmmədov və Qurban Novruzov 6 il 6 ay, Yaşar Sümer 4 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunublar, Kənan Babayev barəsində 4 il şərti cəza təyin edilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.