İranda vurulan təyyarə ətrafında qalmaqal böyüyür - sensasion iddialar, rəylər...
11-01-2020, 10:16
180 nəfərin öldüyü Ukraynaya aid təyyarənin İran tərəfindən “Tor” sistemi ilə vurulması ehtimalı və ABŞ-ın hava hücumu sistemlərinə müdaxiləsi araşdırılır; Zelenski də raket dəydiyini istisna etmir, Saakaşvili isə Tehranı etirafa çağırır
Ukraynanın “Boinq 737-800" təyyarəsinin İranda qəzaya düşməsi və 180 nəfərin ölməsi ilə bağlı mülahizələr, versiyalar, rəylər səngimək bilmir.
Tehranın ABŞ-ın İraqdakı bazalarına raket zərbəsi endirməsi ilə eyni vaxtda təyyarənin qəza etməsi bu iki hadisə arasında bağlılıq olması ehtimallarını gücləndirir.
Rəsmilər terakt variantını, İranın Ukrayna təyyarəsini vurması versiyasını səsləndirməsələr də, müxtəlif KİV-lər və analitiklər bu ehtimalı istisna etmirlər.
Pompeodan gözlənilməz mövqe
ABŞ Dövlət katibi Mayk Pompeo isə yanvarın 10-da deyib ki, qəzanın səbəbi texniki çatışmazlıq ola bilər, amma tədqiqatların nəticəsini gözləmək lazımdır.
Onun fikrincə, həqiqətə çox sürətli çatmalıyıq: “Gərək qəzanın əsl səbəbini anlayaq. Görünür, bu texniki çatışmazlıq idi”.
Göründüyü kimi, İrana qarşı hər zaman açıq şəkildə düşmən mövqeyində dayanan, bu ölkəyə sanksiyaların gücləndirilməsinin tərəfdarı olan, hətta qonşu ölkənin vurulmasına qarşı çıxmayan Pompeo bu dəfə təyyarənin partladılması ehtimalını irəli sürməyib, İranı ittiham etməyib.
Lakin ABŞ prezidenti Donald Tramp Pompeodan bir gün qabaq “təyyarə səhv nəticəsində vurula bilərdi” versiyasını müdafiə edib.
Qərb mediasına yayılan videolardan birində isə sərnişin təyyarəsi istiqamətində raket atıldığı, bundan sonra partlayış baş verdiyi bildirilir.
“Nyu York Tayms”ın ictimailəşdirdiyi videonu çəkən şəxsin gecə 4-də küçədə dayanıb, kamerasını göyə tuşlamasının səbəbi soruşulur.
“Maraqlıdır, gecə 4:45-də bu şəxs göyə tuşlanmış kamera ilə küçədə nə gəzir”, - deyə sual ünvanlanır.
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov da maraqlı açıqlama yayıb.
O bildirib ki, prezident Vladimir Zelenskinin tapşırığı əsasında qəza ilə bağlı araşdırma aparan komissiya üzvləri Tehrana gedib.
Qrupun tərkibində 12 nazirliyin 45 nümayəndəsi var. Onlar müxtəlif versiyaları nəzərdən keçirirlər.
Versiyalardan biri də təyyarənin İrana məxsus ZPK “Tor” sistemindən atılan raketlə vurulmasıdır. Yayılan informasiya və videolarda artıq ərazidə “Tor” raketinin qalıqlarının tapıldığı bildirilir.
Danilovun sözlərinə görə, təyyarənin başqa “uçan obyektlə” toqquşması da istisna edilmir: “Bizim komissiya iranlı mütəxəssislərlə birgə qəza yerində ”Tor" raketinin qalıqlarının tapılması ilə bağlı informasiyanı yoxlamaqla bağlı İran tərəfi ilə razılaşıb".
Ukrayna təyyarəsi ile ilgili görsel sonucu
Saakaşvili: “İranlılar yalan danışırlar”
Hətta Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili də hadisə ilə bağlı facebook-da fikirlərini açıqlayıb. Sabiq prezident hesab edir ki, İranın məsələyə münasibəti çox iyrəncdir.
“Əvvəlcə onlar dedilər ki, qara qutu zərər görüb və ona görə də bunu tam açmaq mümkün deyil. Bu, artıq həqiqətin gizlədilməsi kimi görünür.
Bununla belə onlar bəyan ediblər ki, təyyarə Tehran hava limanına dönməyə cəhd edib, dispetçerlə əlaqəyə girməyib.
Əgər pilot dispetçerlə əlaqəyə çıxmayıbsa, bəs onlar təyyarənin geri döndüyünü necə öyrəniblər?
Mən həvaskar pilotam, “Cessna” təyyarələrindən istifadə etmişəm və üstəlik, bütün sərnişin təyyarələrindən istifadə edirəm. Mən mülki aviasiya haqqında çox bilirəm.
Bundan başı çıxan istənilən adam bilir ki, əgər təyyarənin mühərriki yanırsa, pilotun ilk işi bu barədə dispetçerə məlumat verməkdir.
Təyyarə hava limanına qayıdırsa, pilotun ilk işi dispetçeri məlumatlandırmaqdır. O, xəbər vermədən geri dönə bilməz. Yəni iranlılar aşkar şəkildə yalan danışırlar".
Saakaşvili qeyd edib ki, Ukrayna gərək sona qədər öz haqqını müdafiə etsin: “Ən azından bu mövzunu gündəmə gətirərək, İran hakimiyyətini bu faciəvi səhvinə görə cavab verməyə məcbur etmək lazımdır”.
Təyyarəni İranın “Tor” sistemi vurub?
Bu arada dünya KİV-in yayılmış ehtimallardan biri budur ki, İran ABŞ bazasına zərbə endirdikdən sonra qarşı tərəfin cavab zərbəsi endirməsi aktuallaşıb və buna görə hava müdafiə sistemləri hazır vəziyyətə gətirilib.
Bu zaman “Tor” sistemi də aktivləşdirilib və həmin ərəfədə sərnişin təyyarəsi səhvən ABŞ raketi hesab edildiyi üçün atəş açılıb.
Digər, daha dəhşətli versiya isə ABŞ-ın İran hava qüvvələri sisteminə müdaxiləsidir.
İranın zərbə vurmaq üçün atdığı raketlərin hədəfini dəyişdirmək üçün ABŞ mütəxəssisləri dərhal müdaxilə ediblər, öz raketlərinin Tehrana düşmə ehtimalına görən İran “Tor”ları da aktivləşdirib və nəticədə sistem müdaxiləsi səbəbindən yanlış obyekt vurulub.
ABŞ bazasına “Qiyam” (800 km) və “Fateh-313" (500 km) raketlərilə zərbə endirilib. İran isə qəza yerində ”Tor" raketinin qalıqlarının tapılması xəbərini yalanlayıb.
Bildirib ki, raketlə vurulsaydı, pilotlar təyyarəni endirmək üçün geri qayıtmağa (Tehran aeroportuna) cəhd etməzdilər.
Amma bu halda pilotların niyə qəza siqnalı ötürməməsi sual olunur. Əgər təyyarənin mühərriki hansısa daxili səbəbdən sıradan çıxıbsa və alışıbsa, geri - aeroporta qayıtmaq istəyən pilotlar niyə bu barədə dərhal məlumat verməyiblər?
Raketin sərnişin təyyarəsinin mühərriki ilə bərabər, naviqasiya sistemini də sıradan çıxardığı versiyası da müzakirədədir. Bu suallara qara qutu aydınlıq gətirə bilər ki, tapılan qara qutunun da yararlı halda olmadığı bildirilir.
Ekspert: “İran öz vətəndaşlarını niyə vursun?”
İranın Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi isə bildirib ki, vətəndaşları faciə qurbanları olan dövlətlərin nümayəndələri istintaqda iştirak edə bilər.
Günün sonunda Ukrayna prezidenti Zelenski bəyan edib ki, sərnişin təyyarəsinə raketin dəydiyinə dair versiya istisna olunmur, lakin bu, hələlik təsdiqlənməyib.
Zelenski bütün beynəlxalq tərəfdaşlarını, ilk növbədə isə ABŞ, Kanada və Böyük Britaniyanı qəza ilə bağlı məlumat və sübutları hadisəni araşdıran komissiyaya təqdim etməyə çağırıb.
Türkiyədə yaşayan politoloq Ramiyə Məmmədovanın “Yeni Müsavat”a bildirdiyinə görə, indi bütün nəzərlər İrana qarşı yönəlib və bu da anlaşılandır. Onun sözlərinə görə, hazırda informasiya müharibəsi ən qızğın şəkildə aparılır:
“Amma sual meydana çıxır ki, İran öz vətəndaşlarını niyə vursun? Həlak olanların əksəriyyəti iranlıdır və Tehranın bu addımı atması utopik görünür. Hətta təyyarənin səhvən vurulması iddiaları səslənirsə, o zaman soruşmaq lazımdır ki, ABŞ raketi İran ərazisində nə gəzirdi ki, guya onlara aid obyekt olduğunu təxmin edib vurublar.
Sadəcə, təsadüf ola bilər. Hərçənd, təsadüflər az olur. Ola bilsin ki, vəziyyəti gərginləşdirməkdə maraqlı olan qüvvələrin işidir. Sadəcə, fərziyyələrdən qaçmaq və istintaqın sonunu gözləmək lazımdır".
R.Məmmədovanın fikrincə, ölənlər arasında Avropa Birliyi ölkələrinin vətəndaşları da var: “Qərb dövlətləri İrana qarşı loyaldırlar və sanksiyaların əleyhinə çıxırlar. Baxmayaraq ki, Amerika Avropanı İrana qarşı sanksiyalara qoşulmağa çağırır.
Bu hadisə isə Vaşinqtonun əlində bəhanə ola bilər ki, İranın avropalıların olduğu təyyarəni vurduğuna Qərbi inandırsın. Tramp da İranın təyyarəni vurmasını istisna etməyib. Halbuki, Ukrayna tərəfi tələsmir və eyforiyaya qapılmır".
Qeyd edək ki, ölənlər arasında britaniyalı, isveçli, kanadalı vətəndaşlar da var.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”