Azərbaycanı parçalayan müqavilə –"Türkmənçay" müqaviləsinin imzalanmasından 188 il ötür

23-02-2016, 01:15           
Azərbaycanı parçalayan müqavilə –"Türkmənçay" müqaviləsinin imzalanmasından 188 il ötür
Bu gün – 22 fevralda Azərbaycanın iki hissəyə bölünməsinin əsasını qoyan "Türkmənaçay" müqaviləsinin imzalanmasından 188 il ötür. Strateq.az "Türkmənçay" müqaviləsinin imzalanması, nəticələri ilə bağlı fəlsəfə üzrə fəlsəfə doktoru Vahid Ömərovun "Səs" qəzetində dərc olunmuş məqaləsini təqdim edir.

İran Qafqazı Rusiyanın əlindən geri almaq üçün müharibəyə hazırlaşdı. "Azərbaycan tarixi" kitabında göstərilir ki, bağladıqları müqaviləyə əsasən 1814-cü ildə İngiltərə hökuməti İrana ingilis hərbi müşavirləri göndərir, onu silahla təmin edir, Təbrizdə və başqa şəhərlərdə silah zavodlarının inşasına köməklik göstərirdi. Şah hökuməti bu tədbirlərdən sonra özünü dirçəlmiş hesab edib Rusiya hökumətinə "Gülüstan" müqaviləsinin şərtlərinə yenidən baxmağı təklif etdi. Lakin danışıqlar nəticə vermədi. Bundan sonra İran Rusiyaya qarşı birgə mübarizə aparmaq üçün Türkiyə hökuməti ilə danışıqlara başlayaraq Türkiyənin Rusiya ilə münasibətlərini kəskinləşdirməsi üçün bütün vasitələrə al atdı. Həmçinin şah hökuməti öz xanlıqlarını itirdikdən sonra İrana pənah gətirmiş xanlardan da istifadə etmək, onların vasitəsilə Azərbaycan əhalisini Rusiyaya qarşı qaldırmaq fikrində idi.

ABŞ tədqiqatçısı T.Svyatoçovski yazır:
"Rusların 1812-ci ildəki uzun çəkməyən uğurlu yürüşü "Gülüstan" müqaviləsi ilə nəticələndi. Bu müqavilə növbəti il oktyabrın 12-də imzalandı. Müqaviləyə görə, İran ərazisinin çox böyük sahələri, habelə, Dağıstan, Şiragel əyaləti ilə birlikdə Gürcüstan, İmeretiya, Quriya, Minqreliya və Abxaziya, həmçinin, Qarabağ, Gəncə, Şəki, Şirvan, Dərbənd, Quba, Bakı və Talış xanlıqları Rusiya imperiyasına birləşdirildi. Bu müqavilənin müstəsna cəhəti onda idi ki, Rusiya İranın vəliəhdlik siyasətinə müdaxilə edə bilərdi. Bu isə şah tərəfindən təyin olunan varisin taxt-taca yiyələnməsinə havadarlıq etməkdən, "kənar qüvvələr vəliəhdi devirmək istədikdə" onu dəstəkləmək öhdəçiliyindən ibarət idi. Şahın oğulları arasında ixtilaf yarandığı zaman ancaq "şah özü xahiş etdiyi təqdirdə" Rusiya müdaxilə edə bilərdi".

Tədqiqatçı qeyd edir ki, sonralar məlum olduğu kimi, "Gülüstan" müqaviləsi Zaqafqaziya üçün iki böyük dövlət tərəfindən aparılan rəqabətin, sadəcə olaraq, birinci mərhələsinin başa çatması demək idi. 13 il sonra Fətəli şah Rusiyanın Zaqafqaziya regionu üzərindəki hökmranlığına qarşı çıxmağa özündə cəsarət tapdı və öz qoşununu "Gülüstan" müqaviləsinə görə razılaşdırılmış sərhədə, şiə din xadimlərinin müqəddəs elan etdiyi bir müharibəyə göndərdi. 1826-cı ilin mayında iranlılar Lənkəran, Şamaxı və Nuxanı ələ keçirdilər və Şuşadakı rus qarnizonunu mühasirəyə aldılar. Abbas Mirzə yenidən ordunun başında duraraq, Rusiyanın işğal etdiyi Azərbaycana yürüş etdi. Bu zaman o, Rusiyanın hakim mövqeyindən narazı qalan yerli əhalidən, eləcə də, rusların vassalı olmaqla və sürgün edilməklə təhqir olunan xanlardan böyük kömək gözləyirdi. Qacarlar xanların hüquqlarını müdafiə edəcəklərini vəd edirdilər.

Həqiqətən də, Talış xanı dərhal Rusiya qarnizonu əleyhinə qiyam qaldırdı və Qarabağda, Şirvanda, Şəkidə əhali geri dönən xanları, eləcə də, onların qohum-əqrəbasını salamlayırdı. Bununla belə, həmin dövrdə Azərbaycanda yerli əhalinin ruslar tərəfdə vuruşması halları da istisna deyildi. Azərbaycanda əsrlər boyu şahın əsas qüvvələrini təmin edən qədim ənənədən savayı, Rusiyanın və ya Qacarların zülmünə boyun əymək kimi iki yol ayrıcında qalmış bəzi bəylər və ağalar arasında ruspərəst mövqe tutan cərəyan meydana gəlmişdi. Zaqafqaziyada insan qüvvəsinə daim güclü ehtiyacı olduğundan, ruslar müsəlmanlardan çox xristian gürcülərə etibar etsələr də, məhz yerliləri öz milis qoşunlarına və yardımçı hissələrə cəlb edirdilər. Hələ İranla birinci müharibədə belə yerli könüllülərdən ibarət birləşmələr yaradılmışdı; ikinci müharibədə bu eskadronlardan biri həlledici Gəncə döyüşündə fərqlənmişdi də.

İranın Gəncədəki məğlubiyyətindən sonra Rusiya qoşunlarının Qafqazda yeni təyin olunmuş baş komandanı general İvan Paskeviç Təbrizi ələ keçirərək, tez bir zamanda müharibəni qələbə ilə başa çatdırdı.

Ruslar Azərbaycanın yalnız şimal hissəsinin işğalı ilə kifayətlənmək niyyətində deyildilər və Qacar əleyhinə bütün əyaləti bürümüş əhval-ruhiyyədən istifadə etməyə can atırdılar.

Təbrizi itirdikdən sonra Fətəli şah sülh bağlamağa məcbur oldu. Danışıqlar Rusiyanın güc mövqeyindən başlanmışdı və 1813-cü ildəki "Gülüstan" sazişinə nisbətən İran üçün qat-qat ağır şərtlərlə aparılırdı. 1813-cü ildən fərqli olaraq, indi mərkəzi məsələ Zaqafqaziya deyil, torpaqlarının çox hissəsi rus qüvvələrinin əlinə keçmiş Azərbaycan idi. Müqavilə 1828-ci il fevralın 10-da "Türkmənçay" kəndində imzalandı. Bu müqavilənin baş müəllifi dramaturq, şərqşünas alim və diplomat Aleksandr Qriboyedov idi.

Türkmənçay müqaviləsində yalnız iki xanlığın: Naxçıvan və İrəvan xanlıqlarının dərhal Rusiyanın hakimiyyəti altına keçməsi ilə yanaşı, İranın 20 milyon gümüş rubl dəyərində ödənc verməsi tələbi də irəli sürülürdü. Müqaviləyə əlavə edilmiş protokola əsasən, 6 ay müddətində nəzərdə tutulan məbləğ ödənilmədiyi təqdirdə, Azərbaycan bütövlüklə Rusiyanın tabeliyinə keçəcəkdi.

Rusların işğalçılıq siyasətindən kifayət qədər təşvişə düşərək, İrana subsidiya vermiş britaniyalıların köməyi ilə hadisələrin bu cür inkişafının qarşısı alındı. Nəticədə, Azərbaycanın parçalanması hadisəsi baş verdi. Yeni sərhəd əsasən Araz çayı boyunca uzanıb, Arran torpağını Azərbaycanın tarixi kökündən ayrı saldı. Azərbaycanlılar yaşayan ərazi bərabər hissələrə bölündü, lakin azərbaycanca danışan əhalinin əksəriyyəti İranda qaldı.

T.Svyatoçovskinin fikrincə, gürcülərdən fərqli olaraq, azərbaycanlılar ərazi-etnik birlikdən faydalanmamışdılar. Məhz elə bu fakt onların bir millət kimi formalaşmasına maneə kimi görünə bilərdi. "Türkmənçay" müqaviləsi azərilərin, (görünür ki, xanların timsalında) səsilə hesablaşmayaraq bağlanıldı. Bir gün gələcək və bu müqavilə XX əsr Azərbaycan milli hərəkatının gözündə milli qəzəbin simvoluna, tarixi ədalətsizliyin baş verdiyi qara günə çevriləcək.

Azərbaycanı iki hissəyə ayıran sərhəd zolağının çəkilməsi Rusiyanın İranın içərilərinə doğru irəliləyişinə kömək etmək və Türkiyəni üstələmək kimi strateji məqsədlər güdürdü. Azərbaycanın cənub yarısı şahın hakimiyyəti altında qalarkən çar məmurları, ola bilsin ki, təkcə bu hissəsinin deyil, bəlkə də İranın əksər torpaqlarının bir vaxt qəti olaraq Rusiyanın ixtiyarına və ya nüfuz dairəsinə keçəcəyini düşünürdülər. "Türkmənçay" müqaviləsi Rusiya-İran müharibələri dövrünə son qoymaqla yanaşı, Rusiyanı İrana qarşı duran başlıca geosiyasi fakt kimi müəyyənləşdirdi.

"Gülüstan" müqaviləsi, eyni zamanda, dərin və geniş diapozonlu iqtisadi təsir gücünə malik idi. Zəngin Qafqaz əyalətlərinin itirilməsi ilə İran xəzinəsinin gəliri azalmışdı və Qacar rejimi xanədan torpaqlarını (xalisə) mülkədarlara satmaqla uzun vaxtdan bəri düşdüyü ağır maliyyə vəziyyətini qaydaya salmaq istəyirdi. Bu mülkədarlar, əsasən, torpaq sahəsinə yiyələnməklə yüksək gəlir əldə etmək istəyən, şəhərdə yaşayan varlılar idi. Yüksək vergilərlə üzləşən kəndlilərə gəlincə, torpaq mülkiyyətinin yeni forması onların vəziyyətinin kəskin şəkildə pisləşməsinə gətirib çıxartdı və artırılmış vergi və mükəlləfiyyətlər kəndlilərin çoxunu rəncbər halına saldı. Böyük işsizlər ordusu yarandı, onların vəziyyətini yenicə baş qaldıran sənaye inqilabı da yüngülləşdirmədi. Rusiya və Britaniya imperiyaları arasında bufer zonası rolunu oynayan İran birtərəfli qaydada aparılan, müstəmləkə sənayeləşdirilməsindən azacıq da olsa bəhrələnmədi.

Kənd rəiyyəti ilə şəhər əhalisinin böyük qisminin düşdüyü ağır vəziyyət bəzi oxşar cəhətlərinə görə müqayisə edilə bilər. Bu, Rusiyanın hələ də özünün Avropa rəqabətində uduzan ixrac malları üzərində imtiyazlı nəzarətini təmin edən kapitulyasiya hüquqlarına malik olmasından irəli gəlirdi. Əvvəl Rusiya, sonra da Britaniya malları üçün gömrük hədlərini aşağı salmaqla, İran bazarı ağzınacan ucuz xarici idxal malları ilə doldurulurdu. Həmin proses nəticəsində yerli sənətkar və tacirlərin böyük bir hissəsi var-yoxdan çıxaraq müflisləşdilər.

Xüsusilə, Təbriz camaatı pis vəziyyətə düşmüşdü və 1840-cı illərdəki kütləvi narazılıq Təbrizin dini fraksiyaçılıq mərkəzinə çevrilməsi üçün şərait yaratdı. 40-cı illərdə öz fəaliyyətini genişləndirən qruplar arasında iqtisadi vəziyyəti ağır olan orta siniflərin narahatçılığını ifadə edən Babilik dini-sosial hərəkatı çox geniş müdafiə olundu.

Özünü qeyb olmuş İmam Mehdinin babı (qapısı) elan edən, əsasını qoyduğu cərəyanı şiə doktrinasında yeganə düzgün müstəqil cərəyan adlandıran tacir-mömin Seyid Əli Məhəmməd öz təlimində xüsusi mülkiyyəti vergilərdən və dövlət müsadirələrindən qorumaq, hüquq azadlıqlarını, habelə, mərkəzlə müqayisədə əyalət hüquqlarını müdafiə etmək kimi siyasi ruhlu ideyalar yayır və ədalətə səsləyirdi. 1848-ci ildə babilik rəsmi olaraq islamdan ayrılır. Bu hərəkatın mübarizlik gücünün artması ilə baş verən iğtişaşlar içərisində 1850-ci il Zəncan üsyanı xüsusi yer tutur. Bir il davam edən bu mübarizədə üsyançılar Nəsrəddin şahın qüvvələri ilə qarşı-qarşıya durmuşdular. 1852-ci ildə üsyan qan içində boğulduqdan sonra Seyid Əli Məhəmməd Təbrizdə edam olundu. Babilik Arazın o biri tayına yayılmasa da, Babi fenomeninin ilk elmi araşdırılması Kazan Universitəsindəki mənşəcə azərbaycanlı alim Kazım Topçubaşov tərəfindən verilmişdi. Babilər hərəkatı xarici ticarətin dağıdıcı qayəsini dəyişmək yolunda az xidmət göstərə bilmişdi. 1833 və 1847-ci illər arasında İrana ixrac olunan rus malları 250 milyon kağız rubl dəyərində olduğu halda, Rusiyaya ixrac olunan İran malları olsa-olsa bu məbləğin haradasa üçdə birindən bir qədər çoxunu təşkil edirdi, yəni 90 milyona çatırdı. İran bazarlarının Rusiya üçün kəsb etdiyi əhəmiyyət 1860-cı illərin böyük islahatlardan sonra gəlmiş sənayeləşdirmə ilə daha da güclənəcəkdi.

Ümumilikdə götürdükdə, mövcud kapitulyasiya müqavilələrindən irəli gələn iqtisadi və sosial nəticələrin zərbə vurduğu İran acınacaqlı vəziyyətə düşdü. Belə hesab olunurdu ki, "Türkmənçay" müqaviləsinin bağlanmasından keçən yarım əsr ərzində İranın şimal əyalətləri, xüsusilə də, Rusiyanın orbitindəki Azərbaycan son dərəcə istismara məruz qalmışdı.

Böyük oyun təcrübəsindən, Asiyada ingilis-rus qarşıdurmasından çox şey əxz etmiş, geosiyasət haqqında dərin mühakimələri olan Britaniya şərhçisi Lord Kurzon yazırdı:
"Rusiya İranı müəyyən müddət hesablaşmaq lazım gələn, hətta bəzən nəvazişə, sığallanmağa ehtiyacı olan, uzaq gələcəkdə isə, şübhəsiz, ölümə məhkum olan ölkə hesab edir. Rusiya ələ keçirdiyi Polşa torpaqları ilə müqayisədə İranın gələcəkdə parçalanması planlarının tam baş tutacağına əmin deyil… İnamla deyə bilərik ki, Rusiyanın dövlət aparatında heç bir dövlət xadimi və ya hərbi məmur Rusiyanın İrana qarşı yeritdiyi siyasətdən yazmaz, eləcə də, ilkin şərt kimi Azərbaycan, Gilan, Mazandaran və Xorasan kimi əyalətlərinin zəbt edilməsini rədd edən bir ölkənin gələcəyini qələmə almaqdan çəkinər. Mən şübhə etmirəm ki, müharibə, qarışıqlıq və Rusiyaya əl verən digər imkanlar daxilində özünün bu iddialarına çatmaq üçün atılacaq addımlar yüksək dairələrdə müzakirə olunmuş və bəyənilmişdir. Rusiya füsunkar Azərbaycan əyalətini, onun 40000 kv. mil uzanan zəngin və rəngarəng ərazisinə, inkişaf etmiş (yerli) türk kəndli təsərrüfatına, əhalinin hərbi döyüşkənliyinə, böyük ticarət paytaxtı Təbrizə görə istəyir. Özünün Zaqafqaziyada hökmran olan qüvvələri ilə hərbi paytaxt olan Tiflis tərəfdən hücuma keçmək və həmsərhəd olan Azərbaycanı asanlıqla işğal etmək və özünə birləşdirmək olardı"…

Vahid ÖMƏROV,
Fəlsəfə üzrə fəlsəfə doktoru
"SƏS" qəzeti












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.