Əvəz Ələkbərovun xalası oğlunu kim öldürüb?

23-02-2016, 01:29           
Əvəz Ələkbərovun xalası oğlunu kim öldürüb?
Məmurun qətlində indi də xanımını ittiham edirlər

Vəkil: "Onun azyaşlı qızı Əmanə İsgəndərli qorxudulub"

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin keçmiş rəis müavini Füzuli İsgəndərovun qətlilə əlaqədar onun həyat yoldaşı yenidən məhkəmə qarşısına çıxarılıb.

Fevralın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə hazırlıq iclası keçirilib.

teref.az azadlıq.org-a istinadən xəbər verir ki, mərhum Füzuli İsgəndərov həm də keçmiş maliyyə naziri Əvəz Ələkbərovun xalası oğludur. O, 2014-cü il sentyabrın 1-də evinin qarşısındakı qarajda qətlə yetirilib.

Bu qətllə əlaqədar başlanmış cinayət işi üzrə mərhumun həyat yoldaşı Xalidə İsgəndərova əvvəlcə zərərçəkmiş qismində tanınıb. Lakin yeddi ay sonra o, bu iş üzrə təqsirləndirilən şəxsə çevrilib və həbs olunub.

"İSTİNTAQ ORQANINA CİNAYƏT İŞİ QALDIRILMALIDIR”

Xalidə İsgəndərova barəsində cinayət işi bundan əvvəl də bir dəfə - keçən ilin oktyabrında Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdi.

O zaman məhkəmənin hazırlıq iclasında onun vəkili işin əlavə istintaq üçün yenidən prokurorluğa qaytarılması barədə vəsatət qaldırmışdı.

Vəkil bunu ibtidai istintaqın çoxsaylı qanun pozuntuları ilə aparılması, sübutların Xalidə İsgəndərovanın əleyhinə saxtalaşdırılması ilə izah etmişdi.

O zaman məhkəmə vəsatəti təmin etmiş və noyabrın 3-də cinayət işi yenidən araşdırılması üçün Bakı şəhər Prokurorluğuna qaytarılmışdı.

Əlavə istintaqdan sonra həmin iş yenidən Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Fevralın 22-də keçirilən hazırlıq iclasında Xalidə İsgəndərovanın vəkili yenə də eyni məzmunlu vəsatət qaldırıb. Müdafiəçi əlavə istintaq dövründə də pozuntuların aradan qaldırılmadığını bildirib:

"Bu iş üzrə istintaqda elə pozuntulara yol verilib ki, bu pozuntulara görə istintaq orqanının özünə qarşı cinayət işinin başlanması üçün çox ciddi əsaslar var. Elə buna görə də cinayət işinə baxılmasına xitam verilməli və iş istintaqa qaytarılmalıdır".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.