Azərbaycanda üçüncü devalvasiya gözlənilir
23-02-2016, 10:09
Ekspertlər ötən bir ildə hökumətin antiböhran tədbirlərinin zəif və yetərsiz olduğunu bildirirlər
Zaur Əhmədov: “Hökumət müəyyən tədbirlərlə devalvasiyanın vaxtını uzada bilər”
Natiq Cəfərli: “İqtisadi aktivliyin zəifləməsi devalvasiyanın nəticəsi idi”
Ötən ilin ilk devalvasiya qərarından bir il keçdi. 2015-ci il fevralın 21-də - şənbə günü Mərkəzi Bankın qəbul etdiyi qərar ilə manat bir günün içərisində 34 faiz dəyərdən düşərək 0.78 manat olan dollar 1.05 manata qədər yüksəlmişdi. Dünyada gedən iqtisadi proseslər, xüsusilə də neftin qiymətinin yarıbayarı azalması dekabrın 21-də ikinci devalvasiyaya gətirdi. Bu dəfə manat dollar nisbətdə daha 48 faiz dəyərdən düşdü və Mərkəzi Bank bu dəfə manatın "üzən məzənnəyə" keçdiyini bəyan etdi. Ötən bir ildə baş verən devalvasiyanın səbəb və nəticələri, iqtisadiyyata və əhaliyə təsirləri, gələcək perspektivdə bizi gözləyən proseslərlə bağlı iqtisadçı ekspertlərin fikirlərini öyrəndik. İndi əhalini əsasən "növbəti kəskin devalvasiya olacaqmı" sualı maraqlandırır.
Devalvasiya nələrə səbəb oldu?
İqtisadçı Natiq Cəfərli "Bizim Yol"a bildirdi ki, bir il ərzində iki devalvasiyanın olması Azərbaycan müasir tarixinin ən vacib iqtisadi, siyasi və sosial hadisəsi oldu. "Çünki 21 fevral 2015-ci il tarixli qərara qədər manat Azərbaycanda təkcə iqtisadi kateqoriya deyildi, həm də siyasi, iqtisadi və ictimai stabillik simvoluna, fəxr mənbəyinə çevrilmişdi. Əsasən də hökumət bu barədə tez-tez danışırdı. Devalvasiya bir çox mifləri də dağıtdı və iqtisadi proseslərdə fəsadlara yol açdı. Problemli kreditlərin həcmi iki dəfədən çox artdı, yəni ötən il yanvar ayının 1-nə ölkədə 900 milyon manat problemli kredit var idi, ilin sonunda isə, hələ təsdiqlənməmiş məlumatlara görə bu rəqəm iki milyard manat olub. Bundan başqa iqtisadi aktivlik çox zəiflədi və bir çox sahələrdə, ümumiyyətlə durma nöqtəsinə gəldi. Məsələn, daşınmaz əmlak, avtomobil və pərakəndə satış bazarında çox ciddi problemlərə yol açdı. Ölkədə kreditləşmə demək olar ki, dayandı və banklar əvvəl verdikləri kreditləri geri qaytarmaqda problemlər yaşadıqları üçün daha sərt kredit siyasəti yeritməyə başladılar. Təəssüf ki, hökumət Mərkəzi Bankla birlikdə heç bir ciddi proqram qəbul etmədi. Yeganə etdikləri manat dövriyyəsinin sərtləşdirilməsi oldu. Yəni manatın dövriyyəsini bilərəkdən keçən ilin müvafiq dövrünə nisbətdə iki dəfədən çox azaltdılar ki, bundan sonra dolların məzənnəsində ciddi dəyişiklik olmasın. İnzibati yollarla buna müəyyən qədər nail oldular. Amma bu ona gətirib çıxardı ki, işsizlik artırdı, iqtisadi aktivlik ciddi şəkildə zəiflədi, gəlirlər aşağı düşdü, valyutadəyişmə məntəqələri bağlandı. Bununla təxminən 3-4 min insan işsiz qaldı, ticarət dövriyyəsi zəiflədi və bu sahədə çalışan yarım milyon insanın bir qismi işsiz qaldı, bir çox obyektlər bağlandı və s. Bütün bunlar, yəni iqtisadi aktivliyin zəifləməsi təbii ki, devalvasiyanın nəticəsi idi" - deyə ekspert vurğuladı.
"Gəlirlər azalıb,amma ölkənin ehtiyacları yerində qalıb"
Natiq Cəfərli əlavə edir ki, devalvasiyadan sonrakı yaranan ağır vəziyyət hələ də davam edir. "Ölkənin gəlirləri ilə ölkənin ehtiyacı olan malların gətirilməsi nisbətinə baxdıqda görürük ki, burada da problemlərin yaşanması qaçılmazdır. Çünki neftin qiyməti ucuzlaşır, son vaxtlar 30-35 dollar arasındadır, ölkə getdikcə daha az pul qazanır. Yəni gəlirlər azalıb, amma ehtiyaclar yerində qalıb. Bir çox sahələrdə demək olar ki, idxaldan asılı vəziyyətdəyik. Ərzaqda bu asılılıq 60-70 faiz civarında, geyim, elektrotexnika və dərman preparatlarında isə 10 faiz asılılıq var. Yəni Azərbaycanın öz tələbatını ödəməsi üçün ölkədən valyuta çıxmalıdır. Bütün bunlar isə onu göstərir ki, devalvasiyanın nəticəsi Azərbaycan üçün çox böyük fəsadlara yol açdı, həm iqtisadi, həm siyasi, həm də sosial vəziyyətin gərginləşməsi ilə nəticələndi. Təəssüf ki, hökumət də islahatlar yönündə ciddi islahatlar aparmadı. Əslində Azərbaycanda bu gün yaşanan problemlərin həlli tək iqtisadi islahatlardan keçmir. İdarəetmədə, məhkəmə sistemində köklü islahatlar olmalıdır. Azad və ədalətli məhkəmə sistemi qurulmalıdır ki, sərmayədarlar üçün münbit şərait yaradılsın və həm xarici, həm də yerli investorlar daha ürəklə bu ölkəyə yatırım qoya bilsinlər. Bütün bu problemlər üst-üstə yığışır. Bu gün də görünən odur ki, hökumət yalnız inzibati yollarla, iqtisadi rıçaqlardan istifadə etməməklə bu problemi həll etməyə çalışır. Bu isə mümkünsüzdür. Bu günlərdə büdcə parametrlərinin yeni versiyası təsdiq olunmalıdır. O parametrlər açıqlanandan sonra hökumətin hansı yol seçdiyi məlum olacaq. Amma düşünürəm ki, artıq o sərt inzibati yollarla bu prosesi idarə etmək mümkün deyil. Hökumət iqtisadi aktivliyi artırmaq üçün manatın dövriyyəsini artırmalı, kreditləşmədə daha sadə variantlara getməlidir ki, iqtisadi canlanmaya səbəb olsun. Amma bunun digər tərəfi də odur ki, sərt monitar siyasətdən əl çəkərək manatın dövriyyəsini artırsalar, bu manata olan basqıları artıracaq və dolların səviyyəsinin artmasına səbəb olacaq. Yəni həm ölkə, həm də hökumət belə bir çıxılmaz duruma düşüb. Ona görə də gecə-gündüz ciddi işləyərək qızıl ortanı tapmaq lazımdır. Amma təəssüf ki, hökumətdən belə bir addım görmürük" - deyə N.Cəfərli bildirdi.
"Əsas səbəb iqtisadiyyatımızın hazırlıq səviyyəsinin çox aşağı olması idi"
Maliyyəçi, iqtisadçı ekspert Zaur Əhmədov "Bizim Yol"a şərhində bildirdi ki, birinci devalvasiyadan sonra bütün diqqət Mərkəzi Bankın üzərinə yönəldi. "Hamı Mərkəzi Bankı həm prosesin günahkarı, həm də xilasedicisi kimi görməyə başladı. Bir il ərzində gedən proseslər göstərdi ki, hər şeyin Mərkəzi Bankdan gözlənilməsi doğru deyildi. Çünki bu proseslərin tək səbəbkarı və idarəedicisi bu qurum ola bilməzdi. Əsas səbəb iqtisadiyyatımızın hazırlıq səviyyəsinin çox aşağı olması idi. Ona görə də hər şeyi Mərkəzi Bankdan gözləməklə heç nəyə nail ola bilmədik və üzərindən 10 ay keçdikdən sonra ikinci devalvasiyaya gedildi. Bu prosesdə həm də o sübutunu tapdı ki, Azərbaycan hökuməti uzun illər iqtisadiyyatda lazım olanı etməmişdi. Yəni iqtisadiyyat şaxələnməmişdi, neft sektorundan başqa heç bir sahə valyuta gətirəcək həddə çatdırılmamışdı. Hətta inkişaf o qədər aşağı həddə idi ki, Rusiya istisna olmaqla biz keçmiş MDB respublikaları arasında ən çətin vəziyyətlə rastlaşdıq. Düzdür, Rusiyada fərqli vəziyyət idi. Yəni təkbaşına Avropa, Qərblə maliyyə müharibəsi aparırdı. Bildiyimiz kimi, müharibə təkcə silahla, top-tüfənglə olmur, ilk hazırlıq sanksiyalarla, maliyyə əməliyyatlarını, idxalı məhdudlaşdırmaqla ölkələri zəif hala gətirirlər ki, danışıqlar stolunda lazımi nəticəni ala bilsinlər. Azərbaycanın MDB respublikaları arasında ən çətin vəziyyətdə qalan ölkə olmasının səbəbi hökumətin uzun illər apardığı siyasətin yarıtmaz olması idi. İkinci ən vacib məqam o idi ki, burda qeyri-səmərəli iqtisadi siyasət aparılmışdı. Məsələn, Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə kreditlər verilmişdi, sənaye məhsullarının istehsalı üçün sahibkarlara kreditlər ayrılmışdı. Bunlar isə yalnız kreditin verilməsi ilə nəticələnmişdi. Maliyyə sektorunda sabitliyin təmin olunması üçün hökumət olaraq, hər hansı fərman və ya sərəncamın verilməsi yetərli deyil. İqtisadiyyatın bütövlükdə mərhələlər üzrə təmin olunmaması əsas problemdir. Yəni kredit verilir, istehsal sahəsi dirçəldilir, daxili bazar müəyyənləşir, daxili bazar idxaldan müdafiə olunur, həmin əmtəələr xarici bazarda reallaşır, satışı təşkil olunur və sonradan ölkəyə böyük miqdarda valyuta daxil olmağa başlayır. Əslində, bu, iqtisadiyyatın normal bir dövriyyəsini təşkil etməli idi. Bu prosesin olmadığı aşkarlandı. Təəssüflə qeyd olunmalı haldır ki, ən azı birinci devalvasiyadan ikinci devalvasiyaya qədər olan müddətdə hökumət bunu çatdıra bilmədi. Bunun da əsas səbəbləri uzun illər neftə arxayınçılıq, xaricdən gəlirləri yalnız neftdən gözləmək, xarici valyuta gətirə biləcək digər çevik sahələrin diqqətdən kənarda qalmasıdır. Məsələn, şahidi oluruq ki, bir çox Avropa dövlətləri kənd təsərrüfatı məhsullarının xarici bazara çıxmasına nail olmaq üçün bir neçə ardıcıl görüşlər keçirirlər. Hələ sovetlər dövründə Azərbaycan iqtisadiyyatının 20-25 faizə qədəri yalnız kənd təsərrüfatı məhsulları və onun emalından ibarət idi. Amma bu gün iqtisadiyyatımızda kənd təsərrüftı məhsullarının payı cüzi miqdardır. Yəni ötən il baş verən ilk devalvasiyadan ikinci devalvasiyaya qədər olan dövrdə kənd təsərrüfatının çevik vəziyyətə gətirilməsinə nail olmaq mümkün idi. Bunu etmədiyimizə görə 2015-ci ilin iyul-avqust aylarında neftin qiymətinin yenidən ucuzlaşması ilə əlaqədar valyuta tükənməyə başladı və hökumət ilin sonunda ikinci dəfə devalvasiyaya getməyə qərar verdi" - deyə Z.Əhmədov bildirdi.
"Növbəti devalvasiyanın olacağı faktı göz qarşısındadır"
Ekspert bildirir ki, bu gün Azərbaycan manatı tamamilə üzən məzənnəyə keçsə, yəni valyuta bazarına heç bir müdaxilə olmasa, öz real dəyərini saxlaya bilməyəcək. "Ölkədə müəyyən məhdudiyyətlər var, pul kütləsi azaldılır, vətəndaşlar, müəssisələr öz pullarını istədikləri kimi istifadə edə bilmirlər. Bundan başqa, xidmət və ticarət bazarda ümumi zəifləmə var. Vətəndaşlar da ehtiyatla addım atırlar. Pul vəsaitlərini hər hansı valyutada, yaxud digər dayanıqlı vasitələrdə saxlayırlar və gözləntidədirlər. Əgər bazar açılsa və 2015-in əvvəlində olduğu kimi, mal idxal etmək və bunu Azərbaycan bazarında reallaşdırmaq lazım olarsa, yenə də manatın real dəyəri əslində bu günki qiymət deyil. Ona görə də konkret demək olar ki, Azərbaycan manatı növbəti devalvasiyanı qarşılamalıdır. Ancaq hökumət bunu başqa yollarla edə bilər. Məsələn, məhdudiyyətlər, milli valyutanın az-az ötürülməsi, pul kütləsinin bazara axınının qarşısını almaq və s. tədbirlərlə hökumət bu devalvasiyanın vaxtını bir qədər uzada bilər. Bu uzanan müddət ərzində isə idxal məhsullarını yerli məhsullarla əvəz etmək siyasəti həyata keçirilməlidir. Yaxud da bu müddət ərzində manatı az-az inflyasiya etməklə kəskin devalvasiyanın qarşısını almaq mümkündür. Belə olan halda əhali devalvasiyanı kəskin hiss etmir və manatın dəyəri reallıqla uzlaşır" - deyə ekspert bildirdi.