Krım Rusiyaya belə satıldı – Tam məxfi

24-02-2016, 02:02           
Krım Rusiyaya belə satıldı – Tam məxfi
8 fevral 2014-cü ildə keçirilən Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının məxfi iclasının tam stenoqramı yayılıb.

Axar.az xəbər verir ki, stenoqramın mətni Şuranın saytında yerləşdirilib. Yayılan mətnə əsasən, iclasda Milli Təhlükəsizlik və Müdafiə Şurasının sədri Aleksandr Turçinov, Ukrayna Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Valentin Nalivayçenko, Daxili İşlər naziri Arsen Avakov, keçmiş Müdafiə naziri İqor Tenyux, keçmiş Baş prokuror Vitali Yarema, Baş nazir Arseni Yaçenyuk və Baktivşina Partiyasının rəhbəri Yuliya Timoşenkonun iştirak etdiyi müəyyən edilib. Fevral ayında keçirilən iclas zamanı Turçinovdan başqa hər kəs Rusiya ilə müharibənin əleyhinə çıxıb. Timoşenko isə riskə getməməyi və şura üzvlərini ölkədə hərbi vəziyyətin əleyhinə səs verməyə çağırıb. Maraqlı məqam odur ki, Timoşenkonun bu çıxışı belə Turçinovu fikrindən döndərməyib.

Məhz bundan sonra çıxış edən ölkə kəşfiyyatının rəhbəri Nalivayçenko Krımın Ali Şurasının sədri Vladimir Konstantinov və Baş nazir Sergey Aksyonovun dövlətə xəyanət edərək, Rusiyanın tərəfinə keçdiyini bəyan edib:

“Konstantinovla Aksyonov öz fəaliyyətlərini Rusiyanın Qara dəniz donanmasının komandanlığı ilə koordinasiya ediblər. Üstəlik, Ukrayna hərbçiləri, “Berkut” (Ukrayna Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı dəstəsi – red.) əməkdaşları və digər hüquq mühafizə orqanlarının nümayəndələri kütləvi şəkildə Rusiya tərəfinə keçiblər”.

Daha sonra isə Nalivayçenko Krım əhalisinin əksəriyyətinin Rusiyanı müdafiə etdiyini, Moskvanın isə artıq yarımadadakı əsas infrastruktur obyektlərini ələ keçirdiyini bildirib. O, Təhlükəsizlik Şurasını atəş açmamağa və əhali arasında qan tökməməyə çağırıb.

Nalivayçenkodan sonra çıxış edən o zamankı Müdafiə naziri İqor Tenyux isə Şuranı Rusiyanın öz addımlarında ciddi olduğuna inandırmağa çalışıb:

“Bizim Qara dəniz donanmasının komandanlığı ilə danışığımız oldu. O, müzakirə zamanı mənə danışıqlar aparmaq üçün səlahiyyətlərinin olmadığını dedi: “Birincisi, biz sona qədər gedəcəyik. İkincisi, bütün qoşunların hamısı tam döyüş hazırlığı vəziyyətinə gətirilib. Üçüncüsü, əgər siz müqavimət göstərməsiniz, hər şey qan tökülmədən sülhlə başa çatacaq”. Bir sözlə, o, tam olaraq kapitulyasiya və Rusiyanın tərəfinə keçməyə səslədi. Krımdakı bütün obyektləri Rusiyanın ən qaynar nöqtələrində təcrübə toplamış xüsusi təyinatlılar tutublar. Biz bütün ölkədən təxminən 5 min hərbçinin olduğu hərbi qruplaşma toplaya bilərik. Biz onları Krıma da ata bilərik, amma bu, Krım problemini həll etməyəcək. Bəs minlərlə kilometr sərhəd və Rusiyanın Ukraynanı işğal etməyə hazırlanması ilə bağlı nə etməliyik? Əgər səhər Çeniqovsk vilayəti istiqamətində girsələr, o zaman axşama artıq Kiyevdə olacaqlar. Krımda artıq bizim 20 min rus hərbçisinə qarşı hər an silah tətbiq etməyə hazır olan 1,5-2 min döyüşçümüz var”.

İclas zamanı Turçinov ölkədə hərbi vəziyyətin tətbiq edilməsi ilə bağlı əmr versə də, Tenyux və o zamankı Baş prokuror Vitali Yarema onu dəstəkləmir. “Hərbi vəziyyət bu situasiyada bizə kömək etməyəcək. Bizim imkanımız yoxdur ki, onu Krıma aparaq. Biz həmçinin daxili işlər orqanları və demək olar ki, hazırda mövcud olmayan Ukrayna Təhlükəsizlik Xidmətini bura cəlb edə bilmərik. Mən hələ sizə ordudan heç bir söz demək istəmirəm. Əvvəlcə, bütün bunların hamısını yaratmaq, daha sonra orada hansısa vəziyyətin tətbiqindən danışmaq lazımdır”, – deyə Yarema Turçinova cavabında söyləyir.

Yaçenyuk isə ölkə büdcəsində hərbi vəziyyətin tətbiqi və müharibənin aparılması üçün kifayət qədər pulun olmadığını Turçinova xatırladır. Bundan sonra çıxış edən Timoşenko isə Ukrayna ordusunun gücünə inanmadığını söyləyir:

“Sizdən çox xahiş edirəm ki, tələsik addımlar atmayın. Mən Təhlükəsizlik Şurasının üzvü deyiləm, amma xahiş edirəm ki, məni dinləyəsiniz. Putinin tələsinə düşməmək üçün hərbi vəziyyət tətbiq etməyin. Əgər küçələrdə ZTR-lər görünsə, ukraynalılar arasında panika başlayacaq”.

Turçinov isə öz növbəsində başqa bir layihəni səsverməyə qoyur. Təqdim olunan layihədə Ukrayna ordusunun tam döyüş hazırlığı vəziyyətinə gətirilməsi, Budapeşt memorandumuna əsasən Ukraynanın zəmanətçisi olan ABŞ və Böyük Britaniyaya yardım üçün müraciət edilməsi, Krım və Sevastopolla bağlı operativ reaksiya qərargahının yaradılması yer alıb. Bu layihə şura tərəfindən yekdilliklə qəbul edilib.

Qeyd edək ki, Krım Ukrayna ərazisidir. O, 2014-cü ilin martında Rusiya tərəfindən qanunsuz anneksiya edilib.














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.