Ölkəmizin daha çox Rusiya silahı almasının sirri

24-02-2016, 02:04           
Ölkəmizin daha çox Rusiya silahı almasının sirri
Azərbaycan Avropanın ən böyük silah idxalçısı elan edildi

ABŞ və Rusiya dünyada adi silahların ən böyük ixracatçılarıdır. Bu barədə Stokholm Beynəlxalq Sülh Problemlərini Araşdırma İnstitutunun (SIPRI) illik hesabatında deyilir.

İnstitutun tərtib etdiyi reytinqə əsasən dünyanın 5 ən böyük silah ixracatçısının siyahısına 33 faizlik göstərici ilə ABŞ başçılıq edir. ABŞ-ın əsas müştəriləri Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Türkiyədir. Bildirilir ki, son 5 ildə 2006-2010-cu illərlə müqayisədə ABŞ silah ixracını 27 faiz artırıb.

Siyahıda 2-ci yerdə Rusiya qərarlaşıb. Onun dünya silah ixracında payı 25 faizdir. Rusiya son 5 ildə silah istehsalını əvvəlki 5 illiyə nisbətən 28 faiz artıb. Siyahıda digər 3 yerdə Hindistan, Çin və Vyetnam qərarlaşıb.

Hesabatda həmçinin qeyd edilir ki, Azərbaycan Avropanın ən böyük silah idxalçısıdır. Əvvəlki 5 illiklə müqayisədə 2011-2015-ci illərdə Azərbaycanın silah tədarükü artıb.
Azərbaycanın daha çox Rusiyadan silah aldığı bildirilir.

Bəs, Azərbaycanın silah idxalında daha çox Rusiyaya üstünlük verməsi nə ilə bağlıdır? Bu, Rusiyadan çəkinmək, Rusiya silahının daha keyfiyyətli, daha ucuz olması, yoxsa digər silah ixracatçılarının bizə yetərli səviyyədə silah satmaması ilə bağlıdır?

AzDP sədri Sülhəddin Əkbər bildirdi ki, əslində silahın haradan alınması siyasi məsələdir və ölkələrin strateji seçimi ilə bağlıdır. Dövlət üçün adətən dost və müttəfiq ölkələrdən silah almaq məqsədəuyğundur. Çünki hərbi münaqişə yaranacağı təqdirdə silah sursatın alınması prosesi, ehtiyat hissələrin alınması davam eləməlidir. Dost olmayan və ya səninlə müharibə eləyən ölkə ilə dost, strateji müttəfiq olan ölkədən silah alırsansa müharibə alovlandığı halda o ölkə sənə silah yardımı eləməyəcək, sursat verməyəcək, ehtiyat hissələri verməyəcək: “Nəticədə əvvəllər aldığın silah, texnika müharibənin getdiyi bir vaxtda dayanacaq. O baxımdan da silahı kimdən almaq siyasi məsələdir, ölkələrin strateji seçimi ilə bağlı məsələdir. Azərbaycan da çox təəssüf ki, öz strateji seçimini etməyib. Düzdür, 207-ci ildə Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyası qəbul olunub və orada Azərbaycanın strateji hədəfinin avroatlantik məkana inteqrasiya olduğu qeyd edilib. Ancaq 2008-ci ildə Rusiyanın Gürcüstana təcavüzündən sonra Azərbaycan bu xətdən yayınıb. Burda başlıca faktor Rusiyadır. Ona görə də Azərbaycan silahı əsasən Rusiyadan alır. NATO ölkələrindən, həmçinin Türkiyədən daha çox silah almaq əvəzinə daha çox Rusiyadan silah alır. Bu, nonsensdir. Azərbaycan müharibə vəziyyətindədir, Azərbaycanın müharibə vəziyyətində olduğu işğalçı Ermənistanın arxasında Rusiya dayanır, Rusiya Ermənistanın hərbi-siyasi müttəfiqidir, Ermənistanla Kollektivlik Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Belə bir durum ortada olmasına baxmayaraq Azərbaycan Rusiyadan silah alır. Bu, çox ağılı bir vəziyyətdir”.

Ekspert onu da dedi ki, Rusiya silah sənayesi keyfiyyətinə görə dünyada keyfiyyətli sayılan sistemlərdəndir. Amma Rusiyanın silahlarından da müasir, modern silahlar var: “Məsələn, Türkiyədən, şərqi Avropa ölkələrindən daha modern silahlar almaq olar. Xüsusilə əsas gücü İsraildən, Pakistandan silah alınmasına yönəltmək olar. İsraildən və Pakistandan müəyyən qədər silah alınır. Sabah müharibə başlasa ABŞ bizə silah satmaya bilər. Amma bu ölkələrdən silah almağımız problem olmaz”.musavat.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.