Günəş kremi uşaqlarda allergiyaya səbəb ola bilər
29-06-2021, 20:41
Uşaqlar yalnız saat 06:00-dan 11:00-a qədər günəş vannası qəbul edə bilərlər
Uşaqların dərisi daha zərif olduğundan günəş şüasının təsirinə tez məruz qalır. Günəşdən qoruyucu kremlər uşaqlar üçün də istifadə edilir, lakin həmin kremlər uşaqlarda allergiyaya səbəb ola bilər. Ona görə də, günəş kremlərindən istifadəyə arxayın olub, uşağı uyğun olmayan saatlarda günəşə çıxarmaq olmaz.
AYNA-nın xəbərinə görə, Səhiyyə Nazirliyinin baş pediatrı Nəsib Quliyevdeyib ki, uşaqlar yalnız saat 06:00-dan 11:00-a qədər günəş vannası qəbul edə bilərlər.
Həkimin dediyinə görə, 11:00-16:00 aralığında uşaqları günəş altında saxlamaq ziyandır: “Yay mövsümü uşaqların sağlamlığı üçün mühüm əhəmiyyət kəsb edir. Valideynlər nəzərə almalıdırlar ki, uşaqların orqanizminin möhkəmləndirilməsi üçün yayda günəş vannasından istifadə etməyin müəyyən qaydalarına riayət etmək lazımdır. Eyni zamanda, isti havalarda uşaqların geyiminə də diqqət yetirmək mütləqdir. Məsləhətdir ki, günəş şüasını udan tünd rəngli paltarlardan imtina edib, əsasən açıq rəngli geyimlərə üstünlük verilsin”.
Baş pediatr, həmçinin qeyd edib ki, valideynlər uşaqları dənizə apararkən rejimə riayət etməlidirlər: “Mövsümdə ilk dəfə dənizə gedən uşaq ardıcıl olaraq 5-6 saat dənizdə qala bilməz. Misal üçün, birinci dəfə yarım saat, ikinci dəfə 1 saat olmaqla uşaqların dəniz istirahətini mərhələli şəkildə təmin etmək lazımdır. Ümumiyyətlə yay aylarında günəş, dəniz və qum vannası uşaqların qışda xəstələnməsinin qarşısını almaq üçün ən təsirli vasitədir. Yayda təbiətin verdiyi sərvətlərdən yararlanaraq uşaqları qışa hazırlamaq onların orqanizmi üçün çox faydalıdır”.