Ölkəmizdə "patı" satışına polis şərait yaradır? - Açıqlama

29-06-2021, 21:08           
Ölkəmizdə "patı" satışına polis şərait yaradır? - Açıqlama
Son günlər bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən guya ölkə ərazisində narkotik vasitələrin, xüsusən, “patı” adlanan, psixotrop maddə olan metamfetaminin kütləvi satışının həyata keçirildiyi və narkotik vasitələrin satışının qarşının polis əməkdaşları tərəfindən alınmadığı, narkotik vasitə və psixotrop maddələrin satışını həyata keçirən şəxslərə qarşı mübarizə aparılmadığı, bu hüquqazidd əməllərlə məşğul olan şəxslərin fəaliyyətinə polis əməkdaşlarının göz yumduğu barədə həqiqətə uyğun olmayan informasiyalar yayılıb.

Teref.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin inspektoru, polis kapitanı Anar Qafarov Report-a açıqlamasında polisin ünvanına səslənən bu ittihamların qəti şəkildə rədd edildiyini bildirib.

"Qeyd edirik ki, polis əməkdaşları tərəfindən qanunsuz olaraq narkotik vasitələr, psixotrop maddələr və ya onların prekursorlarının hazırlanması, istehsal edilməsi, əldə olunması, saxlanılması, daşınması, göndərilməsi və ya satılmasına qarşı qətiyyətli mübarizə tədbirləri fasiləsiz olaraq həyata keçirilir. Bu əməliyyatların nəticələri barədə daim ictimaiyyətə ətraflı məlumatlar təqdim edilir. Narkotik vasitə və psixotrop maddələrin satışına qarşı keçirilən əməliyyatlardan hazırlanan videomateriallar Nazirliyin sosial şəbəkələrdəki hesablarında, internet resurslarında və kütləvi informasiya vasitələrində yayımlanır”, - A.Qafarov deyib.

Bildirilib ki, DİN-in əməkdaşları tərəfindən 2021-ci ilin əvvəlindən bu günə kimi 1 ton 842 kiloqram yüksək təsiredici xassəyə malik müxtəlif növ narkotik vasitə qanunsuz dövriyyədən çıxarılaraq satışının qarşısı alınıb:

"Həmçinin qeyd edilən dövr ərzində əlavə olaraq 178 kiloqram “patı” adalanan psixotrop maddə metamfetaminin ölkə ərazisində qanunsuz dövriyyəsinin, yəni satışının qarşısı alınıb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələrin çəkisi ötən ilin müvafiq dövrü ilə müqayisədə 953 kiloqram çoxdur. Bu rəqəmlərin fonunda polis əməkdaşlarının narkotik vasitələrlə və onların satışı ilə məşğul olan şəxslərlə mübarizə aparmadığını söyləmək həqiqətin təhrif olunmasıdır.

Araşdırmalar göstərir ki, milli genefondun pisləşməsinə gətirib çıxaran narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunusuz dövriyyəsinə qarşı mübarizə antinarkotik təbliğatın və ictimai maarifləndirmə işinin gücləndirilməsini tələb edir. Xüsusən son dövrlər narkotik vasitə və psixotrop maddələrin sosial şəbəkələr vasitəsi ilə onlayn yolla satılması hallarına tez-tez rast gəlindiyindən bu bəla ilə mübarizədə, həmin şəxslərin ifşa edilməsində vətəndaşların, ümumən sosial şəbəkə istifadəçilərinin, bloggerlərin, youtuberlərin, kütləvi informasiya vasitələri nümayəndələrinin ortaya vətəndaş mövqeyi qoymasına ciddi ehtiyac duyulur. Onları antinarkotik təbliğat işində fəal olmağa, şəxsi profillərində mütəmadi olaraq antinarkotik təbliğat postları paylaşmağa, üzləşdikləri, həmçinin aşkar etikləri faktlar barədə dərhal "102" Xidməti-Zəng Mərkəzinə və ya Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verməyə çağırırıq. Unutmayaq ki, bu gün antinarkotik təbliğat işində yaxasını kənara çəkmək, narkomaniyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının ünvanına yalan və böhtan xarakterli şərhlər yazmaq ancaq narkotik vasitələrin satışını həyata keçirən şəxslərin maraqlarına xidmət edə bilər. Gəlin polis əməkdaşlarına dəstək olmaqla “ağ ölüm”ün ölkə daxilində vətəndaşların qapısını döyməsinin qarşısını birlikdə alaq".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.