PAŞİNYAN YENƏ KOÇARYANIN “BOĞAZINDAN TUTUB” – Onu deputat toxunulmazlığı da xilas etməyəcək
30-06-2021, 00:14
Sabiq prezident Robert Koçaryana qarşı qaldırılan və Ermənistanda son illərin ən səs-küylü cinayət işlərindən biri sayılan proses yenidən bərpa olunub. Belə ki, növbədənkənar seçki ərəfəsində bir müddət ara verilən məhkəmə iclası iyulun 29-da yenidən davam etdirilib.
“AzPolitika.info” erməni mətbuatına istinadla xəbər verir ki, İrəvan Məhkəməsində sabiq Prezident Robert Koçaryanla Baş nazirin sabiq müavini Armen Qevorkyana qarşı qaldırılmış iddiayla bağlı keçirilən prosesdə hakim bir sıra məsələləri dəqiqləşdirmək üçün avqustun 3-dək fasilə elan edib. Həmin tarixdən etibarən məhkəmə baxışı yenidən davam etdiriləcək.
Xatırladaq ki, Robert Koçaryan hələ 2018-ci ilin iyulunda 2008-ci il 1 mart hadisələri ilə bağlı qaldırılmış cinayət işi üzrə Ermənistan Respublikası Cinayət Məcəlləsinin 300.1 maddəsinin 1-ci hissəsi ilə ittiham olunaraq, həbs edilmişdi. O, Ermənistanda konstitusiya quruluşunu devirməkdə ittiham olunur. Bu maddə üzrə 10 ildən 15 ilədək həbs cəza tədbiri nəzərdə tutulur.
Lakin bu ilin mart ayında Konstitusiya Məhkəməsi Koçaryana tətbiq edilən 300.1 maddəsinin konstitusiyaya uyğun olmadığına dair qərar çıxardığından, bu maddə ittihamdan çıxarılıb. Ancaq prokuror bununla razılaşmayıb. Çünki Konstitusiya Məhkəməsinin bu qərarı daha çox hüquqi yox, siyasi qərar sayılır ki, bu da köhnə klanın hələ də hakimiyyət eşalonlarında və məhkəmə sistemində qalan dayaqlarının təsiri nəticəsində qəbul olunub.
Artıq Baş prokuror Artur Davtyan sözügedən qərarın ləğvi tələbilə Konstitusiya Məhkəməsinə müraciət edib. Koçaryanın məhkəmə prosesindəki prokuror Qevorq Baqdasaryan isə Konstitusiya Məhkəməsinin Koçaryanla bağlı qərarının ciddi pozuntularla qəbul olunduğunu bildirib. O, deyib ki, birincisi, qərar qəbul olunarkən ittiham olunan şəxslər iclasda iştirak etməyiblər və bu, qanunsuzluqdur. İkincisi isə 300.1 maddəsini antikonstitusion hesab etmək cinayət faktını aradan qaldırmır. Odur ki, Koçaryan konkret cinayət faktına görə mütləq cəzalandırılmalıdır.
Digər yandan, Koçaryana qarşı təkcə 300.1 deyil, digər maddələr üzrə də ittiham irəli sürülüb. Ona görə də istənilən halda Koçaryan və keçmiş Baş nazir müavini Armen Gevorkyan başqa cinayətlərdə də ittiham olunduqlarından onlarla bağlı cinayət təqibi davam edəcək. Belə ki, Ermənistanın ikinci Prezidenti külli miqdarda rüşvət almaqda, Gevorkyan isə çirkli pulların yuyulmasında ittiham olunur.
Beləliklə, R.Koçaryan “1 mart işi”ndən hələlik xilas olsa da, eyni zamanda 3 milyon dollar məbləğində rüşvət almaqda ittiham edilir. Prokuror Qevorq Baqdasaryan hətta deyib ki, Koçaryana qarşı yeni ittihamlar irəli sürüləcək.
Ancaq 29 iyulda keçirilən məhkəmə iclasında hakim Anna Danibekyan ittiham olunan şəxslərin statusu ilə bağlı məsələnin araşdırılmalı olduğunu bildirərək, fasilə elan etmək qərarına gəlib. Koçaryanın vəkili bununla razılaşıb. Söhbət Koçaryanın mümkün deputat toxunulmazlığı statusundan gedir. Məsələ ondadır ki, xeyli vaxtdır məhkəmələrdə, cəza evlərində süründürülən Koçaryan tezliklə deputat mandatı ala bilər. Çünki onun rəhbərlik etdiyi blok seçkidə 28 mandat qazanıb və parlamentdə təmsil olunacaq.
Lakin prokuror Q.Baqdasaryan deyib ki, Koçaryanın deputat statusu qazanmasının davam edən məhkəmə işinə heç bir təsiri olmayacaq. Çünki Koçaryana qarşı ittiham onun deputat mandatı qazanmasından çox-çox əvvəl irəli sürülüb və bu şəxsin törətdiyi cinayətlər onun deputatlığı dövrünə aid deyil. Odur ki, bu halda sabiq Prezidenti deputat toxunulmazlığı xilas edə bilməyəcək. Eyni münasibət Koçaryanla birgə müttəhimlər kürsüsündə əyləşən Baş nazirin sabiq müavininə də aiddir. Çünki o da Koçaryanın blokundan parlamentə düşənlər sırasındadır.
Göründüyü kimi, nə Qarabağdakı məğlubiyyətdən sonra Ermənistanda düşən çaxnaşma, nə Rusiyanın açıq-aşkar dəstəyi, nə də deputat mandatı Koçaryanın boğazını Paşinyanın əlindən xilas edə bilmir.