“Azəriqaz”dan Tarif Şurasının qərarı ilə bağlı AÇIQLAMA - VİDEO
30-06-2021, 18:25
Tarif Şurasının bugünkü qərarı əsasında təbii qazın qiyməti ilə bağlı tariflərdə dəyişiklik edilib.
Bu barədə “Azəriqaz” İstehsalat Birliyinin (İB) baş direktoru Ruslan Əliyev danışıb.
O bildirib ki, əvvəl iki tarif mövcud idi, yəni 10 qəpik və 20 qəpik tariflər.
Onun sözlərinə görə, 2200 kubmetrə qədər 1000 kubmetr qazın qiyməti 100 manat idi, 2200 kubmetrdən yuxarı 1000 kubmetr qazın qiyməti 200 manat idi:
“Bu hissə abonentlərin 80 faizə qədərini təşkil edirdi. Yeni tarifdə isə bu rəqəmlərdə dəyişiklik olub. İllik istehlak həcmi 2200 kubmetrdən 1200 kubmetrə kimi endirilib. 2020-ci il və son 5 ayın araşdırması göstərir ki, ümumi abonentlərin 51 faizini təşkil edəcək. Bu gün 2,4 milyon abonentimiz var və onların 1,3 milyona yaxını qazı limit çərçivəsində, yəni 1 kubmetr 10 qəpik, 1000 kubmetri 100 manatdan istifadə edə biləcək”.
O qeyd edib ki, növbəti limit isə 1200 ilə 2500 kubmetr arasında bölünüb:
“Bu aralıqda olan həcm üçün isə 1000 kubmetr 200 manatdan, yəni 1 kubmetr 20 qəpikdən ödəniləcək. 2500 kubmetrdən yuxarı istifadə üçün isə 1 kubmetr 25 qəpikdən, 1000 kubmetr isə 250 manatdan müəyyənləşib”.