Qarabağda döyüşən, müharibədən iki ay sonra Bakı bulvarında tutulan rusiyalı muzdlu “QOHUMLARIM ƏSGƏRANDA VƏ XANKƏNDİNDƏ YAŞAYIR...”
1-07-2021, 00:05
Bakı Ağır Cinayətlər Məhkəməsində Ermənistan tərəfindən Qarabağda döyüşlərə cəlb olunmuş Rusiya vətəndaşı Dubakov Eduard Sergeyeviçin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.Virtualaz.org-un xəbərinə görə, prosesdə dövlət ittihamçısı ittiham aktını elan edilib.
İttihama görə, Edurard Dubakov Azərbaycanın işğal altında olmuş torpaqlarına qanunsuz səfər edərək hərbi təlimlərə qatılıb. Dəfələrlə Dağlıq Qarabağ ərazisinə gedib-gəlib. Sonuncu dəfə bu il yanvarın 1-də terror-təxribat əməlləri törətmək məqsədilə Bakıya gəlib. Həmin gün E.Dubakov hüquq- mühafizə orqanları tərəfindən paytaxtın dənizkənarı bulvar ərazisində saxlanılıb.
Hakim təqsirləndirilən şəxsə bildirib ki, ittihamlar məhkəmə istintaqı zamanı təsdiqini taparsa, onu 8 ildən 15 ilə qədər həbs cəzası gözləyir.
Təqsirləndirilən E.Dubakov ona elan olunmuş ittihamlarla özünü qismən təqsirli bilib. İfadəsində milliyyətcə erməni olan atası Sergey İsraelyanın Bakıda doğulduğunu, anasının isə Qazaxıstan vətəndaşı oıduğunu, sonradan ailə üzvlərinin Rusiyaya köçdüyünü deyib:"Ata qohumlarım Əsgəranda və Xankəndində yaşayırlar. Onlarla münasibətlərim var”.
E.Dubakovun ifadəsində 2018-ci ildə "VOMA" terror təşkilatının rəsmi saytında qeydiyyatdan keçdiyini, həmin təşkilatın üzvü olduqdan sonra internet üzərindən təşkilatın rəhbərliyi ilə danışıqlar apardığını, bir neçə dəfə işğal olunmuş ərazilərdə və Yerevanda olduğunu deyib. Bildirib ki, təşkilatın rəhbəri Vladimir Vartanov Qarabağ müharibəsində iştirak etmişdi. (Söhbət birinci Qarabağ müharibəsində erməni kəşfiyyat batalyonunun komandiri olmuş “Vova”dan gedir,-red.)
Məhkəmədə ziddiyyətli ifadələr verən E.Dubakov həm Rusiya, həm Azərbaycan xüsusi xidmət orqanları ilə əməkdaşlıq etdiyini iddia edib. Həmçinin separatçı Cənubi Osetiyadakı Rusiya "sülhməramlılarının" tərkibində xidmət etdiyini deyib.
Hakim isə bildirib ki, təqsirləndirilən şəxsin istintaqa verdiyi ifadəsi ilə məhkəmədəki ifadəsi ziddiyyət təşkil etdiyindən növbəti prosesdə onun istintaqa verdiyi ifadəsi elan olunacaq.
Şahid qismində məhkəmədə ifadə verən Füzuli Ələsgərov deyib ki, Eduard Dubakov onun işlədiyi yerin yaxınlığında – “Zəfər parkı” ərazisində saxlanılıb: “Bu şəxs saxlanılan zaman Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı yaxınlaşıb axtarış aparırdılar, bunun üçün bizim şahidliyimizə ehtiyacları olduğunu dedilər. Onun çantasında rusca, ermənicə yazılar, kağızlar və başqa əşyalar var idi. Eduard saxlanılan zaman ona qarşı çox normal davranılıb. Ona qarşı heç bir kobud və qeyri insani hərəkətə yol verilməyib".
Məhkəmə prosesi iyulun 7-də davam edəcək.
Qeyd edək ki, Rusiya vətəndaşı olan Dubakov Eduard Sergeyeviç barəsində Cinayət Məcəlləsinin 214-3.1 (terrorçuluq, terrorçuluğu maliyələşdirmə), 218.2-ci (cinayətkar qruplaşmanın tərkibində iştirak etmə), 318.2-ci (Azərbaycan dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə cinayət işi başlanıb.
Virtualaz.org
İnarə Rafiqqızı