Yelo Bankın müharibə iştirakçısı ilə məhkəmə QALMAQALI davam edir - GƏLİŞMƏ

1-07-2021, 09:08           
Yelo Bankın müharibə iştirakçısı ilə məhkəmə QALMAQALI davam edir -
Yelo Bankın müharibə iştirakçısını 100 manat borca görə məhkəməyə verdiyini xəbər vermişdik. Söhbət 97 gün Xocavənd istiqamətində döyüşən Ərəstun Əbilzadədən gedir.

Yelo Bankın mətbuat katibi Ayxan Şıxlınski Bizim.Media-ya məsələ ilə bağlı açıqlama verib. O, deyib ki, müştəri haqqında məlumatlar, onun həqiqətən müharibə iştirakçısı olub-olmaması, eləcə də iddiası və bu səbəbdən götürdüyü kredit üzrə ödənişi etməməsi ilə bağlı məsələ aidiyyatı qurumlarımız tərəfindən dəqiqləşdirilir.

“Məlumat təsdiqlənsə, müştəri ilə ayrıca görüş keçirib, iddiasına bir daha baxılacaq. Bu haqda əlavə məlumat verəcəyəm”.

Bank rəsmisi əlavə edib ki, Yelo Bank cəbhə bölgəsində vəziyyətin gərginləşdiyi ilk gündən ordumuza dəstək kampaniyaları təşkil edib:

“Ordu bölmələrimizin maddi texniki təminatının yaxşılaşdırılması məqsədilə ilkin yardım üçün nəzərdə tutulan tibbi ləvazimatlar və isti geyimlər tədarük edilərək ön cəbhədə vuruşan əsgərlərimizə və hərbi hospitallara göndərilib. Bundan əlavə, Yelo Bank döyüşlərin ilk günlərində Silahlı Qüvvələrə Yardım Fonduna 100 min manat, eləcə də, döyüşlərdə iştirak edən şəxslər və onların ailə üzvlərinə dəstək məqsədilə 50 min manat olmaqla, ümumilikdə 150 min manat vəsait ayırmışdı”, deyə Ayxan Şıxlınski qeyd edib.

Xatırladaq ki, Ərəstun Əbilzadə Vətən müharibəsindən əvvəl bankdan 5 min manat borc götürüb və vaxtı-vaxtında aylıq ödənişlərini edib. Müharibədə olduğu 97 gün müddətində məlum səbəbdən borclarını gecikdirib.

Bank isə veteranın gecikdirilmiş borcuna görə əlavə hesablanmış faiz (100 manat) yazıb. Müharibədən qayıdandan sonra gecikdirdiyi aylıq borclarını ödəsə də, bank bununla kifayətlənmir. Yelo Bank müharibə iştirakçısına faizin ödənilməsi üçün 10 gün vaxt qoyub.

Ərəstun Əbilzadə 13 may 1993-cü ildə Biləsuvar rayonunun Bəydili kəndində doğulub. 2010-cu ildə orta təhsilini bitirərək Azərbaycan Dövlət Dəniz Akademiyasına qəbul olub.

Burada Gəmiçilik və gəmilərin hərəkətinin idarəedilməsi ixtisası üzrə təhsil alıb. Akademiyanı bitirdikdən sonra hərbi xidmətə gedib. Müddətli həqiqi hərbi xidmətdən sonra 2015-ci idlə ASCO-nun “Ramiz Hacıyev” gəmisində matros kimi işə başlayıb.

Ərəstun Əbilzadə Vətən müharibəsində iştirak edən 58 nəfər ASCO əməkdaşından biridir. 44 günlük haqq savaşında qəhrəmanlıqla, böyük qürurla döyüşüb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.