Robert Köçəryan Abbasqulu Şadlinskinin Dəvəlidə tikdirdiyi zavodu ələ keçirib - AÇIQLAMA

1-07-2021, 11:09           
Robert Köçəryan Abbasqulu Şadlinskinin Dəvəlidə tikdirdiyi zavodu ələ keçirib - AÇIQLAMA
“Ermənistanda Robert Köçəryanla bağlı məhkəmənin başlaması müsbət hadisədir. Köçəryanın həbsi mümkündür və ümid edirəm ki, biz, bu caninin həbsə göndərilməsi, ağır cəza alacağının şahidi olacağıq. Köçəryanın əli təkcə azərbaycan türklərinin qanına batmayıb, o, həm də öz xalqına silah çəkib. İnanıram ki, o, uzun illər həbsdə yatacaq”.

Bu sözləri Reyting.az-a Azərbaycanın keçmiş təhsil naziri, professor Firudin Cəlilov Ermənistanın sabiq prezidenti, hərbi cani Robert Köçəryanın İrəvanda başlayan məhkəmə prosesindən danışarkən deyib.

Firudin Cəlilov Robert Köçəryanın günahsız insanların qanı üzərindən hakimiyyətə gəldiyini xatırladıb: “1999-cu ilin oktyabrında bir qrup cinayətkar Ermənistan parlamentini gülləbaran etdi. Onlar zala daxil olaraq deputatları, spikeri və Baş naziri güllələdilər. Köçəryan bu əməliyyatda birbaşa iştirak etməsə də, terror aktı onun xəbər və razılığı əsasında keçirilmişdi.

Köçəryan hakimiyyətə gəldikdən sonra ancaq korrupsiya ilə məşğul oldu. Çirkli pullarını xarici banklarda, ofşor zonalarda yerləşdirdi. Ermənistanda bir çox obyektləri şəxsi mülkiyyətinə keçirdi. Hətta 20-ci illərdə Abbasqulu Şadlinskinin Dəvəlidə tikdirdiyi sement zavodunun səhmlərinin 30 faizi Köçəryanın əlindədir. Erməni cəmiyyəti bunları bilir. Ona görə də, Köçəryanın korrupsioner və mafioz kimi həbsə göndərilməsini istəyirlər.

Köçəryandan sonra növbə Serj Sarkisyana çatmalıdır. Erməni cəmiyyəti bilirdi ki, Köçəryan və Sarkisyan mafioz və cinayətkardır. Onlar əvvəlcə işğal altında olan Qarabağı, daha sonra Ermənistanı talayıblar. Buna görə də, ədalətin üzünü görməli və həbsə getməlidirlər”.

Professor əlavə edib ki, son parlament seçkilərindən sonra qarabağlı ermənilərlə Ermənistan erməniləri arasında uçurum genişlənir: “Bu proses 20 ildir davam edir. İrəvan hayları qarabağlı hayları qəbul edə bilmir, onları hətta “dönmə” adlandırırlar”.

Sabiq nazir daha sonra diqqətə çatdırıb ki, Köçəryan-Sarkisyan cütlüyü Qarabağ ermənilərindən ibarət mafiyanın başında durur. O, hesab edir ki, Ermənistanda qarabağlı ermənilərlə yerli ermənilər arasındakı gərginlik daha da artacaq və nifrət hissinə qədər davam edəcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.