Sabahdan yenə içki və siqaret qıtlığı gözlənilir? - ŞƏRH
29-02-2016, 22:32
Vergilər Nazirliyinin yeni təsdiq olunmuş "Aksiz markası ilə markalanmalı olan malların Azərbaycan respublikasının ərazisində dövriyyəsinin tənsimlənməsi QAYDALARI"na görə, topdançılar spirt və tütün məhsullarını mağazalara nağdsız və öncədən ödənilməklə (!) təhvil verməlidir.
Bu ilin yanvarın 1-dən tətbiq olunan bu qaydalar qısa müddət sonra bütün ölkə boyu böyük ajiotajın və narazılığın yaranmasına səbəb oldu. Mağazalar öncədən ödəmə qaydaları ilə razılaşmayaraq, məhsul götürməkdən imtina etdiyi üçün spirtli içki və siqaretlər vitrinlərdən yoxa çıxdı. Yaranan ajiotaj Prezident İlham Əliyevin müdaxiləsi ilə aradan qaldırıldı və Vergi Məcəlləsinə edilən dəyişikliklər ləğv edildi.
Yeni qaydalar əsasən aksiz markaları ilə markalanmalı olan mallar satılması və satış məqsədi ilə alınması zamanı həmin malların dəyərinin nağd qaydada ödənilməsinə qadağanı nəzərdə tuturdu.
İndi məlum olur ki, dəyişikliklərin yalnız alıcıların mağazalardan bu məhsulları plastik kartla almasını nəzərdə tutan hissəsi ləğv edilib, amma digər və heç də az əhəmiyyətli olmayan hissəsi yenə qüvvədədir. Yəni topdançılar yenə məhsullarını mağazalara nağd şəkildə sata bilməz və məhsulun dəyərini mütləq ÖNCƏDƏN ALMALıdır.
Araşdırmalarımız zamanı məlum oldu ki, son iki ayda qeyri-rəsmi tapşırıqla qanunun bu hissəsinin də tətbiqi müvəqqəti ertələnib. Amma artıq mart ayının 1-dən qanunun tətbiqinə start verilir. Bu isə yenidən vitrinlərin boşalacağı anlamına gəlir.
Nağdsız ödəmənin tətbiqi bütün hallarda alqışlanmalıdır. Çünki bu həm mağazalara məhsulun mənbəsi haqqında sənədlərə sahib olmaq imkanı verir (uzun illər idi ki, məhz bu faktor onların əsas sıxıntı mənbəyi idi), həm nağdsız ödənişləri stimullaşdırır, həm də bu sahədə dövriyyənin qanunun tələblərinə tam uyğunlaşdırılması və uçot sisteminin təkmilləşdirilməsinə xidmət edir. Amma ÖDƏNİŞİN ÖNCƏDƏN tələb edilməsi heç bir məntiqə sığmır və dünyanın heç bir ölkəsində belə bir təcrübə yoxdur. Digər tərəfdən bu qayda Azərbaycanın Mülki Məcəlləsinin tələblərinə də ziddir.
Önəmli olan dövriyyənin qeydiyyata düşməsi və vergidən yayınmamasıdırsa, alqı-satqı artıq rəsmi hesab-faktura şəklində rəsmiləşdirildiyi üçün, problem qalmır. Amma bir mağaza satmaq üçün təqdim olunan bütün çeşid spirtli içkilər və tütün məmulatlarının dəyərini öncədən ödəmək iqtidarında olmayacağı üçün, bazarda süni qıtlıq yaranması qaçılmaz olacaq. Mağazalar ödəmə edə bilməyəcəyinə görə, məhsul götürə bilməyəcək və deməli, vitrinləri də boş qalacaq. Bəlkə Bakının bir neçə iri supermarket şəbəkəsi belə bir gücə sahib olsun, amma ümumilikdə bu iri marketlər bütün ölkəni və hətta paytaxtı belə əhatə edə blmir. Elə isə bu qayda kimə və hansı məqsədə xidmət edir?
Onu da xatırladaq ki, bu qanun layihəsinin və təklifin müəllifi o vaxt Vergilər Nazirinin birinci müavini, hazırda isə Prezidentin müşaviri olan Natiq Əmirova məxsusdur. Ümid edirik ki, cənab müşavirin bu mövzu ilə bağlı məntiqli bir açıqlaması vardır. Əks halda bu qaydanın da qısa müddət sonra Prezidentin müdaxiləsindən sonra ləğv edilməsi qaçılmaz olacaq. Bu böhran şəraitində Azərbaycanın iş adamlarına, biznes subyektlərinə həqiqi dəstək olan təklif və dəyişikliklərə, mövcud dövriyyənin artmasına təkan verəcək layihələrə ehtiyacı var, bu artıma əngəl olan, süni qıtlığa səbəb olacaq qaydalara yox.