"...real döyüş əməliyyatları başlasa, necə olacaq?" - Ekspertdən MN-ə "piar dərs"i
29-02-2016, 23:15
"Bu gün Azərbaycan Müdafiə Nazirliyi (MN) növbəti dəfə mücərrəd, mən deyərdim çox gecikmiş bir təkzib məlumatı yayıb. Yenə ənənəvi olaraq "bəzi KIV-lər" adı altında yerli mətbuat ittiham olunur və nədənsə hər dəfə eyni səhvlər, eyni hallar davam etməkdədir".
Mia.az-ın məlumatına görə, bunu hərbi ekspert Üzeyr Cəfərov facebook hesabında yazıb. Eksper daha sonra bunları qeyd edib:
Nədən müharibə şəraitində olan MN kimi ölkənin ən vacib və mühüm qurumlarından biri onlayn rejimində ölkədə və xaricdə Azərbaycanla bağlı məqsədli və ya təxribat məqsədiylə yayılan məlumatları anındaca deyil, artıq o məlumat az qala bütün dünyanı dolaşandan sonra yalnız mücərrad məna kəsb edən çox primitiv bir təkzib verməklə işini bitmiş hesab edir? Dəfələrlə MN-nin həm rəsmi, həm də qeyri-rəsmi şəxslərinə təklif irəli sürmüşük ki, nazirliyin həm mətbuatla birbaşa əlaqəli işləyən Mətbuat Xidmətinin, həm də İctimaiyyətlə əlaqə,Təhlükəsizlik İdarəsinin əməkdaşları növbətçilik qaydasında bütün 24 saat ərzində işlərini elə təşkil etsinlər ki, Ermənistan, Rusiya və digər ölkələrin elektron KİV-lərində, həmçinin sosial şəbəkələrdə yayılan məlumatlara dərhal reaksiya verib onların yayımının qarşısını alsınlar. Nədənsə, bizim MN-də bu işlərə cavab verən şəxslər az qala özlərini mülki dövlət qulluqçuları kimi hiss edir və bəlli iş saatlarından sonra evlərinə gedib, səhər də xidmət yerlərinə gəlib bütün dünyanı gəzib-dolaşan həqiqi və ya dezinformasiya xarakterli məlumatları saatlarla araşdırdıqdan sonra balaca bir məlumat verməklə guya hansısa "iş" gördüklərini düşünürlər.
Rusiyanın nüfuzlu "Moskovskiy Komsomolets" dərgisi 2014-cü ilin iyun ayında Naxçıvan istiqamətində yerləşən qoşunların təmas xəttindəki vəziyyətlə əlaqədar bir xəbəri üstündən 2 ilə yaxın müddət keçəndən sonra dezinformasiya şəkilində dərc edir və bizim Azərbaycanda olan bəzi elektron KİV və sosial şəbəkələrdə olan istifadəçilər bu xəbəri yayırlar. Əvvala, bir daha qeyd etməyi vacib sayıram ki, MN son dərəcə ayıq-sayıq olmalıdır. Regionda və yaxın-uzaq ətrafımızda çox mürəkkəb proseslər baş verir. Düşmən Ermənistan aktiv şəkildə silahlandırılır. Belə bir həssas məqamda diqqəti özlərindən yayındırmaq üçün rus-erməni polittexnoloqlar və piarla məşğul olan dairələr belə variantlardan çox istifadə etməyə çalışırlar. Maraqlıdır ki, Azərbaycan Müdafiə Nazirliyi Rusiya tərəfinə bu cür dezinformasiyaların hansı məqsədlərlə yayılmasını sorğulamaq əvəzinə yalnız daxildə "bəzi KİV-lər" adı altında şəxsi qənaətimə görə heç bir ciddi yük daşımayan bir balaca məlumat yayır. Nədən biz öz etirazımızı həmin "Moskovskiy Komsomolets" kimi çox böyük oxucu auditoriyası olan bir mətbu orqana bildirməməliyik? Kimdən və nədən ehtiyat edirik? Bir də, biz Azərbaycan tərəfi olaraq haqlı olduğumuz halda nə vaxta kimi yalnız hadisələrin ardınca bax belə çox ləng şəkildə hərəkət edəcəyik?
Ən sonda, 2014-cü ilin məlum avqust ayında cəbhə bölgəsində yaşananlarla bağlı Prezident Adminstrasiyasının rəhbərinin yanında aparıcı KİV nümayəndələrinin iştirakı ilə keçirilən geniş müşavirənin nəticəsi olaraq ölkə başçısının imzaladığı məlum sərəncamın da tələblərinə hələ də yetərincə əməl olunmur. Hərbi xarakterli məlumatların ictimaiyyətə ilk mənbədən, dəqiq, müvafiq qurumla razılaşdırılmış şəkildə çatdırmağın vacibliyi məsələsi lazımı şəkildə həyata keçirilmir. Bildiyim qədər MN ilə bəzi hərbyönümlü QHT-lər Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyəsi ilə, Mətbuat Şurası və Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi ilə birgə hərbi sahədə yazan jurnalsitlər üçün böyük bir kurs da təşkil etmişdilər. Jurnalistlərin hərbi biliklərinin artırılması və hərbi qulluqçuların KİV-lərlə işləməsi ilə bağlı təlimat hazırlansa da, məhz bu işin lazımı şəkildə təşkil edilmədiyinə görə, hələ də Azərbaycan mətbuatında çoxlu sayda dezinformasiyalar dərc olunur. Ötən iki ilə yaxın müddətdə isə bir dənə də olsun nə KİV, nə də jurnalist yol verdiyi xətaya görə məsuliyyətə cəlb olunmayıb.
Yuxarıda sadaladıqlarım hələ atəşkəs dövründə rastlaşdığımız heç də xoş olmayan mənzərələrdir. Əgər sabah həqiqtən də bədnam qonşularımız ilə real döyüş əməliyyatları və ya buna hərtərəfli hazırlıqlar başlasa, görəsən, necə olacaq? Bax əsl sual da budur? Hadisələrə vaxtında və yetərincə çevik müdaxilə etməyi, bəzi dezinformasiyaları, açıq təxribatları öncələməyi, zərərsizləşdirməyi bizim MN-də məsul şəxslər öyrənməlidilər.
Tanrı bizə bütün işlərimizdə kömək olsun!!