Məmur oliqarxların savaşı bank sektorunu çökdürür

1-05-2016, 01:28           
Məmur oliqarxların savaşı bank sektorunu çökdürür
Samir Şərifovla Elman Rüstəmov arasındakı ziddiyyətlər bank sektorunu çökdürür

Bank rəhbərləri ölkə başçısına müraciət etməyə hazırlaşırlar

Azərbaycanda fəaliyyət göstərən banklar ölkə başçısı Ilham Əliyevə və Mərkəzi Bankın rəhbəri Elman Rüstəmova müraciət etməyə hazırlaşır. Bu barədə redaksiyamıza daxil olan məlumata görə, bankların müraciəti istiqrazlarla bağlıdır. Məlumat üçün deyək ki, Maliyyə Nazirliyi fevral ayından istiqrazlar buraxmağa başlayıb. Bu isə banklara ciddi zərbədir.

Birincisi, ona görə ki, istiqrazlara dövlət təminat verir, əmanətlərə isə bank. Azərbaycanda bank sektorunun hansı vəziyyətdə olduğu və yüzlərlə əmanətçinin banklarda pulunun batdığı məlumdur. Bu halda vətəndaşların pullarını banklara qoymaqdansa, istiqraz almağa üstünlük verməsi təbiidir. Təsadüfi deyil ki, artıq istiqrazlara xeyli tələbat var.

Ikincisi, banklar əmanətçilərə 12 faiz gəlir təklif edir. Istiqrazlarda isə gəlir 17 faizdir. Bu da vətəndaşların banklara marağının itməsinə, bankların əmanətsiz qalmasına səbəb olan amildir. Bütün bunlar bank sektorunun çöküşü ilə nəticələnə bilər.

Qeyd edək ki, bu məsələ həm də maliyyə naziri Samir Şərifovla Elman Rüstəmov arasında baş qaldıran ziddiyyətlərin təzahürüdür.

Bu ziddiyyətlər ikinci devalvasiyadan sonra baş qaldırıb. Elman Rüstəmov 21 dekabr devalvasiyasında dolların məzənnəsinin 1.10-1.20 qəpik civarında müəyyənləşdirilməsini təklif edib. Lakin Samir Şərifov Elman Rüstəmovdan fərqli olaraq sərt devalvasiyasının tərəfdarı olub. Hansısa səbəblərdən ölkə başçısı Ilham Əliyev Samir Şərifovun təklifini dəstəkləyib. Bəs niyə bu məsələ Elman Rüstəmovla Samir Şərifov arasında ziddiyyətlərə səbəb olub? Məsələ burasındadır ki, devalvasiya Maliyyə Nazirliyinə sərf edən prosesdir. Çünki istənilən devalvasiya qiymət artımına səbəb olur. Bu halda isə vergi daha da artır və nəhayət dövlət büdcəsinin doldurulması bir qədər asanlaşır.

Elman Rüstəmov isə inflyasiyaya nəzarət edən bir şəxs kimi hər devalvasiyada hədəfə gəlir. Bu baxımdan Mərkəzi Bank rəhbəri sərt devalvasiyanın tərəfdarı deyil. Məlumatda bildirilir ki, indi Elman Rüstəmov vəziyyətdən çıxış yolu kimi manat qıtlığı yaradıb. Elə bu səbəbdəndir ki, Mərkəzi Bankın hərraca çıxardığı böyük məbləğdə dolların yalnız cüzi hissəsi satılır. Banklar dollar almaq üçün manat tapmaqda çətinlik çəkirlər.

Indi Samir Şərifov istiqrazları buraxmaqla bankları çətin vəziyyətdə qoyub. Elman Rüstəmov da maliyyə nazirini "vurmaq” üçün bundan yararlanmağa çalışır.(azadliq.info)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.