AKADEMİKLƏRİN YAZDIQLARI DƏRSLİKLƏR BUDURSA… – Təhsil ekspertlərindən maraqlı araşdırma
2-05-2016, 09:55
“1984-cü ilin yazı idi. Mehdi müəllimdən məktub aldım. Sevindim. Oxuyub mütəəsir oldum: Əzizim Miriş müəllim! “Azərbaycan xalq təhsilinin sürətli inkişafı” adlı əsərimə rəy yazmağınızı xahiş edirəm”.
Əməkdar müəllim Miriş Hüseynov
Testin əleyhinə olanlar bu üsulun öyrənənlərin nitq və yazı qabiliyyətinə əngəllər törətməsindən danışırlar. Əgər nitq və yazı barədə düşünürüksə, gərək unutmayaq ki, kamal attestatı alan hər kəs bəlli səviyyədə bu keyfiyyətlərə yiyələnməlidir. Sual olunur ki, niyə bunu edə bilmirik? Bu bacarıqlar kamal attestatının tələbi olmalıdır, məktəbdə öyrədilməlidir. Əlbəttə ki, burada dərsliklərin və müəllimlərin rolu əvəzsizdir. Xüsusilə də “Azərbaycan dili” və “Ədəbiyyat” dərsliklərinin. Dərsliklərdəki qüsurlar barədə dövrü mətbuatda minlərlə yazılar dərc olunub. Ancaq bu işdə irəliyə doğru hərəkət yoxdur. Bir tərəfdən inhisarçılıq, digər tərəfdən isə elmi adların və yüksək titulların sahibləri bu işdə “söz sahibi” kimi qalırlar. Dərsliklərlə bağlı bir layihə üzərində işləyərkən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının monitorinq sənədi ilə tanış oldum. Respublikanın ümumtəhsil məktəblərinin 10-11-ci sinifləri üçün “Azərbaycan dilı” və 10-11-ci sinifləri üçün “Ədəbiyyat” dərsliklərinin monitorinqi diqqətimi çəkdi.
imagesDərsliklərin monitorinqi TQDK-ya həvalə olunmasa idi, bu dərsliklərin heç birindən kiminsə qüsur axtarmağa cürəti çatmazdı. Bu dərsliklərin müəllifləri böyük elmi titullara sahib olmaqla yanaşı, həm də yeri gələndə “ağa” “qara” deməyi də bacarırlar. Əslində dərslik müəllifləri ideal dərslik yazmağı prinsip kimi qəbul etməlidirlər. Bu məsələ həm də ictimai məsuliyyət tələb edir. Görəsən, nə vaxta qədər ideal dərsliklərdə gözümüz qalacaq? Bunu təhsilin bütün subyektləri tələb edir.
Qardaş Türkiyədə olduğu kimi bizdə də dərsliklərin qiymətləndirilməsi və monitorinqi məzmun, dil və üslub, dizayn, məzmuna uyğun tapşırıqların verilməsi meyarları üzrə aparılır.
Nəzərə almalıyıq ki, dərsliklərin ilkin çapı mövcud şagird kontingentinin 105%-i həcmində, 2 ildən sonra isə 45% əlavə çap olunur. Deməli aşkar olunan qüsurların aradan qaldırılması (?) 45%-də öz əksini tapmalıdır.
Ümumtəhsil məktəblərinin 10-cu sinifləri üçün “Azərbaycan dili” dərsliyinə (2012-ci il nəşri) verilən yekun rəydən: (müəlliflər: Tofiq Hacıyev, Nizami Cəfərov)
Məzmunun işlənməsi baxımından – 24 qüsur
Dil və yazı üslubu baxımından – 10 qüsur
Ümumtəhsil məktəblərinin 10-cu sinifləri üçün “Azərbaycan dili” dərsliyinə (2014-ci il nəşri) verilən yekun rəydən:
Məzmunun işlənməsi baxımından – 22 qüsur
Dil və yazı üslubu baxımından – 7 qüsur
Ümumtəhsil məktəblərinin 10-cu sinifləri üçün “Ədəbiyyat” dərsliyinə (2012-ci il nəşri) verilən yekun rəydən: (müəlliflər: Nizami Cəfərov, Teymur Kərimli)
Məzmunun işlənməsi baxımından – 36 qüsur
Dil və yazı üslubu baxımından – 24 qüsur
Ümumtəhsil məktəblərinin 10-cu sinifləri üçün “Ədəbiyyat” dərsliyinə (2014-ci il nəşri) verilən yekun rəydən:
Məzmunun işlənməsi baxımından – 17qüsur
Dil və yazı üslubu baxımından – 14 qüsur
Ümumtəhsil məktəblərinin 11-ci sinifləri üçün “Azərbaycan dili” dərsliyinə (2012-ci il nəşri) verilən yekun rəydən: (müəlliflər Tofiq Hacıyev, Nizami Cəfərov)
Məzmunun işlənməsi baxımından – 31 qüsur
Dil və yazı üslubu baxımından – 17 qüsur
Ümumtəhsil məktəblərinin 11-ci sinifləri üçün “Azərbaycan dili” dərsliyinə (2014-cü il nəşri) verilən yekun rəydən:
Məzmunun işlənməsi baxımından – 17 qüsur
Dil və yazı üslubu baxımından – 6 qüsur
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının qüsurlarla bağlı qeydi: aparılmış elmi-metodiki monitorinq nəticəsində hazırlanmış yekun rəydə göstərilən irad və təkliflərin xeyli hissəsi bu nəşrdə (2014-cü ilin nəşri nəzərdə tutulur) nəzərə alınsa da, bəzi qüsurlar qalmış, əlavə və dəyişikliklər zamanı yeni qüsurlara yol verilmişdir.
Qüsurların nəzərə alınması etiraf əlamətidir. Əlavə və dəyişiklilər zamanı yeni qüsurlara yol verilməsi isə anlaşılan deyil.
Ümumtəhsil məktəblərinin 11-ci sinifləri üçün “Ədəbiyyat” dərsliyinə (2012-ci il nəşri) verilən yekun rəydən: (müəlliflər: Nizami Cəfərov, İsa Həbibbəyli və başqaları)
Məzmunun işlənməsi baxımından – 15 qüsur
Üslub və qrammatik baxımından – 44 qüsur
Ümumtəhsil məktəblərinin 11-ci sinifləri üçün “Ədəbiyyat” dərsliyinə (2014-cü il nəşri) verilən yekun rəydən:
Məzmunun işlənməsi baxımından – 12 qüsur
Üslub və qrammatika baxımından – 11 qüsur
Bu dərsliyə verilən rəyin nəticə hissəsi maraqlıdır: Dərslikdə lüğətin verilməsi təklif edilir. Təqdim olunan bəzi şeir parçalarında ərəb-fars sözlərinin izah olunması vacibdir.
Bir çox mövzuların izahı zamanı cümlələrin şagirdlərin yaş və bilik səviyyəsinə uyğun olaraq redaktə edilməsi məqsədəuyğundur.
Bu onu göstərir ki, müəlliflər dərsliklər üzərində yaradıcı çalışmayıblar.
İndi diqqət edin: belə dərsliklərlə şagirdlərimizin yazı və nitq qabiliyyəti inkişaf edə bilərmi? Yaxud belə qüsurlu dərsliklərdən necə test tapşırıqları tərtib etmək olar?
Akademik Mehdi Mehdizadə adi kənd müəllimindən kitabına rəy yazmasını xahiş edir. Bu, onun sadəliyi ilə yanaşı, müəllimini yaxşı tanımasından, onun qələminə və savadına bələd olmasından irəli gəlirdi. Akademik yazdıqları haqqında əyalət müəlliminin də fikirlərini bilmək istəyirdi.
Zəmanə dəyişib: Tələbə müəllimi ilə birləşib fürsəti əldən vermədən məktəblilərimiz üçün ən qüsurlu dərsliklər yazmaqla məşğul olublar. Yaxud dərslik müəllifi Təhsil Nazirliyinin nəzdində Dərslikləri Qiymətləndirmə Şurasının üzvü olmaqla dərsliyini keçirməyə nail olur.
Akdemiyanın müxbir üzvləri və akademiklərin imza atdıqları dərsliklər ideal olmalıdır. Onlar ya ideal dərsliklər yazmağı öyrənməli, ya da dərsliklərdən əl çəkməlidirlər. Elə dərsliklər yazılmalıdır ki, müəllim, valideyn, yaxud şagird onlardan “vergül” səhvi də tapa bilməsinlər. Saysız – hesabsız səhvlərdən ibarət olan və üstəlik verilən mətnlərin məzmunu başa düşülməyən dərsliklər gözdən düşür və kənara atılır.
Təhsil ekspertləri:
Etibar Əliyev
Nadir İsrafilov