“Evrostroy-S” şirkətindəki davanın təfərrüatları bilindi

16-06-2016, 12:56           
“Evrostroy-S” şirkətindəki davanın təfərrüatları bilindi
Ötən saylarımızdan birində “Evrostroy-S” şirkətinə basqın oldu - səbəb və təfərrüatlar...” sərlövhəli yazı dərc etmişdik. Həmin yazıda şirkətdə vaxtilə şərik olmuş Rafael Qarayevlə Bəxtiyar Təhməzov və İlqar adlı işçinin davasından söhbət açılırdı. Qeyd olunurdu ki. R.Qarayev şirkətin ofisinə idmançıların əhatəsində gəlib.

Bu yazı dərc olunandan sonra redaksiyamıza müraciət edən Tərlan Ramiz oğlu Əlibalayev deyib ki, əslində R.Qarayev ofisə tək gəlib və sonradan davaya çevrilən mübahisə təqdim edildiyi tərzdə baş verməyib. T.Əlibalayev deyib ki, R.Qarayev “Evrostroy-S”də şərik olduğu vaxtda şirkətdən 350 kvadrat metrlik obyekt alıblar: “2014-cü il iyulun 22-də “Evrostroy S” MMC-dən obyekt almışıq. Həmin obyekt 350 kvadrat metrdir. Obyekti almaq üçün evlərimizi, maşınlarımızı, ailə-uşağımızın qızıl-zinət əşyalarını satmışıq. İllərlə qazandığımız pulları da üstünə qoyub 705 min manat “Evrostroy S”-in Yasamal rayonu, Şərifzadə küçəsindəki ofisində ödəmə edib obyektin sənədlərini - maliyyə arayışı, çertyoju almışıq. Orada əl sıxıb sağollaşıb ofisi tərk etmişik”.

T.Əlibalayev deyib ki, ofisdə obyekti alarkən Rafael Qarayev də orada olub: “O dövrdə Rafael Qarayev həmin şirkətin şəriklərindən biri, işi aparan əsas şəxs idi. Orada çoxlu digər şəxslər də vardı. Pulumuzu ödəyəndən sonra sənədləri bizə Xaliq Pənahov verdi.
Razılaşmaya görə 2015-ci ilin əvvəlində obyekti təhvil verməli idilər. Lakin obyektin təhvil verilməsi gecikdirildi. Biz də pulumuzu geri tələb etdik. Hər dəfə bizə “gələn ay obyekti sizə təhvil verəcəyik” deyib fevral və dekabr aylarındakı 2 devalivasiyanı ötürdülər. Ona görə də biz qəti tələblə pulumuzun geri qaytarılmasını və ya dərhal obyektin bizə təhvil verilməsini istədik. Bizdən 2 ay vaxt istədilər. Pulumuz orada qiymətdən düşmüşdü deyə növbəti dəfə gözləmək qərarı verdik. Dekabrdan 2 ay da ötdü, 2016-cı ilin əvvəlində yenə də obyekti bizə təhvil vermədilər. Hər dəfə yeni bəhanə gətirirdilər. Sonda da dedilər ki, 2016-cı ilin may ayında obyektin pulunu qaytaracağıq. Biz həmin vaxtlarda Rafael Qarayevlə əlaqə saxlayıb ondan da obyektin bizə verilməsini istəyirdik. O da deyirdi ki, “obyektin pulunu ödəmisiz, gedin obyektinizi təmir edin, pulu ödəyə bilmirik”.

2016-cı il iyunun 1-də “Evrostroy-S”ə getdik. Bizə Tofiq adlı mühəndisi qoşub İnqilab küçəsindəki baş ofisə göndərdilər. Biz Tofiqlə bərabər icraçı direktor Talehin yanında olduq. Ona sənədləri verdik. Baxdı, dedi ki, obyekt sizindir, haqlısız, amma obyekt başqa bir şəxsə satılıb. Talehə dedim ki, mənim iştirakım, razılığım olmadan, müqaviləm, maliyyə arayışım əlimdə ola-ola obyektin digər şəxsə satılması cinayətdir. Taleh bizimlə söhbətdən sonra kimlərləsə telefonla danışdı, dedi ki, sizin pulunuz qaytarılmalıdır. Siz zərər çəkməyəcəksiz. İcraçı direktor 1-2 günə bizə cavab veriləcəyini söylədi”.
T.Əlibalayev deyir ki, iyunun 1-dən sonra hər gün “Evrostroy-S”-in Şərifzadə küçəsində inşa etdiyi binaya gediblər: “Məqsədimiz bu idi ki, obyektimizin satıldığı şəxsi görüb ona vəziyyəti izah edək. Çünki şirkət rəsmiləri həmin şəxsi üzə çıxarmırdılar. Biz orada olarkən çoxlu insanlar ora gəlirdilər. Onlar evlərini və ya pullarını tələb edirdilər. Elələri də vardı ki, 1 evi 2-3 nəfərə satmışdılar. İyunun 10-na qədər biz ora gedirdik. İcraçı direktor Taleh müəllim də bizə verdiyi sözü tutmamışdı. Deyirdi ki, “sizin məsələ mənlik deyil, mən şirkətdə müqəvvayam”.

T.Əlibalayevin sözlərinə görə, həmin günlərdə obyektin qarşısında olanda tanımadığı adamların təpkisi ilə qarşılaşıblar: “İdmançı görkəmli həmin adamlar özlərini qoçu kimi aparırdılar. Onlara dedik ki, dövlət var, qanun var, əlimizdə haqlı olduğumuzu sübut edən sənəd var. Baxdılar, çevrilib getdilər. İyunun 10-da biz obyekti təmir etmək üçün ora 1 maşın material apardıq. Ceyhun adlı şəxs əvvəlcə dedi ki, obyektin başqa sahibi var. Səhərdən günortaya qədər bizi qapıda gözlətdilər. Sonra da qapıya içəridən qıfıl vurub bizi içəri buraxmaq istəmədilər. Sənədlərimizi göstərib təkid edəndən sonra qapını açdılar. 50-55 yaşlarında kişi yanında da 10 nəfərə yaxın şəxs bizə yaxınlaşıb kobud danışmaq istədilər. Həmin şəxs ətrafındakılara əmr elədi ki, bizi obyektdən qovsunlar. Onlara izah etdik ki, obyekt qanunla bizə məxsusdur və onların hərəkətləri qanunsuzdur. Əgər biz orada kiminləsə kobud danışsaydıq, bizə əl qaldıracaqdılar. Həmin vaxt Bəxtiyar Təhməzov sənədləri bizdən tələb etdi. Dedi ki, baxmaq istəyirəm. Verən kimi sənədləri cırmaq istədi. Əlindən almaq istədikdə, ətrafındakılar imkan vermədi. Sənədlər faylda idi deyə cıra bilmədi. Ara sakitləşəndən sonra ofisə gedib oturduq. Bəxtiyar dedi ki, sənədləriniz düzdür, amma Talehgil obyektinizi satıblar, ona görə də sizin pulunuz qayıtmalıdır. Ona dedik ki, 9 aydır ki, bizə pulun qaytarılacağı vədini verirlər, amma pulumuzu vermirlər. Bəxtiyar Təhməzov “siz pulu kimə vermisiz, gedin ondan da pulunuzu alın” söylədi. Ona “biz pulu “Evrostroy-S” şirkətinə vermişik, hansısa fərdə verməmişik” dedik. Ona izah etdik ki, biz pulu “Evrostroy-S”də konkret vəzifəli şəxsə veririksə və həmin şəxs şirkətin adından çıxış edib şirkətin ofisində pulumuzu alıb obyektə dair sənədləri verirsə, deməli, şirkət həmin şəxsə bu səlahiyyətləri verib. Biz min bir əziyyətlə qazandığımız pulumuzu verib, müqaviləni bağlayıb, sənədlərimizi alandan 2 dəqiqə sonra həmin şəxs öləcəksə, qaçacaqsa, kosmosa gedəcəksə, biz ona zamin dayana bilmərik. Biz pulu şirkətə ödəmişik. Ona görə də bizim obyektimizdə təmir işləri aparmağımıza mane olmamalarını xahiş etdik.

T.Əlibalayev deyir ki, ofisdə olarkən B.Təhməzovun sözlərindən belə anlayıblar ki, Rafael Qarayevlə “Evrostroy-S” şirkətinin digər şərikləri arasında konflikt olub və ayrılıblar: “Ona görə də bizə də problem yaratmaq istəyirlər. Halbuki bizim həmin konfliktə heç bir formada aidiyyatımız yoxdur. Biz pulumuzu verib obyekt almışıq. Ofisdə olanda Bəxtiyar dedi ki, Rafael Qarayev bura gəlsin, obyektin sizə satılmasını desin, gedin, təmir edin. Xəbər göndərdilər, Rafael gəldi. O, ofisə girəndən sonra Bəxtiyara dedi ki, sən kimsən? Mən buranın şəriki olanda sən makler idin. Niyə bu adamları başına yığıb camaatı halal obyektinə girməyə, təmir etməyə imkan vermirsən? Bu kişilərin sənədləri əllərindədir, pul da şirkətin kassasında. Aralarında mübahisə yarandı, Bəxtiyar ətrafındakılara əmr etdi ki, armaturları götürün, vurun çıxarın bunları bayıra. Bəxtiyar şou yaradıb aləmi qarışdırmaqla bizim obyektin mübahisəli olması qənaətini formalaşdırmaq istəyirdi. Ona görə də hər ikisini sakitləşdirib xahiş etdim ki, əyləşin, burada mənim obyektimin üzərindən mübahisəyə ehtiyac yoxdur. Siz dava edib ortada mənim pulumun yeyilməsinə şərait yaratmayın. Bəxtiyar sakitləşmədi, bacısı oğlu Ceyhun əlində kərpiclə Rafaelə hücum etdi. Ceyhunu birtəhər sakitləşdirdik. Rafael də təsdiqlədi ki, bəli, bu adamlar pulu “Evrostroy-S” şirkətinə ödəyiblər, onlara da maliyyə kağızı verilib ki, obyekti alıblar, şirkətə 1 qəpik də olsun borcları yoxdur. Buna baxmayaraq orada ağ saçlı biri vardı, adının Füzuli olduğunu sonradan mətbuatdan oxuduq. Bu söhbətdən sonra biz ofisdən çıxdıq. Obyektə tərəf getdik. Bir də baxdıq ki, Rafael, ardınca da Bəxtiyar ofisdən çıxdı, Bəxtiyar dedi ki, armaturları götürün, qovun bunları buradan. Onun bu sözündən sonra 10-15 nəfər armaturları götürüb Rafaelə hücum etdilər. Onu vurub yerə yıxdılar. Füzuli Rafaeli sürüyə-sürəyə tikinti meydançasının həyətindən çıxardı. Yəni bizim Bəxtiyara, onun dəstəsinə qarşı hər hansı bir addımımız, onların bizə qarşı hər hansı bir addımları olmayıb. Biz Rafaelin döyülməsinə görə Bəxtiyara etiraz etdik, dedik ki, insanı pula, mala görə bu hala qoymazlar. Bu hadisədən sonra biz orada qaldıq. Yəni biz oradan getmədik. Təxminən yarım saat sonra əraziyə təcili yardım gəldi. Ardından isə Taleh də əraziyə gəldi. Başladı ki, belə obyekt almazlar. Yəni Bəxtiyarın ssenarisini davam etdirdi. Ona dedik ki, bizim davaya aidiyyatımız yoxdur. Bəxtiyara da sual etdim ki, bizimlə dava eləmisən? O da Talehə dedi ki, mən bu adamlarla söhbət eləmişəm, söz vermişəm ki, həftənin 1-ci gününə qədər bu məsələ həll edilməlidir. Bundan sonra polis ora gəldi və onları izahat almaq üçün idarəyə apardı. Bizim adımızın bu məsələyə qarışması belə olub. Biz “Evrostroy-S” şirkətindən obyekt almışıq. Ona görə də zəhmət çəkib obyekti bizə təhvil versinlər. Kiminlə nə davaları varsa, özləri aydınlaşdırsınlar. Biz alıcıyıq. Məhkəmə deyilik ki, şəriklər arasında mübahisələrə aydınlıq gətirək”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.