Qaqarin niyə öldürüldü......

12-04-2015, 23:54           

Kosmonavtın həyat yoldaşı ondan sonra ailə qurmadı
Uzun illərdir ki, SSRİ Ali Sovetinin 9 aprel 1962-ci il tarixli qərarı ilə 12 aprel kosmonavtika günü kimi qeyd olunub. Bu günün keçirilməsinə səbəb isə 54 il əvvəl, yəni 1961-ci ilin aprelində Yuri Qaqarinin bəşər tarixində ilk dəfə kosmosa uçması olub. Kosmonavtın uçuşu 108 dəqiqə davam edib. Qaqarin bununla kosmosun fəthi erasının əsasını qoyub. Kosmik məkanı fəth edən ilk insan Yuri Qaqarindən sonra, səmaya 32 ölkədən yüzlərlə kosmonavt uçub. Kosmosda hamıdan çox qalan da rusiyalı kosmonavtdır. Sergey Avdeyev açıq fəzada 747 sutka 17 saat keçirib. Bir uçuşun davamiyyətinə görə isə lider, ixtisasca həkim olan Valeri Polyakovdur. O, "Mir" stansiyasında bir ildən çox- 437 sutka 17 saat olub. Sovet kosmonavtikasının baniləri arasında azərbaycanlı Kərim Kərimovun da adı var. O, daha çox "R-2" raketlərinin istehsalında müstəsna rol oynayıb. 1957-ci il oktyabrın 4-də belə raketlərdən birinin köməkliyi ilə dünyada ilk dəfə olaraq yerin süni peyki kosmik fəzaya çıxarılıb və bununla da planetimizdə kosmos dövrü başlanıb.
Bu tarixi gündə ilk kosmonavt Yuri Qaqarinin kim olduğundan danışmaq istəməzdik: onun həyat yolundan çox yazılıb. Analitik.az bu yazıda dünyanın ilk kosmonavtının ailəsi, övladlarının sonrakı taleyinin necə olduğu haqda məlumat verir. Bunun üçün isə lap əvvəldən başlamaq lazımdır...


Rəqs meydançasındakı tanışlıq...


Onda hələ lap gənc olan Yuri Qaqarin, öz gələcək həyat yoldaşı Valentina ilə Оrenburq şəhərində, rəqs meydançasında tanış olmuşdu. O vaxt Qaqarin Çkalov yay uçuş məktəbində təlim keçirdi. Valentina həkim olmağa hazırlaşırdı. Qız inanılmaz dərəcədə gənc Yuriyə xoş təsir bağışlayır, onun böyük, gözəl gözləri, uzun hörükləri vardı, lakin qızın qəlbini fəth etmək elə də asan olmadı. Ancaq qəhrəmanımız israrlı idi: Yuri qıza bildirir ki, bu görüş sonuncu olmayacaq. Elə də olur. Yuri vəd etdiyi kimi Valentinanı diqqətdən kənarda qoymur. Lakin onların toyu dörd il keçəndən sonra, 1957-ci ildə baş tutur. Yay uçuş məktəbini bitirdikdən sonra gənc Qaqarin şimala xidmət keçməyə göndərilir, Valentina isə Orenburqda təhsilini bitirmək üçün qalır. Bir il keçir. Gənc ailəyə onda hələ tam tikilməmiş Ulduz şəhərciyinin yaxınlığındakı qəsəbədə ev ayrılır. Daha bir il sonra, 1959-ci ildə, Qaqarinlər ailəsinin ilk övladı - Lena dünyaya gəlir. Qızının dünyaya gəlməsindən sonra gənc və perspektivli pilotun həyatında karyerası bahasına başa gələ biləcək maraqlı bir fakt baş verir. Məsələ ondadır ki, balaca Lena anadan olanda çox zəif olur. Xristian qaydalarına görə ailə onu xaç suyuna salmaq qərarına gəlir. O zaman sovet dönəmində hərbi təyyarəçi üçün bu, görünməmiş bir iş idi. Lakin rəhbərlik bu yolverilməz hadisədən xəbər tutmur. Əgər xəbər tutsaydı kosmosa ilk uçan çox güman ki, Qaqarin olmayacaqdı.


“Getdik...”


Qaqarinin xanımı uçuşları idarəetmə Mərkəzinin nəzdində tibb şöbəsində çalışırdı. Valentina tibb bacısı olub, həmçinin biokimyaçı-laborant kimi işləyirdi. Məlum səbəblərə görə Yuri Qaqarin evdə çox az tapılırdı, Yuri uçuşlara sürətlə hazırlaşırdı, daim ezamiyyətdə olurdu. Son vaxtlar isə onun həyatının, eləcə də bütün ölkənin ən əsas uçuşuna - insan övladının kosmosa uçuşunun hazırlıq işlərinə başlamışdı. Uçuşa az qalmış, onların ailəsində daha bir sevinc yaşanır- ikinci qız övladları - Qalina dünyaya gəlir. Sonra isə Yuri Qaqarinin məşhur "getdik..." ifadəsi bütün dünyaya yayılacaq...

Uçuşdan sonra onun ailəsinin həyatı bütün ölkələrin jurnalistlərinin diqqət mərkəzində idi. Bu diqqətdən çox yorulan Qaqarin, yenə də ailəsindən tez-tez ayrı qalmalı olurdu. Xarici səfərlər, müsahibələr , müxtəlif ölkə liderləri ilə görüşlər...


Leonov pilotun adını niyə açıqlamir?



Sonra isə... Bütün dünyanı sarsıdan bədbəxt hadisə baş verir. İlk kosmonavt Yuri Qaqarin 1968-ci ildə martın 27-sində təyyarə qəzasında həlak olur. Rəsmi xəbərə görə, Miq -15 qırıcı təyyarənin sınaq uçuşu zamanı Yuri Qaqarin və Vladimir Seryoqinin təyyarəsinin qəzaya uğradığı, hər iki təyyarəçinin həlak olduğu deyilirdi. Bu təyyarə faciəsinin səbəbləri barədə indiyədək mübahisələr gedir. Bir versiya əsasən, təyyarənin sınaq uçuşu keçirildiyi hava zonasında daha bir təyyarə olub. Bu təyyarə Qaqarinin qırıcısına təhlükəli dərəcədə yaxınlaşıb və nəticədə faciə baş verib. 2013-cü ildə isə digər təyyarəçi-kosmonavt, Qaqarinin yaxın dostu Leonovun sensasiyalı müsahibəsi yayılır. Leonov həmin anda artıq məxfilik qrifindən çıxarılmış sənədləri araşdırıb və belə nəticəyə gəlib ki, ikinci təyyarə uçuş zonasında təsadüfən, səhlənkarlıq üzündən peyda olub. Qaqarinin dostu kosmonavt Aleksey Leonov, bir başqa təyyarənin buludlu hava mühitində səhv manevr etməsi nəticəsində Qaqarinin təyyarəsinin yerə çırpıldığını iddia edir. Moskvada jurnalistlərə 45 illik sirri açıqlayan Leonov, "Qaqarinin ölümüylə əlaqədar həqiqəti danışmaq üçün 20 il mübarizə etdim. Qəzayla əlaqədar rəsmi yazıda ifadə edilir ki, Qaqarinin təyyarəsi ani manevr edib və yerə çırpılıb. Bu axmaqlıqdır! O, təcrübəli təyyarəçi idi, buna inanmaq ən azı sadəlöhvlük olardı. İşin əsli isə fərqlidir, Qaqarin və Seryoginin mindiyi təyyarə 27 Mart 1968-ci ildə havada ikən, o bölgədə icazəsiz şəkildə Su-15 tipli başqa bir təyyarə ortaya çıxdı. Təyyarə göyə Jukovski hərbii aerodromundan qalxmışdı. Pilot rejimi pozaraq 450 metrə yüksəkliyə qədər qalxır. Qaqarinin təyyarəsini 10-15 metr yaxınlığında uçaraq buludlu səmada onun təyyarəsini burulğana salır . Qaqarinin təyyarəsi bunun nəticəsində yerə düşür. Bu, Qaqarinin ölümünün əsl səbəbidir. Bu söylədiklərimi qəzanı araşdıran komissiyanın açıqladığı gizli yekun sənəd də sübut edir. Burada gizli bir şey yoxdur", deyə bildirir.


Qaqarinin həlakına səbəb olan pilotun adını isə Leonov aşıqlamamışdı: "Mənə bu sirri açıqlamağa bir şərtlə icazə veriblər : Pilotun adını verməmək şərti ilə... İndi pilotun 80 yaşı var və sağlamlıq vəziyyəti çox ağırdır. Mən onun adını açıqlamamaq haqda söz vermişəm.”


Kosmosa uçuşundan iki gün əvvəl Qaqarin bədbəxt hadisə yaranacağından ehtiyat edərək, həyat yoldaşına vida məktubu yazıb. Lakin o məktub ünvanına Qaqarin təyyarə qəzasında həlak olandan sonra çatır...


33 yaşında dul qalan Valentina daha ailə qurmur...



Beləliklə, Valentina Yer üzündə ilk kosmonavtın dul arvadı statusunu qazandı, həmin vaxt onun cəmi 33 yaşı vardı. O, ikinci dəfə ailə qurmadı. Qaqarinin ailəsi Ulduz şəhərciyində yaşamağa davam etdi. Valentina , əlbəttə, Moskvaya gedə bilərdi, amma şəhərcikdə, Yurinin dostları və onların xanımları ilə birlikdə qalmağa üstünlük verdi. Çünki Ulduz şəhərciyində ona hər şey doğma idi...


Qaqarinsiz olsa da, Valentina qızlarını böyütdü, məktəbi bitirdikdən sonra onlar Moskvaya oxumağa getdilər. Ailənin böyük qızı Yelena MDU-nun tarix fakültəsində təhsilini davam etdirdi. Sonra o, düz 20 il A.S.Puşkin adına muzeydə işlədi. Burada Yelena sənətşünaslıq üzrə namizədlik dissertasiyasını müdafiə edir. 2001-ci ildə muzeyin baş direktoru vəzifəsinə qədər yüksəlir.





Qalina Qaqarina isə Moskva Plexanov adına Xalq Təsərrüfatı institutunda oxuyur, yeri gəlmişkən, hər iki bacı məktəbi qızıl medalla bitirir. Qalina da bacısı kimi iqtisadiyyat sahəsində namizədlik dissertasiyası müdafiə edərək, doktorluq dərəcəsi alır. Qaqarinin hər iki qızı ailəlidir, uşaqları var. Lakin hər ikisi ataları Yuri Qaqarinin soyadını daşıyırlar. Yelenanın bir qızı var, o anasının yolu ilə gedərək, Kremldə sənətşünas vəzifəsində çalışır. Qalinanın isə bir oğlu böyüyür, MDU məzunudur. Onu atasının şərəfinə Yuri adlandırıblar.


Analitik.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.