Kreml yenə İrəvana “İsgəndər” verir: Bakının cavabı - Analiz

4-04-2018, 09:19           

Bu, açıq şəkildə göstərir ki, Minsk Qrupunun həmsədri olan Rusiya bölgədə sülh istəmir.

Bunu Axar.az-a Moskvanın Ermənistana üçüncü müdafiə krediti ayırması ilə bağlı danışan sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq bildirib ki, Moskva status-kvonu dəyişmək istəsəydi, Ermənistana kredit adı altında yeni silahlar göndərməzdi:

“Ermənilər Azərbaycanın Ukrayna, Belarus və İsraildən silah almasını əsas gətirərək guya Bakının rus silahlarına etibar etmədiyini göstərməyə çalışır və həmin silahların etibarlılığını da Azərbaycan üzərində sınaqdan keçirəcəklərini bildirirlər. Bu, sözün əsl mənasında sinizm, həyasızlığın son həddidir. Ermənilər yaranmış vəziyyətdən həm də istehza vasitəsi kimi istifadə edirlər. Sözsüz ki, burada təəccüblü olan Rusiyanın mövqeyidir. Düzdür, Rusiya Azərbaycana da silah satır, ancaq pulsuz vermir. Artıq neçənci dəfədir ki, Rusiya Ermənistana kredit adı altında pulsuz silahlar göndərir. Bu “kreditlər” sözsüz ki, Moskvaya geri qayıtmayacaq. Ancaq Rusiya ermənilərin harayına diqqət göstərir və bu daha müasir silahların, məsələn, İsgəndər-M-lərin yeni diviziyonunun alınmasına sərf edilə bilər. Ermənilər açıq surətdə bildirirlər ki, o silahları Azərbaycanla sərhəddə yerləşdirəcək və Azərbaycanın strateji əhəmiyyətli obyektlərinə qarşı çevirəcəklər. Əlbəttə ki, bütün bunlar qarşı tərəfdə ruh düşkünlüyü yaratmaq üçün söylənilən cəfəngiyyatlardır. Çünki Azərbaycan təkcə Ukrayna və Belarusdan deyil, Türkiyə və İsraildən də İsgəndər-M-ləri neytrallaşdıra biləcək raketlər alıb. Azərbaycanın raketdən müdafiə sistemləri olduqca etibarlıdır və döyüş zamanı öz effektliyini sübut edib. Ona görə də Ermənistanın Rusiyadan dilənərək yeni silahlar alması gözlənilməz bir şey deyil. Rusiyanın Ermənistanı himayə etdiyini yaxşı bilirik”.

Politoloq bildirib ki, Bakı öz yolu ilə gedir və daha müasir silah mənbələri əldə etmək ərəfəsindədir:

“Buraya birgə silah istehsalı və yeni silahların alınması daxildir. Azərbaycan artıq Avropa ölkələrindən silahlar almaq niyyətini bəyan edib və bu istiqamətdə işlər aparılır. Azərbaycan öz ordusunun təchizatını yüksək surətdə davam etdirəcək. O da bəllidir ki, Azərbaycanın hərbi büdcəsi Ermənistanın bütöv büdcəsindən çoxdur. Belə bir şəraitdə Azərbaycan öz ərazi bütövlüyünü təmin etmək üçün ona lazım olan istənilən silahı alacaq. Rusiya dönə-dönə regionda sülh metodlarına müraciət etməyə və danışıqlar prosesinə qayıtmağa dəvət edir. Ancaq Ermənistan silah kvotasını aşırsa, belə bir şəraitdə sülh danışıqları xeyli çətin olacaq”.

Qeyd edək ki, Moskvanın Ermənistana üçüncü və faizsiz müdafiə krediti ayırmağa hazırlaşdığı barədə erməni mediası məlumat yayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.