Daha bir ölkə Rusiya və İrana qarşı sanksiyalar siyahısını artırıb
10-12-2022, 18:43

Avstraliya hökuməti Rusiya Federasiyasının 7 vətəndaşına, eləcə də insan hüquqlarının pozulmasında əli olduğunu düşündüyü İrandan olan şəxslərə və təşkilatlara qarşı sanksiya tətbiq etmək qərarına gəlib.
Bizimyol.info xəbər verir ki, bununla bağlı şənbə günü Avstraliya Xarici İşlər Nazirliyinin saytında bəyanat dərc olunub.
Bildirilir ki, bir neçə İran vətəndaşı və təşkilatı Rusiya Federasiyasına pilotsuz təyyarələrin çatdırılması iddiaları ilə əlaqədar sanksiyalara məruz qalıb. Qeyd edək ki, nə qədər sübutlar göstərilsə də, bu məsələ Moskva və Tehran tərəfindən dəfələrlə rədd edilib.
“Avstraliya hökuməti milli qanuna - Maqnitskiyə əsasən insan hüquqlarının pozulmasında iştirak edən 13 şəxs və iki quruma qarşı sanksiyalar tətbiq edir. Onların arasında İranın vitse-polisləri, İranın Bəsic milisləri və Məhsa Əmininin ölümündən sonra etirazların amansızcasına yatırılmasında iştirak edən altı İran vətəndaşı var”, - deyə bu barədə Avstraliyanın xarici işlər naziri Penni Vonq açıqlama verib.
Nazir qeyd edib ki, 20 avqust 2020-ci ildə Tomsk-Moskva təyyarəsində xəstələndikdən sonra Omskda xəstəxanaya yerləşdirilən Aleksey Navalnıya qarşı sui-qəsd cəhdində əli olan yeddi Rusiya vətəndaşına da məhdudiyyətlər qoyulacaq. Rusiya tərəfi daha əvvəl onun Almaniyaya aparıldığı və burada "Charite" klinikasına yerləşdirilməzdən əvvəl bədənində zəhərli maddələrin aşkar edilməməsinə diqqət çəkmişdi.
Vonq həmçinin qeyd edib ki, üç İran vətəndaşı və bir müəssisəyə qarşı əlavə iqtisadi sanksiyalar tətbiq olunacaq. Kanberraya görə, bu, Rusiyaya İranın pilotsuz təyyarələrinin tədarükü ilə əlaqəlidir.
Bu günə qədər Ukrayna ətrafında baş verən hadisələrlə əlaqədar Avstraliya 850 Rusiya və Belarus vətəndaşına, o cümlədən iki ölkənin prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenkoya, habelə Rusiyanın ən iri müəssisə, təşkilatlarına qarşı sanksiyalar tətbiq edib. Bundan əlavə, silah və komponentlərin, neft, qaz hasilatı üçün xammal, avadanlıqların ixracı, Rusiyadan enerji, silah, sursat idxalı qadağandır. Avstraliya həmçinin korrupsiya ilə bağlı cinayətlərdə şübhəli bilinən Rusiya vətəndaşlarına, eləcə də, vəkil Sergey Maqnitskinin ölümündə əli olanlara qarşı muxtar sanksiyalar paketi tətbiq edib.