Vəziyyət gərginləşsə Rusiya Ermənistana “İsgəndər-M” göndərəcək, - İran hava sahəsini açacaq...
16-06-2016, 14:18
Southfront.org ingilis dilli analitik saytı Ermənistanın mümkün NATO-Rusiya qarşıdurmasındakı roluna dair hərbi analiz təqdim edib.
Virtualaz.org xəbər verir ki, analizdə 102-ci Rusiya bazasının NATO ilə qarşıdurmada mühüm rola malik olacağı göstərilir.
Sayt yazır ki, Türkiyə ilə münasibətlər gərginləşəndən sonra 102-ci bazanın Rusiya üçün rolu və əhəmiyyəti daha da artdı. Hazırda Ermənistan NATO ilə Rusiya arasında Belarus kimi bufer dövlət rolunu oynayır.
Ermənistanda Rusiya qoşunlarının yerləşməsi Qarabağ münaqişəsi baxımından da Moskvaya gərəkdir. 102-ci bazanın tərkibinə 72 əsas döyüş tankı, 200 digər zirehli maşın, artilleriya sistemləri, o cümlədən “Smerç” reaktiv yaylım atəşi sistemləri daxildir. Bazanın qüvvələrini 988-ci zenit-raket polku və “Erebuni” aerodromunda yerləşdirilmş MiG-29 qırıcıları, müxtəlif döyüş vertolyotları tamamlayır.
Əgər vəziyyət gərginləşsə 102-ci hərbi baza yaxşı hazırlıq görmüş “xarici qırıcılara” qarşı aşağı intensivikli döyüş əməliyyatları aparacaq, Ermənistana qarşı irimiqyaslı müdaxilə halında isə əlavə qüvvələrin köməyə gəlişinə qədər bu ölkənin sərhədlərini düşmənin mühüm obyektlərini “İsgəndər-M” raketləri ilə vuraraq müdafiə edə biləcək.
Sayt qeyd edir ki, Ermənistanın Rusiya ilə birbaşa sərhədi yoxdur. Ancaq vəziyyət gərginləşsə İran hava məkanını Rusiya qüvvələrinə aça bilər. Hazırda Rusiya Ermənistandakı qoşun qruplaşmasını gücləndirməsi əsas vəzifə kimi müəyyən edib. Bundan sonra nə baş verəcəyi Qərbdən asılıdır. Əgər NATO Rusiya ilə qarşıdurma yolunu seçərsə Ermənistandakı Rusiya qoşunları strateji hesabları xeyli mürəkkəbləşdirə bilər.