Ukraynaya nasaz S-300 raketləri veriləcək
27-09-2023, 10:07

Bolqarıstan Xalq Məclisinin Müdafiə Komissiyası nasaz S-300 zenit-raket komplekslərinin Ukraynaya təhvil verilməsini təsdiqləyib.
Modern.az xəbər verir ki, bu barədə parlamentin saytında məlumat yerləşdirilib.
Bildirilir ki, Kiyev Sofiyadan fərqli olaraq raketləri yararlı vəziyyətə gətirmək üçün lazımi resurslara malikdir.
“Ölkəmiz bu sursatları müstəqil şəkildə təmir etmək üçün lazımi imkanlara malik deyil. Onların ordumuz tərəfindən istifadəsi Bolqarıstan hərbçilərinin həyatı üçün ciddi təhlükə yaradardı. Bolqarıstandan fərqli olaraq, Ukrayna bu cür qüsurlu sursatları qəbul edib Ukrayna ordusunda xidmətə vermək imkanına malik olduğunu bəyan edib”, - qərarda deyilir.
Hərbi yardım paketinə həmçinin ölkənin Daxili İşlər Nazirliyinin ehtiyatlarından olan 5,56 kalibrli sursat da daxildir.
Müdafiə Komitəsi 6 deputatın təqdim etdiyi qərarı səs çoxluğu ilə (11 əleyhinə 4) dəstəkləyib.
Ukraynaya S-300-lərin verilməsi ilə bağlı qərar layihəsi Xalq Məclisinin ümumi iclasında qəbul ediləcək.