Rusiyaya qarşı sanksiyalar: onlar haqqında nəyi bilmək lazımdır?
1-02-2022, 13:00

"Partnyorlarımız deyirlər ki, sabah Rusiya tərəfdən eskalasiya olarsa, müharibə başlaya bilər, sonra isə güclü sanksiyalar tətbiq olunacaq. Sanksiyalar siyasətindən və eskalasiya ehtimalından danışırıqsa, o zaman sual yaranır ki, siz niyə sanksiyaları indi tətbiq etmirsiniz, niyə eskalasiyanı gözləyirsiniz?" - Prezident Zelenski The Washington Post nəşrinə müsahibəsində deyib.
Kiyev uzun müddətdir ki, ardıcıl olaraq Qərbdən Rusiyaya qarşı, nə qədər ki, bu ölkə Ukraynaya müdaxilə etməyib, qabaqlayıcı iqtisadi və siyasi sanksiyaların tətbiqini istəyib.
Lakin Kiyev bu çağırışlara heç bir müsbət cavab almayıb, izahı da belədir ki, sanksiyaların hazırlanmasının özü belə artıq Rusiyanın cilovlanması elementidir.
Rusiyanın Ukraynaya müdaxiləsi reallaşarsa, Qərb hansı addımları ata bilər?
İndi Rusiyaya qarşı sanksiyalarla bağlı ən qətiyyətli mövqe ABŞ tərəfindən sərgilənir.
ABŞ Prezidenti Jo Biden Rusiya Ukraynanı işğal edəcəyi təqdirdə, Rusiya prezidentinə qarşı fərdi sanksiyaların belə tətbiq oluna biləcəyini istisna etməyib.
Jurnalistin konkret olaraq Putinə qarşı, "əgər o, işğala başlamaq qərarına gələrsə, sanksiyalar tətbiq etməyi düşünürmü?" birbaşa sualına Prezident Biden deyib ki, "belə imkanı nəzərdən keçirəcək".
Bundan əlavə, prezident Bayden qeyd edir ki, bu dəfə sanksiyalar Qərbin Krımın ilhaqından və Donbasda münaqişənin başlamasından sonra tətbiq etdiyi sanksiyalardan xeyli fərqlənəcək. O iddia edir ki, söhbət Rusiya üçün "görünməmiş sanksiyalardan" və "fəlakətli nəticələrdən" gedir.
"Mən Putinə izah etdim ki, o, Ukraynanı işğal etsə, ciddi nəticələrlə, o cümlədən sərt iqtisadi sanksiyalarla üzləşməli olacaq. O, bu addımı atacağı təqdirdə tətbiq edəcəyim, söz verdiyim sanksiyalarla heç vaxt üzləşməyib. Onlar müdaxilə edəcəklərsə, bunun əvəzini ödəyəcəklər. Onların bankları dollarla işləyə bilməyəcək... Bu, Rusiya üçün fəlakət olacaq," - Prezident Bayden son həftələrdə bildirib.
2014-cü ildə sanksiyaların tətbiqindən sonra Rusiya iqtisadiyyatının bu sanksiyalardan ciddi şəkildə təsirlənmədiyini iddia edirdi. Lakin statistika bunun əksini göstərib: Rusiya iqtisadiyyatı ciddi şəkildə tormozlanır və Qərb kapitalı, avadanlığı və texnologiyasından çox asılıdır.
2021-ci ilin ikinci yarısında dünya enerji qiymətləri rekord həddə yüksəlməyə başladı, neft və qaz ixracından asılı olan Rusiya büdcəsi böyük əlavə vəsaitlər əldə etdi.
Rusiya Dövlət Statistika Komitəsinin məlumatına görə, 2020-ci ilin dekabrından 2021-ci ilin noyabrına qədər Rusiya 200 milyard dollardan çox dəyərində olan minerallar, əsasən də yanacaq ixrac edib. Bu, Rusiyanın bütün ixracının 43 faizdən çoxunu təşkil edir.
Lakin Qərbdə hesab edirlər ki, yeni sanksiyaların təsiri əvvəlkilərindən fərqli olacaq. Hətta sanksiya tətbiqi barədə söhbətlərin özü belə artıq müəyyən təsir effektinə malikdir.
"Rusiya bazarlarındakı vəziyyət, borclanmanın dəyəri, Rusiya valyutasının məzənnəsi və defolt riski ABŞ-ın Rusiya iqtisadiyyatına qarşı tətbiq edə biləcəyi sanksiyaların iqtisadi təsirinin ciddiliyini əks etdirir," - Ukraynanın ABŞ-dakı səfirliyinə ötürülən Prezident Biden-in çıxışının xülasəsində deyilir.
Rusiya üçün ən son texnologiyalara çıxışa malik olmasının nə qədər vacib olduğunu "Şimal axını-2" layihəsi çərçivəsində tikinti işləri zamanı podratçı şirkətlərə qarşı sanksiyaların tətbiqi əhvalatı da göstərdi, çünki layihə üçün mürəkkəb texnoloji həlləri məhz onlar təmin ediblər.
Britaniyada da "tez və qətiyyətlə" hərəkətə keçməyə söz verirlər. Baş nazir Boris Johnson Rusiya hökumət rəsmiləri və iqtisadiyyatına qarşı sanksiyalar tətbiq edəcəyinə söz verib.
Bundan əvvəl Britaniya Ukraynaya xəbərdarlıq edib ki, Kreml geniş miqyaslı işğal əvəzinə Ukraynada marionet rejimi qurmaq və Kiyevə sürətli və güclü zərbə endirmək variantı üzərində düşünə bilər.
Aİ nəyə hazırlıq görür
Rusiya üçün Avropa İttifaqı (Aİ) ən irir ticarət partnyorudur. Ayrı-ayrı ölkələrə gəldikdə isə, Rusiya ixracında da, idxalında da birinci yeri tutan Çindən sonra Rusiya ixracının həcminə görə növbəti yerləri Niderland və Almaniya tutur.
İlk iyirmilikdə eləcə də İtaliya, Fransa, Finlandiya və Polşa da var.
Odur ki, Aİ üzvləri arasında Avropa İttifaqının hansı sanksiyalar tətbiq edə biləcəyinə dair hələ ki, aydınlıq və ittifaq üzvləri arasında yekdillik də hələlik yoxdur.
Digər tərəfdən, informasiyanın məhdudluğu onunla izah olunur ki, konkret addımların vaxtından əvvəl açıqlanması onların effektivliyinə xələl gətirə bilər.
Ötən həftə Avropa Komissiyasından bildiriblər ki, Ukraynaya hücum edəcəyi təqdirdə Rusiyaya qarşı tətbiq olunacaq sanksiyalar paketi üzərində iş "çox yaxşı gedir".
Avropa diplomatiyasının rəhbəri Josep Borrell sanksiyaların təfərrüatlarına varmayaraq qeyd edib ki, onlar "lazımi anda" tətbiq olunacaq, informasiya çatışmazlığı isə Rusiyanın "cilovlanması siyasətinin bir hissəsidir".
"İstənilən yeni sanksiya paketi Ukraynaya mümkün müdaxilənin planlaşdırılmasında əli olan Rusiya zabit korpusunu, eləcə də Rusiya prezidentinin yaxın ətrafı və onun orbitində olan oliqarxları ailələri ilə birlikdə əhatə etməlidir,"- Brüsseldə qeyd edirlər.
"Sanksiyalar, həmçinin Aİ-dəki maliyyə və fiziki aktivlərin dondurulmasını, səfərlərə qadağa qoyulmasını, Rusiyanın SWIFT ödəniş sistemindən xaric edilməsini, iqtisadiyyatın vacib sektorlarını, həmçinin ölkənin kəşfiyyat xidmətlərinin maliyyələşdirilməsinin kəsilməsini əhatə etməlidir," - məlumatda deyilir.
Məlumdur ki, Avropa sanksiyalar paketi aşağıdakı iqtisadi tədbirləri nəzərdə tutacaq:
valyuta konvertasiyasının məhdudlaşdırılması;
ixrac nəzarətinin gücləndirilməsi, ixrac və idxalın məhdudlaşdırılması və qadağan olunması;
mühüm texnologiyaların əldə edilməsinə məhdudiyyət.
Avropa ölkələri arasında iki məsələyə dair yekdillik yoxdur: Rusiyanın beynəlxalq SWIFT ödəniş sistemindən xaric edilməsində və enerji sahəsində məhdudiyyətlərdə.
Reuters və ya Bloomberg kimi agentliklərin mənbələrinə görə, ayrı-ayrı bank və şirkətlər öz hökümətlərindən xahiş edirlər ki, Rusiyaya qarşı ciddi sanksiyalar tətbiq ediləcəyi halda onlar üçün istisna edilsin.
Avropa ölkələri razılığa gəliblər ki, bu və ya digər şəkildə sanksiyalar Rusiyaya qarşı, onun qoşunları Ukrayna sərhədini keçərsə, tətbiq olunacaq.
Baltikyanı dövlətlərin isə hətta kiberhücum və kritik infrastruktur obyektinə hücumu da sanksiya tətbiqinə yol açan hadisə saymaq təklifi isə Aİ üzvlərinin əksəriyyəti tərəfindən dəstəklənməyib.
Niyə hamı SWIFT barədə danışır?
SWIFT - qlobal ödəniş sistemidir.
Əlbəttə, bu, dünyada yeganə ödəniş sistemi deyil, lakin başqalarına nibətən ən populyar ödəniş sistemidir.
Bu ödəniş sisteminin mənzil-qərargahı Brüsseldə yerləşir və sistemin özü Belçika qanunvericiliyinə uyğun olaraq fəaliyyət göstərir.
2021-ci ilin sonuna olan statistikaya görə, SWIFT sistemi gündəlik olaraq təxminən 30 milyon ödəniş mesajını emal edib. Bu sistemdən yalnız müəssisə və banklar deyil, həm də fiziki şəxslər istifadə edə bilirlər.
Bu sistemdən Rusiyanın kənarlaşdırılmasının onun iqtisadiyyatı və əhalisi üçün, Moskvanın iddia etdiyi kimi, təsirsiz keçəcəyini təsəvvür etmək çətindir. Rusiyanın keçmiş maliyyə naziri Aleksey Kudrin 2014-cü ildə deyib ki, ölkənin SWIFT-dən xaric edilməsi Rusiya iqtisadiyyatına illik həcminin 5 faizi dərəcəsində zərər vuracaq.
Rublun sürətli devalvasiyası və Rusiya aktivlərinin dəyərdən düşməsinin qarşısını da çətin ki, almaq mümkün olsun. Rusiya Forbes nəşrinin hesablamalarına görə, 20 dekabr 2021-ci ildən 25 yanvar 2022-ci ilə qədərki müddətdə 104 rusiyalı milyarderin ümumi sərvəti Rusiyanın Ukraynaya mümkün müdaxiləsi barədə məlumatlar səbəbindən 27,9 milyard dollar azalıb.
Nəşrin təxminlərinə görə, bir ay ərzində Forbes siyahısındakı 104 rusiyalı milyarderdən 76 nəfəri zərərə düşüb. Həmin siyahıdan olan 10 nəfərinsə itkisi bir milyard dolları üstələyib.
"Onlar nədir, gülürlər?"
2014-cü ildə Qərb ölkələri Rusiyanın SWIFT-dən çıxarılması imkanlarını ilk dəfə müzakirə edərkən, Rusiya özünün SPFS adlı daxili ödəniş sistemini yaratdı.
Rusiya ən böyük ticarət tərəfdaşı olan Çində yaradılmış CIPS adlı oxşar ödəniş sisteminə də qoşula bilər.
Bu sahədə alternativlərin olması rusiyalı analitiklərə deməyə əsas verir ki, Rusiya SWIFT-dən kəsildikdən sonra da belə, Rusiya vətəndaşları vəziyyətdən birtəhər çıxa biləcəklər.
Ancaq Qərb ölkələri və onların Rusiya ilə iş aparan şirkətləri bundan zərər görəcək.
Vyanada hərbi təhlükəsizlik üzrə danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri Konstantin Qavrilov bildirib ki, Rusiyanı SWIFT-dən kəsmək "de-fakto mümkün deyil".
"Nefti, qazı və digər sərvətləri olan Rusiyanı həmin sistemdən kəsmək mümkündürmü? Onlar nədi, gülürlər?" - Qavrilov deyib.
O, İranla bağlı oxşar cəhdləri və nəticəni də xatırladıb.
Bəzi Aİ ölkələri bu tədbirin effektivliyinə şübhə ilə yanaşırlar - o və ya bu ölkənin xarici ticarətində Rusiyanın çəkisi nə qədər böyükdürsə, bu səpkidə verilən bəyanatlar da bir o qədər ucadan səslənir.
Bu məsələdə liderlik edən Almaniyadır. Əksər Avropa ölkələri ilə müqayisədə Almaniyanın Rusiya ilə daha geniş və daha dərin iqtisadi əlaqələri mövcuddur.
Almaniyanın xarici işlər naziri Annalena Baerbock Rusiyanın SWIFT sistemindən çıxarılmasının zəruriliyinə şübhə ilə yanaşıb. Xanım Baerbock bildirib ki, belə bir qərar Rusiyanın Ukraynaya qarşı təcavüzünə ən güclü cavab ola bilər, lakin bu addımın ən təsirli olacağı şübhə doğurur.
Xristian Demokrat İttifaqının yeni lideri Friedrich Merz isə Rusiyanın SWIFT ödəniş sistemindən kəsilməsinə qarşı xəbərdarlıq edib.
O hesab edir ki, Rusiyanı SWIFT-dən ayırmaq təkcə bu ölkəyə deyil, həm də Avropanın özünə çox ağır zərbə vuracaq.
"Problemlərlə üzləşəcəyik"
Lakin Rusiya ilə ənənəvi əlaqələrə malik olan digər Avropa ölkəsi Avstriyanın xarici işlər naziri Alexander Schallenberg, əksinə, Rusiyanın SWIFT-dən kəsiləcəyini istisna etməyib. Ancaq o, başqa bir məsələ barədə xəbərdarlıq edib. Avstriya sanksiyaların qaz sektoruna aid olmamasının tərəfdarıdır.
Die Presse am Sonntag-a verdiyi müsahibədə Schallenberg Avstriyanın indi bərpa olunan enerjidən daha çox istifadə etdiyini, lakin "nüvə enerjisindən imtinaya" görə hələ də qazdan asılı olduğuna diqqəti çəkib.
"Əgər biz nüvə enerjisini, kömürü və daha sonra qazı tənlikdən çıxarsaq, problemlərlə üzləşəcəyik," - nazir bildirib.
Schallenberg-in sözlərinə görə, Rusiyanı "Şimal axını-2" qaz kəmərini bağlamaqla hədələmək də mənasızdır, çünki həmin kəmər hələ işə düşməyib.
Avstriya rəsmisi həmçinin qeyd edib ki, təkcə ölkəsi deyil, bütövlükdə Avropa Rusiya enerji daşıyıcılarından asılıdır və "istilik və elektrik enerjisinin olmağını istəyiriksə, bunu bir gecədə dəyişə bilmərik".
Bu tədbirlər kimlər üçüneffektivdir?
Avropa İttifaqı Rusiyanın ən mühüm ticarət tərəfdaşı olaraq qalır və vəziyyətin tez dəyişməsi ehtimalı yoxdur.
Bəli, Rusiya Avropa və ABŞ-dan avadanlıq, kimyəvi maddələr, texnologiyalar və hətta məhsulların idxalından asılıdır.
Ancaq Avropa da neft və qazın üçdə birindən çoxunu Rusiyadan alır. Və əgər Rusiya Qərbin sanksiyalarına cavab olaraq, xüsusən də qışın sonuna doğru qaz təchizatını dayandırarsa, Avropa hökumətlərinin öz vətəndaşlarına evlərində işıq və istiliyin nə səbəbdən kəsildiyini izah etməsi çətin olacaq.
Təsadüfi deyil ki, artıq Avropa ölkələri Rusiyadan qaz təchizatı kəsilərsə və fövqəladə vəziyyət yaranarsa, görəcəkləri birgə səylər barədə müzakirələrə başlayıblar.
Bu razılaşmaların əsas prinsipi həmrəylikdir - kifayət qədər qazı olan ölkələr problemlərlə üzləşəcək digər ölkələrə kömək etməlidir. Bununla belə, bəzi ölkələr qaz təchizatında fasilələrin yarana biləcəyi vəziyyətı uyğun öz planlarını artıq hazırlayır.
Məsələn, Hollandiyada hökumət yanacaq çatışmazlığı səbəbindən fəaliyyətinin dayandırılması kritik sosial-iqtisadi fəsadlara gətirib çıxarmayacaq müəssisələrin və eləcə də təchizatının kəsilməsinin yolverilməz olan obyektlərin siyahısını tərtib edib.
ABŞ da müttəfiqlərinə kömək edəcəyini vəd edir. Birləşmiş Ştatlar Rusiya öz enerji daşıyıcılarının təchizatını kəsəcəyi təqdirdə Avropaya dəstək vermək üçün "Şimali Afrika və Yaxın Şərqdən Asiya və ABŞ-dək" iri enerji istehsalçıları olan ölkələr və şirkətlərlə danışıqlar aparmaq vəzifəsini öz üzərinə götürüb.