Azərbaycandan yan keçib qonşu ölkələrə axan milyonlar

1-02-2022, 17:18           
Azərbaycandan yan keçib qonşu ölkələrə axan milyonlar
Türkiyə 2020-ci illə müqayisədə 2021-ci ildə 88,08% artımla 30 milyon 38 min 961 ziyarətçiyə (turistə) ev sahibliyi edib.

Türkiyənin 2021-ci ildə turizm gəliri isə 103,02% artaraq cəmi 24 milyard 482 milyon 332 min dollara çatıb. Türkiyəyə gələn xarici turist sayı 2020-ci illə müqayisədə 94,06% artıb.

Ötən ilin yanvar-dekabr dövründə Türkiyəyə ən çox turist göndərən ölkələr Rusiya Federasiyası (4 milyon 694 min 422 nəfər, 120,52 faiz artıb), Almaniya (3 milyon 85 min 215 nəfər, 175,73 faiz artıb), Ukrayna (2 milyon 60 min nəfər, 49% artıb), Bolqarıstan və İran olub.

Qeyd edək ki, 2021-ci ildə Azərbaycana dünyanın 167 ölkəsindən 791,8 min və ya 2020-ci illə müqayisədə 0,5 faiz az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Ölkəmizə gələnlərin 32,6 faizi Rusiya, 25 faizi Türkiyə, 15,8 faizi İran, 7,9 faizi Gürcüstan və digər ölkələrin payına düşür.

Digər bir qonşu ölkəyə nəzər salsaq, məsələn, Gürcüstana 2018-ci ildə 7,2 milyon, 2019-cu ildə 9,3 milyon turist səfər edib ki, 2021-ci ildə bu rəqəm 1 milyon nəfərdən artıq olub. Azərbaycanda isə ən yüksək rəqəm, 3 milyon nəfər turist olmaqla 2019-cu ildə qeydə alınıb.

Azərbaycana gələn turist səfərlərinin sayının azlığı isə əsasən pandemiya şəraiti ilə əlaqələndirilir. Maraq doğuran odur ki, pandemiya turizmin qarşısında dayanan səddirsə, niyə bu “pandemiya səddi” qonşu ölkələrdə deyil, ancaq Azərbaycanın qarşısında çəkilib?

Teref.az yazır ki, iqtisadçı-ekspert Rəşad Həsənov Cebhe.info-ya bildirdi ki, 2019-cu ildə Azərbaycana 3 milyondan artıq turist gəlib və onlardan 2,9 milyon nəfəri turizm məqsədilə səfər etmişdi:

“İndiki şərtlər daxilində azalmanın səbəbi pandemiyadır. Türkiyə turizm baxımından regionda ən güclü rəqib bazarlardan hesab edilir. Ona görə də Azərbaycan Türkiyə ilə müqayisədə qəbul edilən turist sayına görə geridə qalır. Bu birmənalı şəkildə belədir və Azərbaycanın bir çox səbəblərlə bağlı Türkiyənin turizm sektoru ilə rəqabət aparmaq imkanları məhduddur.

Ancaq burada ikinci bir faktor var ki, Türkiyə turizmlə bağlı daha liberal siyasət həyata keçirmək məcburiyyətində olan ölkələrdəndir. Çünki Türkiyə iqtisadiyyatında turizm həlledici sektorlardandır. Həmin ölkənin tədiyyə balansında turizm gəlirinin xüsusi çəkisi əhəmiyyət daşıyır. Türkiyə milli valyutasının məzənnəsinin formalaşmasında turizm gəlirləri çox vacibdir. Ona görə də Türkiyə 2021-ci ildə bütün qapıları açdı. Yəni çox rahat şəkildə başqa ölkələrdən turistləri qəbul etməyə başladı. Hətta bu bir avantaja çevrildi. Çünki bir çox ölkələr bağlı idi. Ancaq Türkiyə bu qapıları açdısa, dünyanın digər istiqamətlərində istirahət həvəsi olanları da cəlb edə bildi.

Burada Türkiyənin başqa seçimi yox idi, nəyin bahasına olursa olsun ən ağır əvəz ödəmək qarşılığında, daha yumşaq sərhədkeçmə, nəqliyyat siyasəti həyata keçirməklə turizmi müəyyən qədər canlı tutmalı idi”.
Ekspert deyir ki, Azərbaycanda neft digər sahələrin inkişafını, bu sahələrə marağı arxa plana keçirib:

“Bu birmənalı şəkildə belədir ki, turizm sektoru da buraya daxildir. Turizmin daha aktual olduğu dövr 2015-ci ildən sonrakı dövrdür. Bu dövr ərzində də müəyyən addımlar atıldı. Ancaq turizm sahəsinin inkişaf etdirilməsi üçün kompleks yanaşma ortaya qoyulmurdu.

Yəni Mərkəzi Bankın həyata keçirdiyi məzənnə siyasəti ölkənin turizm rəqabətliliyini zəiflədirsə, artıq digər görülən işlər effekt vermir. Yaxud Azərbaycan hava nəqliyyatı tamamilə müstəqil bir institut kimi öz-özlüyündə qeyri-rəqabətli sərnişindaşıma siyasəti həyata keçirirsə, bu artıq bizim turizm sektorunun digər istiqamətlərdə görülən addımların əhəmiyyətini azaldır. Azərbaycanda bu istiqamətdə vahid strateji baxışın formalaşması meyilliliyi son bir neçə ildə yaranmaqdadır.

Qeyri-neft sektorunu, o cümlədən turizmi hökumət o qədər də vacib seqmentlərdən biri hesab eləmirdi. Ancaq indi yavaş-yavaş qavramağa başlayıb. Çünki aydın məsələdir ki, ölkəyə xidmət sektorundan gələn hər 100 dolların 6-7 dolları turizmdən gəlir. Eyni zamanda dövr dəyişir. Azərbaycanlıların da xarici ölkələrə səyahətləri artır. Bu səyahətlər qarşısında daxili bazarda valyuta tələbi yaranır. Təbii ki, bu tələbi hansısa formada alternativ gəlirlərlə kompensasiya etmək lazımdır. Bunun biri də daxili turizmin inkişaf etdirilməsidir.

Bu, Azərbaycanda olan qeyri-neft sektoruna, o cümlədən turizmdə “resurs lənəti” effektidir ki, bu günə qədər həmin sahələr hökumətin prioritet islahat inkişaf istiqamətlərindən olmadı. Hökumət burada maraqlı deyil, çünki neftdən öz gəlirlərini formalaşdırır. Bütün bunların ağır nəticələrini turizm və digər sektorlar yaşayır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru