Azərbaycanın neft ehtiyatları bizə neçə il bəs edəcək - MÜHÜM SUAL

1-02-2022, 18:55           
Azərbaycanın neft ehtiyatları bizə neçə il bəs edəcək - MÜHÜM SUAL
Dünyada neft ehtiyatlarının qiymətləndirilməsi birrəngli deyil. OPEK-lə BP-nin göstəricilərində fərq var. Amma bu fərq daha çox Kanadanın neft ehtiyatları ilə bağlı aşkar nəzərə çarpır. Azərbaycanla bağlı belə fikir ayrılığı yoxdur. Teref.az bizimyol.info-ya istinadla xəbər verir ki, həm OPEK-in, həm də BP-nin qiymətləndirməsinə görə, Azərbaycanın neft ehtiyatları 1 milyard ton civarındadır. Yəni təxminən 7 milyard bareldən söhbət gedir. Azərbaycan bu göstəriciyə görə dünyada 19-cu yeri tutur. OPEK belə deyir. BP Azərbaycanı 20-ci pilləyə qoyur.

Kanada ilə bağlı niyə fikir ayrılığı yaranıb? Çünki Şimali Amerika ölkəsində son illər xeyli neft yataqları aşkar olunub. OPEK bu faktları təsdiqləməyə tələsmir. Amma prosesdə fəal iştirak edən BP Kanadanın ümumi neft ehtiyatının 172.2 milyard barelə çatdığını bildirir. ABŞ-ın Enerji İnformasiya Agentliyi də təxminən belə rəqəmlər çıxarıb. OPEK isə hesabatlarında çox kiçik rəqəmlər əks etdirir.

Sizə OPEK-in neft ehtiyatına görə ölkələrin ilk 20-liyinin siyasını təqdim edirik. Aydın məsələdir ki, milyard barellərdən danışılır. Kanadanı burada görməməyə təəccüblənməyin. Məsələnin nə yerdə olduğunu yuxarıda yazmışıq. Böyük ehtimalla, Kanada indi dördüncü yeri tutmalıdır.

Venesuela - 303.6

Səudiyyə Ərəbistanı - 261.6

İran - 208.6

İraq - 145

Küveyt - 101.5

BƏƏ - 97.8

Rusiya - 80

Liviya - 48.3

ABŞ - 44.5

Nigeriya - 36.9

Qazaxıstan - 30

Çin - 26

Qətər - 25.2

Braziliya - 12.7

Əlcəzair - 12.2

Ekvador - 8.3

Norveç - 7.9

Anqola - 7.2

Azərbaycan - 7

Meksika - 5.5

İndi gələk əsas suala: Azərbaycanın neft ehtiyatları bizə neçə il kifayət edəcək? Görək rəqəmlər nə deyir. 2021-ci ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda təxminən 31.6 milyon ton neft hasil edilib. Özü də bu, kondensatla birlikdə olan göstəricidir. Neft (kondensatla birlikdə) hasilatı 2020-ci ilin uyğun dövrü ilə müqayisədə təxminən 16.5 min ton az olub.

Hesabat dövründə 25.7 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun təxminən 24.5 milyon tonu konsorsiumun, 1.2 milyon tondan çoxu isə SOCAR-ın payına düşür. Neftin (kondensatla birlikdə) ixraca nəqli 2020-ci ilin uyğun dövrü ilə müqayisədə təxminən 334 min ton, yəni 1.3 faiz azalıb.

Azərbaycanda gündəlik neft hasilatı, adətən, 700 min barel civarında olur. Amma 2021-ci ilin 11 ayının göstəricisi yüksək deyil. Aşkar azalma var. Gündəlik orta istehsal 600 min bareli keçmir. İstehsaldan başqa, ixraca nəql də azalıb.

Bütün rəqəmləri nəzərə alsaq, Azərbaycanın indki neft ehtiyatlarının bizə 27-30 il bəs edəcəyini deyə bilərik. İlk baxışdan göstərici bədbinliyə əsas verməyə bilər. Amma Azərbaycan iqtisadiyyatının neft gəlirlərindən çox asılı olmasını xatırlayanda kədərlənməmək mümkün deyil. Deməli, əsrin ortalarında ölkə başına çarə qılmalıdır.

Bəs başqa ölkələrdə vəziyyət necədir? Əvvəlcə gündəlik istehsalla bağlı açıqlanan son rəqəmlərə nəzər salaq. İlk 10-luğa baxa bilərik.

ABŞ - 11 milyon 307 min

Rusiya - 9 milyon 866 min

Səudiyyə Ərəbistanı - 9 milyon 264 min

Kanada - 4 milyon 201 min

İraq - 4 milyon 102 min

Çin - 3 milyon 889 min

BƏƏ - 3 milyon 138 min

Braziliya - 2 milyon 940 min

İran - 2 milyon 666 min

Küveyt - 2 milyon 625 min

Azərbaycan yuxarıdakı cədvəldə 22-ci yerdə qərarlaşıb. Ümumilikdə 97 ölkənin neft istehsalı ilə məşğul olduğunu nəzərə alsaq, pis göstərici deyil. Amma perspektiv baxımından çox da nikbinliyə əsas yoxdur. Məsələn, Küveytin 22-ci əsrin ortalarına qədər nefti olacaq. Birləşmiş Ərəb Əmirlikləri də yeraltı sərvətini gələn yüzilliyə daşıya biləcək. İran, İraq, Rusiya, Səudiyyə Ərəbistanı bu məsələni özünə dərd etmir. Qazaxıstanın, Qətərin durumu da daha qənaətbəxşdir. Azərbaycan Anqola kimi iqtisadiyyatının gələcəyi ilə bağlı narahat olacaq ölkələrdəndir.

Ümumiyyətlə, təkcə neftə güvənməklə davam etmək olmaz. Ölkə iqtidadiyyatı yeraltı sərvətdən asılı qalmamalıdır. Ən azı neft pulları ölkənin gələcəyinə xidmət etməlidir. “Apple” və “Microsoft”un səhmlərini alan Norveç Neft Fondundan nümunə götürmək olar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru